14 Fevral 09:23
44 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur seriallarda xarakterik obrazlar yaratmış tanınmış aktyor Məhəmməd Verdizadə ilə müsahibəni təqdim edirik.

- Məhəmməd müəllim, siz 18 il vətəndən uzaqda, Rusiyada yaşamısız. O müddətdə filmlərə çəkilirdiniz?

- Çəkilirdim. Birinci kanalın sifarişiylə “Mosfilm”in çəkdiyi Türkiyənin həyatından bəhs edən "Yasmin" serialında oynadım. Mən orda türkiyəli insanı canlandırırdım. Əsas obrazlardan biridir. 63 seriyanın təxminən 52 seriyasında varam.

Sonra NTV-nin çəkdiyi "Lesnik" ("Meşəbəyi") serialında oynadım. 12 il davam etdi. Orda qafqazlı İbrahim rolundaydım.

- Ruslar sizi necə kəşf etdilər? Özünüz kino-agentliklərə müraciət etdiniz?

- Yox, mən heç yerə müraciət etməmişdim. Təsadüfən rejissora bir nəfər deyib ki, bir qafqazlı dostum var, peşəkar aktyordur, burda yaşayır.

Onlar da mənə zəng elədilər, dedim ki, ssenarini göndərin, oxuyum. Təxminən 10 seriyanın ssenarisini göndərdilər. Açıq-saçıq səhnələrlə dolu dəhşətli bir ssenari idi. 18 səhnədən yalnız birini saxlatdırdım. Çox çətinliklə. Mənə dedilər ki, axı, siz artistsiniz. Dedim, nə olsun, artistəm? Mən belə istəmirəm.

- Milli mentalitetlə bağlı qınaqlardan çəkindiniz, yoxsa belə səhnələrdə çəkilməyi özünüzə qəbul etdirə bilmədiniz?

- Yox, mənim xarakterim belədir. Götürmürəm belə şeyləri. Öz məhrəm hisslərimi sənətə çevirib ekranda göstərim?

- Razılaşdılar?

- Razılaşdılar. Hətta bir seriya çəkildikdən sonra mənim rolumu daha da böyütmək istəyirdilər. Orda isə daha açıq səhnələr var idi. Yenə “yox” dedim.

- Rusiya seriallarının çəkiliş meydançaları bizim seriallarda aktyorlara yaradılan şəraitdən nə ilə fərqlənir?

- Siz deyin ki, nə ilə fərqlənmir. Əvvəla, aktyora yanaşma, aktyora hörmət. Aktyor texniki işçidən fərqlənməlidir. Aktyorun istirahət guşəsi ayrıdır, orda heç kəs otura bilməz. Aktyorun yeməyi menyulədir. Soruşulur: "Siz hansı yeməyi istəyirsiz- balıqmi, ətmi?" Aktyorun geyimləri saysız-hesabsızdır. Burda biz 80 faiz öz paltarlarımızla çəkilirik.

- Qonorar da yəqin müqayisə olunmaz…

- Təbii. Qonorar da çoxdur. Orda altı ay çəkildim, bir mənzilin pulunu qazandım.

Bir dəfə də tayqada mənə bir rol təklif etdilər. Qonorarı çox yüksək idi, günə 1000 dollar verirdilər. Ancaq dedilər ki, ora getməzdən əvvəl sənə peyvənd vurmalıyıq. "Nə üçün?" "Çünki orda yekə ağcaqanadlar var, təhlükəlidir. Gənələr də eləcə. Əgər burda gənələr dərinin altına girirsə, orda ciyərə girir. Özü də orda insan yolu, maşın yolu yoxdur. Vertolyotla gedəcəyik. Taxta evlərdə yaşayacağıq, şəraiti, rahatlığı olmayan. Vəhşi heyvanlardan da bizi qoruyan olacaq".

Üç gün fikirləşəndən sonra imtina etdim. Həm də Rusiyada biznesim vardı, 3 ay müddətinə onu atmaq olmazdı.

2016-cı ildə Bakıya köçəndən sonra Peterburqdan serial təklifi gəldi, artıq burdan çıxıb getmək istəmədim.

Mən həm Rusiya, həm də Azərbaycan vətəndaşıyam. Başqa bir ölkədə yaşamaqdan bezmişdim. Günün 20 saatını rus dilində danışırdım. Küçədə yoxlayırdılar, pasport göstərməlisən. Bütün bunlar məni bezdirmişdi.

- Bəs ordakı biznesiniz?..

- Biznesimi də qoyub gəldim. Mənim burda nəvəm dünyaya gəldi - Mələk nəvəm. Düşündüm ki, artıq getməliyəm. Həyatı təzədən qaytarmalıyam. Düzdü, orda olmağımla uddum da, burda olmamağımla uduzdum da. Yəni sənətdə uduzdum.

- Burda olmamaqla nələri itirdiniz?

- Məsələn, müəyyən qədər əziyyət çəkirəm. Burda mənə heç əmək pensiyası da vermirlər. 65 yaşım tamam olanda təqaüd üçün getdim, dedilər ki, sənin iş stajın cəmi 18 ildir və təqaüd düşmür. Sizin burda 25 il iş stajınız olmalıdır.

Hələ dedilər ki: "Siz işləyirsiz! Əgər işləməsəniz sizə 220 manat müavinət verə bilərik". İş yerindən isə böyük məbləğdə maaş almıram, cəmi 350 manat. "Adınıza maşın var?" "Var". "Nə maşınıdır?" "İyirmi üç ilin maşınıdır". "Yox, adınıza maşın varsa, heç müavinət də verə bilmərik".

Nə isə, belə-belə pensiyadan da oldum.

- Hansısa teatrda çalışırsız?

- Yox, teatra da məni götürmürlər. Deyirlər, teatra 64 yaşadək qəbul edilir. Bilmirəm bu nə qanundur? Aktyor nə vaxt qocalır, bunu heç kəs bilmir. 11 il dərs demişəm, universitetə də götürmürlər. Yəni mənim üzümə bütün qapılar bağlıdır, bircə seriallardan başqa.

- Niyə sizə belə ögey münasibət var?

- Çünki fəxri adım yoxdur.

- Fəxri adın olmaması da başqa bir sual doğurur.

- Mən özüm-özümə vermişəm fəxri adı. Mən xalq aktyoruyam, xalq artisti yox. (Gülür). Fransadan bir aktyor gəlmişdi. Zalda görüş keçirdi. İstedadlı adam idi. 45 yaşı vardı. Qoqolun "Müfəttiş" pyesinin bütün obrazlarını tək canlandırdı. Saat yarım ərzində tamaşanı tək oynadı.

Tamaşadan sonra yaxınlaşdım ona, dedim ki, siz çox istedadlı artistsiniz. Tərcüməçi ona tərcümə elədi. Tez-tələsik dedi ki, yox, mən artist deyiləm, artıq mən aktyoram.

Soruşdum ki, bu nə deməkdir? Dedi ki, bizdə əvvəl artist olursan, sonra aktyor.

İndi mən Azərbaycanın xalq aktyoruyam.

- Yaxşı, bəs fəxri ad almaq üçün nə tələb olunur?

- Mən Azərbaycana qayıdandan sonra səkkiz serialda oynamışam. Hər ilə bir serial düşür. Üç filmə çəkilmişəm, onun biri Amerika filmidir. Hazırda da iki seriala, bir filmə çəkilirəm. Bunların heç biri dövlətə aid deyil. Prodakşnlar çəkir, televiziyalara verir, onlar da göstərir. Amma sən demə, aktyor gərək dövlətdə işləyə ki, ad verələr. Mən belə başa düşürəm. Amma məntiqi başa düşmürəm. Dövlətə aid olanda dahamı istedadlı olursan, yoxsa necə?

Ad da nə deməkdir? Əməkdar artist - əlavə 150 manatdır, xalq artisti - 200 manatdır. Bir də ki biz bilirik də, bir yerə gedəndə adamı necə qarşılayırlar. Hətta yol polisi də soruşur ki, əməkdarsız, yoxsa xalq artisti? Fəxri adın, sadəcə, belə imtiyazları var.

Rasim Balayev mənim yaşıma təəccüb elədi

- Burdakı seriallarla işbirliyiniz necə başladı?

- 2016-cı ildə "Xəzər" televiziyasında "28 iyun" teleserialına çəkildim. Sonra yenə də bir serial vardı, ona çəkildim. Bilmirəm o necə oldu, itdi, batdı. Sonra amerikan filminə çəkildim. Və dördüncü - "Yuxu kimi" serialı.

2019-cu ildə mən 60 illik yubileyimi keçirdim. Onda hələ Rusiyaya gedib gəlirdim. Yubileyimdə keçmiş tələbələrim də iştirak edirdi. Onların içində həm Rövşən İsax, həm də Elxan Yunis vardı, ikisinə də dərs demişəm.

Məclisin axırında Rövşən İsax dedi ki, sizə hədiyyə gətirmişik. Dedim, nə hədiyyədir? Dedi, evdə oxuyarsız. Mən dedim axı hələ Rusiyaya gedib- gəlirəm. Dedi, yox. Elə edəcəyik ki, siz lazım olanda gedə biləsiz. Elə də oldu. "Yuxu kimi"də çəkildim.

Rövşən çox istedadlı oğlandır, tələbə vaxtından elədir. Eləcə də Elxan. Mən görürəm ki, "Yuxu kimi" cümə günləri insanları ekranın qarşısında ovsunlayır.

Ondan sonra "İfşa-1" serialında oynadım, orda Rasim Balayev də çəkilib. Sonra "Mənim günahım" və sair.

- "Babək" filmindən sonra, uzun bir aradan sonra Rasim Balayevlə isti münasibətiniz davam etdimi?

- Rasim Balayevlə o serialdan əvvəl də, sonra da əlaqələrimiz var. O, Kinematoqrafiya İttifaqının sədridir, mən də oranın üzvüyəm. Vaxtaşırı görüşürük. Bu yaxınlarda 65 yaşımla bağlı məni təbrik elədi və çox təəccüb elədi ki, mənim 65 yaşım var. (Gülür).

- Məhəmməd müəllim, ümumiyyətlə, hansı serialdakı rolunuzu daha uğurlu hesab edirsiz?

- "Mənim günahım" serialındakı rolum... "İfşa" serialındakı narkobaron- çox xarakterik rol idi. "Yuxu kimi"dəki Habil kişi... Elə hamısı. Rejissorlar elə bil mənim damarımı tutublar xarakterik rollarla.

- Siz də bu obrazların damarını yaxşı tutmusuz. Götürək Habil kişini. Bu xarakterik obrazın psixoloji aləmini açmaq yəqin ki, aktyordan böyük təcrübə və güc tələb edirdi.

- Bilirsiz, psixoloji anı keçirmək çətindir. Yəni keçirtmək olar, amma mən pedaqoqam, bilirəm ki, o hissləri keçirmək üçün daxili plastika lazımdır. Aktyor var, keçirir, ürəyi tutur, yıxılır. Deməli, onun daxili plastikası yoxdur.

Amma nə qədər texnika da olsa, yenə də o sənin qəlbindən keçir. O yenə də sənin qəlbini vurur. Sən həyatda yaşadığından da artıq emosiyalar keçirirsən.

Mənə nədənsə o xarakterli obrazlar təklif olunur, o da mənə çox ağır olur. Hər dəfə eyni emosiyaları keçirmək çətindir.

- Sizin rolunuz əslində bütün serialın mahiyyətini ifadə edirdi. Kələfin düyünü hadisələrə mental baxışda, mühafizəkar yanaşmada gizlənir.

- Habil köhnə xarakterli kişidir. Rövşənin dediyinə görə, həyatdan götürülmüş bir obrazdır, həyatda olan bir insandır. "Mən öləndən sonra da qızım mənim qəbrimin üstünə gəlməsin, bu evə gəlməsin ümumiyyətlə". Bu adamı oynamaq əlbəttə ki, ağır idi.

- Siz özünüz həyatda bu qədər sərt ola bilərsiz?

- Yox, mümkün deyil. Mən özümü oynamıram axı. Bir dəfə Şıxov çimərliyində kafedəydik, bayırda oturmuşduq. Təxminən 12 yaşlı qız yaxınlaşdı bizim stola, lap yaxın durdu, çox nifrətlə mənə baxdı və dedi ki, utanmırsan? Babasan axı sən. Sən niyə o qızı o günə qoydun?

Qız gözlədi ki, mən ona cavab verəcəyəm, mən isə heç nə demədim. Nə deyim axı? Uşaqdır, görünür, ona emosional təsir edib və məni doğrudan da Habil kimi qəbul eləyir.

- Rövşən İsaxın seriallarında aktyorlar birdən ortalıqdan çəkilir. Habil kişinin qızının obrazı da uzunömürlü olmadı. Və ondan sonra serialın mövzusu tamamilə dəyişdi. Obrazlara belə yanaşma rejissorun aktyorlara şəxsi münasibəti ilə bağlı deyil ki?

- Məncə, yox. Mən bir başqa serialda da çəkilirəm, orda da aktrisalar dəyişilirlər. Serial axı film deyil ki, iki aya çəkilsin. Buna gərək üç il, dörd il dözəsən. Bu müddətdə də həyat inkişaf edir, insan dəyişir.

- Bu seriallardan aldığınız qonorarlar yaşayışınıza kifayət edirmi?

- Təbii ki, yox. Hollivud aktyoru Leonardo di Kaprio 16 dəqiqəlik filmə çəkilib 12 milyon dollar alırsa, onunla müqayisədə deyə bilərik ki, bizdə kino ölüb, hər şey ölüb.

"İnqilabı yüz adam yox, cəmi beş adam edir"

-Məhəmməd müəllim, Teatr Xadimləri İttifaqında aktyor sənəti laboratoriyasının rəhbərisiz. Yaxın illərdə bir yazı rastıma çıxmışdı, İttifaqı və "Aktyor ev"ini məzar səssizliyi ilə müqayisə etmişdilər. "Aktyor evi"ndən aktyorların və tamaşaçıların nə kimi gözləntiləri olmalıdır?

- Baxın, indi kino ittifaqları birləşir. Yadıma gəlir, o vaxt sosial şəbəkədə yazırdılar ki, kinomuz yoxdur, amma iki ittifaqımız var. Bu, çox məntiqsiz sözdür. Çünki Kino İttifaqı film çəkdirmir. Filmi Mədəniyyət Nazirliyi sifariş verir. Kinostudiya da Mədəniyyət Nazirliyinin nazdindədir. Kino İttifaqının filmlərin sayını, keyfiyyətini artırmağa heç bir dəxli yoxdur. Eləcə də Teatr Xadimləri İttifaqı. Bizdə hər il festivallar, müsabiqələr olur. Bu günlərdə "Baxış- 4" festivalı keçiriləcək.

Sonra biz rayon teatrlarını dəvət edirik. Hər il onlar burda tamaşa göstərirlər, paytaxt sakinlərinə öz repertuarlarını nümayiş etdirirlər. Bizim ittifaq çox iş görüb. Ona qalsa, mən də hər bir idarə üçün deyərəm ki, bu idarə nəyə lazımdır?Amma içinə girəndə görürsən ki, bunsuz mümkün deyil.

Bizim dörd laboratoriyamız var. Aktyor sənəti, ssenari, rejissor, eksperimental rejissura. Bizimlə kim maraqlanırdı ki, bunları bilə? Amma biz fəaliyyət göstəririk və işləyirik.

- Azər Paşa Nemətovun ölümündən sonra yazmışdınız ki, mərhumun nəşi heç soyumayıb, amma artıq kreslo uğrunda mücadilələr başlayıb. Bəs indi necədir vəziyyət?

- Yem bir olar, amma onu yemək istəyən çox olar. Bizim ittifaqın nizamnaməsi var. Hər şey nizamnamə üzrə gedir. Hal hazırda sədrin əvəzedicisi xalq artisti Hacı İsmayılovdur. Bu il Teatr Xadimləri İttifaqının qurultayı olacaq və yeni sədr seçiləcək.

"Mən istəyirəm"lə deyil axı. Mən də çox şey istəyirəm. Hər şeyin öz qaydası, qanunu var. Kim Teatr Xadimləri İttifaqının üzvüdürsə, öz namizədliyini verə bilər. Səs çoxluğuyla seçilən sədr olacaq.

- Sizin öz namizədiniz varmı?

- Mən o barədə heç düşünmürəm. Vaxtı gələndə düşünərəm. Mənim xarakterim elədir ki, beynimi əvvəlcədən belə şeylərlə doldurmuram. Bir müdrik kəlam var: "Dünən sənin deyil, sabah da sənin deyil, bu gün, bu dəqiqə, bu an sənindir, onu yaşa".

- Bu fikri adətən öz suallarıyla üz-üzə qalmaqdan qaçan adamlar deyir.

- Yox, bir ara qəribə bir dövr oldu. Mən din haqqında, dinlərin mahiyyəti haqqında düşünməyə başladım. Çox şeyləri özlüyümdə təhlil etdim, anladım.

- Dinə münasibətiniz, anladığım qədər, müsbətdir?

-Təbii ki. Mənim ana babam təbrizlidir. O vaxt Gəncəyə gəliblər. Gəncədən də Kəlbəcərə. Sovetin dövründə babam həmişə namazını da qılırdı, məhərrəmliyini də edirdi. Deyirdi ki, biz seyid nəsliyik. 125 il yaşadı babam. Nənəm 123 il. 1986- cı ildə biz onların 100 illik toylarını elədik. 100 yaşayanlar var, amma 100 il bir yerdə yaşamaq çox az adama qismət olar. Hətta Moskva da bu barədə film çəkdi.

Hə, bayaqkı sözümə qayıdıram. Mən bir essemdə bu barədə yazmışam: "Allah deyir ki, nə oldu, niyə oldu, demə. Allah deyir ki, yarpaq niyə düşdü, qar niyə yağdı, yağış niyə yağdı, demə. O deyir ki, sənə verdiyim ömrü düşünmə, yaşa. Mən ağladıram, mən güldürürəm. Sən niyə fikirləşirsən ki, nə olacaq? Nə olacaqsa, mən eləyəcəyəm onu. Sən qurarsan, mən pozaram".

- Vəziyyətlə barışmaq axı insanın içindəki mübarizə etmək əzmini sıxışdırır.

- Yox, mübarizə ayrı şeydi. Bu, insanın təkliyidir. "Mübarizə" deyirsiz, inqilabı yüz adam eləmir, beş adam edir. Yüz adam küyə gedənlərdi. Həmin o beş adam öz xeyrini güdüb kütləni ora çıxardanlardı. O kütlə heç vaxt o beş adamın ideallarında, fikirlərində iştirak eləmir. Kütlə istifadə olunur. İnqilab dediyiniz də o beş adamın marağıdır, vəssalam.

-Məşhur siyasətçinin bir sözü var. Deyir ki, mübarizə etsən, uduza bilərsən, mübarizə etməsən, demək, artıq uduzmusan. Uduzmaqdan qorxmursunuz?

- Bir məsələni də deyim. Yaş da var axı. Bir ağıllılıq dövrü var, bir də kamillik dövrü. Mənim indi kamillik dövrümdür. Bundan yuxarısı artıq yoxdur. Uşaqlıq dövrü, gənclik dövrü, 40-dan sonra ağıllılıq dövrü gəlir; bir az böyük düşünməyə başlayırsan.

Biz gənc olanda valideynimiz deyəndə ki, belə eləmə, soruşurduq, niyə axı? Heç vaxt böyüklər bizə niyəsini demirdi. Bilirsiz, niyə? Çünki "niyə"si yaşla gələcəkdi.

Öz başına gəlməyincə adam anlamır. Onda deyirsən ki, atam buna görə deyirmiş. Necə də düz deyirmiş. Ona görə biz böyüyün sözünü sayırıq.

Siz xarici telekanallara fikir vermisiz? Bir cavan aparıcı yoxdur. Amerikadan tutmuş Avropaya qədər telekanallarda yaşı 50-dən yuxarı kişilər, qadınlar aparıcılıq edir. Bilirsiz niyə? Çünki dünyagörüşləri var. Onlar daha ağıllı danışırlar.

Mənə isə deyirlər ki, sənin artıq 65 yaşın var, teatra olmaz. Halbuki mən teatrı cavanlara öyrədirəm.

- İndi bütün diqqətlər Milli Dram teatrına yönəlib: "Əsrə bərabər gün" tamaşası səhnələşdirilir. İstərdinizmi orda oynayasız?

- Əlbəttə, istərdim.

- Ümumiyyətlə, hansı obrazı oynamaq istərdiniz? Belə bir arzunuz varmı?

- Var, amma demək istəmirəm. Niyə deyim ki? Arzular hələ həyat deyil...

- Bəs vətənə qayıtmağa, necə, peşmansınızmı?

- Yox, peşman deyiləm. Nə olur-olsun, vətən vətəndir...


Müəllif: Günel Natiq

Oxşar xəbərlər