"Bu mövzu bizim kinoda o qədər vacib sayılmır. Hətta icraçı prodüserin adı filmin plakatlarında yazılmır və reklamında səsləndirilmir. Bunun bir neçə səbəbi var....Amma baxsınlar xarici filmlərin titrlərinə...Onların bu peşəyə önəm vermələrinə, reklamlarına...Hər bir peşədə yaradıcılıq var və film böyük bir heyətin məhsuludur".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar mədəniyyət işçisi, film direktoru, icraçı prodüser Nadir Əliyev sosial şəbəkədə yazıb.
O da sonra əlavə edib:
"Prodüserlər Gildiyasının təmsilçiləri vaxtı ikən yəqin özləri icraçı prodüser olublar və bu sahədə hansısa qaydalar təklif etməlidirlər".
Qeyd edək ki, Nadir Əliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktorluğu üzrə təhsil alıb. Xarici film istehsalçılarının “Qafqaz rəsmləri” (Almaniya), “Yaz ərəfəsi” (Polşa, Fransa) filmlərinin direktoru, “Dronqo” (Rusiya) serialının icraçı prodüseri, “Sovet dövrünün parkı” ( Yuli Qusman, Rusiya) filminin icraçı prodüseri kimi çalışıb. O həmçinin Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi “Qorxma, mən səninləyəm”, “Yaramaz”, “Təhminə”, “Evlənmək istəyirəm”, “Adanı özünlə apara bilməzsən”, “Bəyin oğurlanması”, “Axınla aşağı”, “Dolu” filmlərinin də icraçı prodüseri olub.