3 İyul 2023 19:26
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asmaq və asılmaq üçün

“Yuğ” Dövlət tetarında premyeradır!

Məşhur teatr nəzəriyyəçisi Stanislavski “Teatr asılqandan başlanır” demişdi. Dahilər belədir, bir cümlə yazarlar, yüz illər boyu hərə öz “qabı“nda nə varsa, ona münasib mənalandırıb çıxarar.

Məsələn, mənim üçün asılqan elə bir yerdir ki, məişət qayğılarını geyim, qabıq kimi çıxarıb orda qoymalı, sonra mənalar aləminə yüngüllüklə qədəm qoymalısan.

Rejissor Abdul Qəni üçün asılqan kəndardır. Düz baxsan, sual işarəsi... tərsinə çevirsən kəndir gözləyən qarmaqdır...

Xalq yazıçısı Anarın gənc yaşlarında yazıb təkrar nəşrlərdə belə çox vaxt xatırlamadığı yarım səhifəlik hekayə isə bir bəhanədir. “Məişət qabığından” azad olmaq, başqa aləmlərin kəndarından adlayaraq əbədi asılqan-suallar və asılqan qarmaqlardan qurtulmaq üçün...

Səhnədə cəmi iki nəfər var. Qadın və Kişi. Qadın Asılqanda işləyir. Geyimlərdən birinin qopmuş düyməsini deyinə-deyinə yerinə tikir. Kişi təcili çatdırılmada işləyir. Ünvanı tapa bilmədiyi üçün köməyə ehtiyacı var. Ola bilməzmi? Çox ola bilər...

Bəli, əslində həyatdakı “tamaşa”lar da adi süjetlər üzərində qurulur. Yalnız hadisəni işarə kimi qəbul edənlər, 40-cı qapıya doğru addım atanlar gerçəkdə, ya da ədəbiyyatda qəhrəmana çevrilir. “Asıqlan” tamaşasında əvvəl Kişi Qadını, sonra da əksinə, Qadın Kişini gizlincə müşahidə etdikdən - yəni məxfi seçim ayinindən sonra iki nəfərin OYUNU başlanır. Və Asılqan hərəkətə gəlir. Və bütün xəyali obrazlar bir eşq hekayəsini nəql etmək üçün canlanırlar...

Məzmunu sizə nəql etmək cahilliyindən uzağam. Sadəcə, bunu bilməniz lazımdır ki, Şairlə Leylanın aslılqanda əvvəl yanaşı asılan... axırda ayrı düşən geyimlərinin tamaşaçıya anlatmaq istədiyi, əsla və əsla nakam məhəbbət macərası deyil. Asılqanda işləyən qadınla, ünvanı səhv salmış kuryerin təxminləri üzərində qurulan süjet xətti gah dolğun üfüqi, gah da dərin şaquli istiqamətləri nişan verməklə, tamaşaçını konkret məkan və zaman sərhədlərindən o taya aparır... Və uzaq Şərqin əsrarəngiz nağıllarındakı tək nöqtəni - 3 nöqtəyə, “3 alma”ya əmanət edir...

Tamaşa həm oyunçuların, həm də seyrçinin riqqətə gəldiyi elə bir yerdə bitir ki...

Sonra...lap sonra Xəlil Cibran, Nazim Hikmət, Tomas Eliotun bir səhnəni necə paylaşdıqlarını xatırlamağa çalışırsan... Hər kəsin tanıdığı İlqar Kamilin esseləri, hər kəsdən pünhan qalan Bahar Zamanının şeirləri arasında orqanik bağlantı harada, necə quruldu? İki gənc sənətkar - Elşən Əsgərovla Ləman Mərrih onlarca fərqli obrazı necə yaratdılar, qabıqdan-qabığa, cilddən-cildə, haldan-hala o sürətlə keçid etməyi necə bacardılar?..

Suallar yanaşı düzülür. Eynən “Asılqan”dakı kimi...

***

Mən, Lalə. Uzun illər Azərbaycanda ən maraqlı mədəni hadisələri mətbuatda əks etdirən imza. Ustadım Vaqif İbrahimoğlu. Böyüdüyümüz, şəxsiyyət olaraq yetişdiyimiz, ailə qurduğumuz məkan - “Yuğ”. Girişində asılqanı belə olmayan... Vaqif İbrahimoğlunun yoxluğunda, illər boyu öz ünvünı olmayan, kirayə yaşayan, səhnəsiz, məşq otağına sığınmış bir teatrın tək bir tamaşası haqqında deyil də, gələcəyi, aqibəti haqqında düşünürəm. Siz də gəlin. Hökmən baxın. Və görün... Teatr bir sevdadır. “Mədəniyyətim var” deyə iddiası olan kiçik bir ölkə üçün çox böyük dəyərdir...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər