28 Dekabr 2022 14:36
2 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova mərhum Xalq artisti Səfurə İbrahimovanı anıb.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə Səfurə İbrahimovanın videosunu paylaşaraq ürək dağlayan sözlər yazıb:

“Bu videonu 2020-ci il noyabrın 26-sı, yəni FHN-nin əməkdaşları qapını qırıb Səfurə xanımı yerdə 2-3 gün ombası qırıq vəziyyətdə tapdıqdan sonra çəkmişdik.

Səfurə xanımla mən 1983-cü ildə tanışmışdıq. Ana-bala kimiydik. Teatrda da bərabər işlədik. Mənə “mənim qızım, mənim balam, Melişkam “ dəyərdi.

Yıxılmamışdan 20 gün əvvəl uzun bir söhbətimiz olmuşdu. Çox yaxşıydı, sağlam idi, evində heç kim qalmırdı. Özü-özünə baxırdı, “heç kimə ehtiyacım yoxdu” deyirdi. Ona deyirdim ki, bir baxıcı tut, sənə kömək etsin. Qəti şəkildə rədd edirdi.

Sonuncu söhbətimizdə ona “Biletini alacam, səni İstanbulda ən yaxşı həkimlərə aparacam” dedim. Dedi, havalar düzəlsin, gələcəm. Qırıq ayağı ağrıyırdı. Onun xəstəxanaya yerləşdirmək, qırıq ombasını təcili gipsə salmaq lazım idi. Ona xüsusi qayğı gərək idi.

Xəstəxanaya aparılmadı! Qırıq ayağı qipsə salınmadı! Xüsusi qayğı göstərilmədi! Mənə deyilənə görə, onu yumağa aparanda bütün bədəni baxımsızlıqdan irin, qan içində imiş, bir dəri, bir sümük qalıbmış.

Yıxılandan sonra heç bir ay yaşamadı. Halbuki ən yaxşı xəstənaxalarda müalicə etmək, qırıq ayağını gipsə salmaq üçün maddi imkanı da var idi.

Hətta xəstəxanaya təcili yerləşdirilməsi üçün qardaşı qızına pul da verilmişdi. Eləmədi, o pulu da yedi. Səfurə xanım bağlı qapıların arxasında səssizcə ölümə tərk edildi.

Bağışla məni. Vicdan əzabı çəkirəm. Balan sənə sahib çıxa bilmədi. Sənin yıxıldığını eşidən zaman ora gəlməliydim. Amma “Narahat olmayın, mən burdayam, hara lazımdırsa, aparacam” dedi o. Məni saxladı. Kaş ki, gələydim. Mənə deyirdin, gəl, tez gəl. Görüşməyimizə bir həftə qalmışdı, yetişə bilmədim. Gəlsəydim, yaşayacaqdın. Çünki o, öz qanından da olsa onun yanında əminlikdə deyildin. Onu ancaq sənin bankda illərlə yığılan pulun, evin maraqlandırırdı.

Heç bir sənət adamımız Səfurə xanım kimi urvatsız bu dünyadan köçmədi. Sahibsiz idi... Deyiləcək çox söz var. İlahi, ədalətinə çox inanıram”.

Qeyd edək ki, Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.

1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrında Akademik teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. O, "Arşın mal alan", "Dərviş Parisi partladır", "Bizim Cəbiş müəllim", "Qaynana" və digər bədii filmlərdə rol alıb.

Səfurə İbrahimova 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı laureatını, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.

Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər