11 Mart 14:24
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əziz obrazlarım, mən heç vaxt sizə xəyanət etmədim. Sizi həmişə qəlbimdə saxlayıram. Çünki siz məni xalqa tanıtdırdınız, sevdirdiniz. Sadəcə olaraq hər bir aktrisanın, aktyorun öz gənclik illərində gerçəkləşməyən arzuları olur. Bu gün mən o arzularımın bir hissəsini gerçəkləşdirdim deyə bilərəm. Buna görə Gənc Tamaşaçılar Teatrının müdiriyyətinə, kollektivinə, benefisin rejissoru Nicat Kazımova və siz tamaşaçılara çox təşəkkür edirəm”

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən yubiley mərasimində səsləndirib.

Mərasimdə aktrisanın ifasında "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunub.

Əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərindən istifadə edilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.

Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak ediblər.

Yubiley mərasimində Bakı Xoreqrafiya Akademiyasının tələbələrinin ifasında müxtəlif rəqslər nümayiş olunub. Rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadənindir.

Aktrisa saytımıza açıqlamasında bildirib ki, oynadığı rollara həmişə tənqidi yanaşıb:

“Hətta benefisin məşq prosesində uşaqlara demişdim ki, siz məni kənardan çəkin. Sonra həmin videolara baxıb səhvlərimi görüb, özünü danlayırdım. Həmişə belə olub. Bircə “Yarımştat” tamaşasında oynadığım Tomkaya sözüm olmayıb. Ona hər dəfə baxanda mənim üçün yeni nələrsə açılır. Burda təbii ki, rejissorlar Şərif Qurbanəliyev, Ramiz Mirzəyevin də böyük rolu vardı.

Tamaşanın 10 dəqiqəlik epizoduna çəkilmişdim, çox gənc idim və korifeylərlə birgə oynayırdım, ikiqat məsuliyyət hiss etdirdim. Düşünürdüm, elə oynamalıyam ki, tərəf müqabilim Yaşar Nuri məndən narazı qalmasın. Mən ondan enerji alırdım. Sonralar mənə söylədi ki, heç gözləmirdim sən bu rolu bu cür oynayacaqsan: "Bilirəm ki, heç bir aktrisa bu cür oynamayacaqdı. O sanki bir buket idi". Etiraf edirəm ki, indi mən Tomkanı elə uğurlu oynaya bilmərəm.

Bir dönəm mənim oynadığım qaraçı rolu da məşhur idi. Balaca bir səhnəcik idi. Mən o rolu oynamaq üçün 28 Maydakı vağzalın yanına gedib qaraçıları müşahidə edirdim. Onlara pul verib, danışdırırdım və bununla oynayacağım obraz üçün material toplayırdım. Hansı jestləri edəcəm, necə danışacam və sair.

Vağzala o qədər getmişdim ki, yaxın rəfiqəm Roza Rəhimli belə şübhələnmişdi. Bir dəfə soruşdu ki, sən niyə hər gün ora gedirsən, olmaya fala baxdırırsan? Ona həqiqəti danışdım. Hər zaman düşünürəm ki, aktyor müşahidə etməli və səhnədə özünü oynamamalıdır”.


Müəllif: Nərmin Muradova