Ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü idi.
Mikayıl Müşfiq 1908-ci ildə iyun ayının 5-də Bakının Dağlı məhəlləsində dünyaya göz açıb. Anası Züleyxa xanımın ölümündən sonra atası Müşfiqi Xızıdakı qohumu Səfiyyəyə verib. Müşfiq 3 yaşına qədər süd anası Səfiyyənin yanında qalıb. Sonra atası onu yenidən Bakıya gətirib, ancaq 3 ildən sonra dünyasını dəyişib. Bundan sonra ailəyə nənə Qızqayıt və dayı Cavad himayədarlıq edib.
Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. Nəhayət, o özü də həbs olunur. 1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsinə qərar verilir. Yanvar ayının 6-da şair Nargin adasında güllələnir.
Sosial şəbəkələrdə hüznlə yad edilən Mikayıl Müşfiq haqda gündəmə gətirilən suallardan biri də bu idi: görəsən, Mikayıl Müşfiq uzun ömür yaşasaydı bugünkü qədər sevilərdimi?
Teleqraf.com bununla bağlı sorğu keçirib.
Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə, Müşfiq elə şair idi ki, çox yaşasa da sevilərdi:
“Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlib. O qeyri-adi bir şairdir. Şeirləri sanki bulaq suyu kimidir. Heyif ki, çox cavan güllələnib. Bütün istedadını tam mənzərəsi ilə ifadə edə bilməyib. Hamı kimi Mikayıl Müşfiqi mən də çox sevirəm. Tez-tez Xızıya gedib onun xatirə muzeyini ziyarət edirəm. Nəvələrimi də aparmışam.
Dostlarımla da hər dəfə Xızıya gedəndə dönüb oranı ziyarət edirik. Azərbaycanda Müşfiqin şeirini, misralarını bilməyən yoxdur. Şair onda yaşayır ki, onun şeirlərini xalq bilir. Xalq onu daim yad edir. Müşfiqin ölümündən, görün, neçə illər keçib, amma xalq onu hələ də unutmur. Sözlərinə mahnılar bəstələnib. Yəqin çox az adam tapılar ki, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini ömründə heç olmasa bircə dəfə eşitməmiş olsun.
Səməd Vurğun Müşfiqdən çox yaşayıb, bəyəm o sevilmir? Rəsul Rza çox yaşayıb sevilmir? Kimsə belə bir status yazmışdı ki, bəzi yazıçı-şairlər çox yaşasaydılar sevilməzlərdi. Ramiz Rövşən sağdır, sevilmir? Şeir gözəldirsə, onu yazan heç vaxt ölmür. Şairlər ölmür. Yüz il, min il yaşayırlar. Füzuli, Nizami, Nəsimi ölmədiyi kimi…
Müşfiq az yaşadı, xalqın yaddaşında isə əbədilik qazandı. Ömrünün çiçəklənməyə başlayan çağında həyatdan ayrıldı. Müşfiq haqqında çox deyib, çox yazmaq olar. Onun bu qədər sevilməsi Mikayıl Müşfiqin mənəviyyatının necə dərin və zəngin olduğundan xəbər verir”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə Müşfiqi sevdirən onun gözəl şeirləri, axıcı Azərbaycan dilidir:
“Onu sevdirən lirik, kövrək, həzin poeziyasıdır. Belə bir fikir var, Müşfiqin nakam taleyi onun daha çox sevilməsinə səbəb olur. Amma gözəl şeirləri olmasaydı, bu qədər sevilməzdi. Bu mənada Müşfiq uzun ömrü yaşasaydı da, şeirləri indiki kimi yaşayacaqdı. Yenə dövrümüzə qədər gəlib çıxacaqdı. Bu, şair taleyidir. Onun taleyi ilə yaradıcılığı vəhdət təşkil edir. Əsərləri ədəbiyyatımızda mühüm yer tutur, xalqımızın yaddaşında bir nəğmə kimi yaşayır”.
Yazıçı Etimad Başkeçid sorğumuza belə cavab verib:
“Mikayıl Müşfiq bu gün yaşasaydı, yenə nəsə başına bir iş gələcəkdi, bəlkə bundan da çox seviləcəkdi. Bu yaşımda gəldiyim qənaət belədir: şairlik tale məsələsidir, bu tale ilə doğulur insan...”
Filosof Müşfiq Şükürov bildirir ki, Mikayıl Müşfiqin şeirlərinin keyfiyyəti yüksəkdir:
“Onun şeirlərində təmiz, gözəl pafos var. 20-ci əsrin əvvəllərində bu pafos çox populyar idi. Nazım Hikmətdə də biz bunu görürük. O dövrün havasında təmiz, yüksək bir pafos. Onun bizdə ən istedadlı ifaçılarından biri olub Müşfiq. Şeirlərində də incə ruh, cazibəli gözəllik var. Ən çox da “Yenə o bağ olaydı” şeirində.
Faciəvi ölümü onun ətrafında simpatiyalar toplayır. Az yaşayıb, çox da yaza bilməyib. Tərcümələri olub, xüsusən Xəyyamdan çox maraqlı tərcümələri olub. Ancaq bir çox işləri yarımçıq qalıb. Düşünürəm ki, bütün bunlar ona olan marağı yaradır. Şeirinin keyfiyyətidir əsas onu sevdirən. Faciəvi şəkildə ölənlər çox olub. O həqiqətən istedadlı şair idi. Əsas etibarı ilə potensialına görə sevilir”.