Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı - kinoinfo.az fəaliyyətə başlayıb. Sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb.
Bu barədə Teleqraf.com-a Assosiasiyanın sədri Əli İsa Cabbarov məlumat verib.
O bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirib:
"Bu problem kino bazarının inkişafına mane olur, ümumi vəziyyət haqqında səhv təsəvvür yaradır. Saytın “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqda oxucuları məlumatlandıracaq.
Saytın əsas hədəflərindən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. İş adamlarımız bir qayda olaraq kino kimi potensial gəlirli sahədə baş verən proseslərdən xəbərsiz olur. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.
Azərbaycan kinosu ilə yanaşı, qonşu ölkələrin ən mühim kino xəbərləri də saytda yer alacaq. Məqsəd region kinosunda baş verən prosesləri kino ictimaiyyətinə çatdırmaqdır".
Sayt Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb.
“Kino Agentliyinin dəstəyi olmadan saytı yaratmaq çətin olardı. Minnətdarlıqla qeyd edim ki, saytın ideyasını Agentliyin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğluna deyən kimi dəstəklədi və biz fəaliyyətə başladıq”-, Əli İsa Cabbarov əlavə edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilatı dəstək göstərib. Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.