"Filmin belə solğun görüntüsünə görə sizdən üzr istəyirəm. Biz görüntünün maksimum yaxşı olması üçün çox əziyyət çəkmişik. Amma zalın texniki imkanları yaxşı olmadığına görə siz solğun görüntü ilə qarşılaşdınız".
Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, rejissor Elçin Musaoğlu müəllifi olduğu "Məryəm" filminin bu gün III "Korkut Ata" Türk dünyası Film Festivalı çərçivəsində baş tutan premyerasında deyib.
Filmin nümayişindən sonra səhnəyə çıxan rejissor ekran əsərində əməyi olan hər kəsə təşəkkür edib:
"Bu gün bir çox insana təşəkkür etmək istəyirəm. Vaxtilə "Avanti" layihəsində dəyərli bir insanla tanış olmuşdum. Kinoda adı olan bütün rejissorlar onun tələbələridir. Bu insan Martin Hagemandır. Bu gün bu zaldadır və mən ona çox təşəkkür edirəm. Çünki məhz "40 qapı"nın çəkilməsində onun böyük dəstəyi olub. Şair Ramiz Rövşənə təşəkkür edirəm, o filmin redaktorudur. "Məryəm"də əməyi olan bütün dostlarıma minnətdaram. Bir də icazənizlə Sevinc xanıma təşəkkür edirəm. Xanımım bütün çəkilişlərdə yanımda olub".
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Məryəm" tammetrajlı bədii filmində Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmdə eyni zamanda Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı oynayır.
Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir.
Ekran əsərinin süjet xətti Məryəm adlı qızın uzun illər sonra atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan etməyə başlayır.