24 Mart 2023 15:54
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan və Lənkəran şəhərlərinə səfər edib. Paytaxt kuklaçıları salyanlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən “Müsyö Jordan və dərviş Məstəli şah”ı göstəriblər.

Bu barədə Teleqraf.com-a Teatrın mətbuat xidmətindən məlumat verilib.

Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Eyni gün Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində də olan kuklaçılar balacalara xoş anlar yaşadıblar. Əvvəlcə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirən heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdiriblər. Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim ediblər. Uşaq evinin rəhbərliyi mütəmadi onların qonağı olan teatr kollektivinə təşəkkür edib, onların hər gəlişinin uşaqlar üçün əsl bayram olduğunu vurğulayıb.

Qeyd edək ki, "Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər