25 May 2023 19:24
3 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Netflix Türkiyə” platformasında yayımlanan “Terzi” serialında mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası” maraqla qarşılandı.

Teleqraf.com xəbər verir ki, Şövkət Ələkbərovanın hüquqlarını qoruyan “Mikpro” Azərbaycan şirkəti isə ifanın serialda icazəsiz istifadə olunduğunu aşkarladı. Bununla bağlı hüquqi addımlar atan şirkət həmin musiqinin yayımlandığı tizeri və serialın birinci seriyasının “Netflix Türkiyə” Yutub kanalından silinməsinə nail oldu. Bu addıma ictimaiyyətin münasibəti heç də birmənalı olmadı.

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə məsələyə çox sərt münasibət bildirib.

“Onu qadağan edənlər ölüb gedəcəklər. Amma Şövkət Ələkbərovanın səsi qalacaq. Amandır, qoymayın, Azərbaycan musiqisi milyonlarla insan tərəfindən dinlənilib, sevilər... Əgər qadağan edilibsə, o zaman milyonların seyr edə biləcəyi bir film çəkib eyni musiqini istifadə etsinlər. Onu da bacarmırlar.

Nə olardı ki, yeni nəsillər bizim Şövkətimizi eşidib, sənətinin nə olduğunu anlamış olardılar?! Sağlığında onu SSRİ xarici ölkələrə qastrol səfərlərinə yollamadı. İndi də belə. Məgər hər şey puldur? Azərbaycan musiqisinin mədəni və mənəvi dəyərləri var. Özümüz tanıda bilmirik və bu demək deyil ki, başqalarına da mane olaq. Nəticə odur ki, tamaşaçı eşitsin, öyrənsin. Şövkət xanımın səsi ilə səslənirdisə, bu bəs idi. Ermənilərdən də ala bilmirik mədəni miraslarımızı..."

Xalq artisti Faiq Ağayev videonun silinməsini düzgün addım sayıb, sosial şəbəkədə fikirlərini belə ifadə edib:

“Onilliklərdir auditoriyalarına yüzlərcə əsərlərimizin müəlliflərini "anonim" kimi qeyd edib, geninə-boluna ciblərini doldururdular.

İndi də hüquqi həll təklif olunsa belə, saymamazlıqdan keçiblər. Öz dilləriylə desək "küçümsəyiblər" bizi.

Nə vaxta kimi mədəniyyətimizi özgələrə yem edəcəyik?”

Əməkdar artist, bəstəkar, “Müəllif Hüquqları uğrunda” İctimai Birliyinin sədri Gövhər Həsənzadə saytımıza açıqlamasında bildirib ki, müəlliflərin hüquqlarının qorunması şəxsi maraqların güdülməsi kimi anlaşılmamalıdır:

“Müəllif dediyimiz zaman burda xalqın, ölkənin, millətin mədəniyyətindən və onun təmsilçiliyindən söhbət gedir. “Bu Azərbaycan musiqisidir, qalsın, təbliğ olunsun” deməməliyik. Təbliğ olunan musiqinin ünvanı, müəllifi təqdim edilmirsə, onun təbliğatı lazım deyil. Mən bunu dəfələrlə demişəm. Biz Azərbaycan musiqisinin qərəzli olaraq başqa formatda – anonim, yaxud başqa bir xalqın musiqisi kimi təqdim olunmasının çox şahidi olmuşuq. Hər zaman bununla mübarizə aparırıq.

İnanın, bu bizim mədəniyyətə, dövlətə vurulan ən böyük ziyandır. Ona görə öz sərvətimizi qorumaq üçün hüquqlarımızı təbliğ etməliyik.

Digər tərəfdən istifadə olunan musiqinin həm də kommersiya tərəfi var. Hansısa şirkətlər, qurumlar Azərbaycan musiqisinə ehtiyac duyaraq müraciət etmək istəyirsə, bunu qanuni şəkildə rəsmiləşdirib, icazə almalıdırlar. Əks təqdirdə bu cinayətdir”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər