4 İyul 19:05
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin paytaxtı Oslo şəhərində yerləşən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın "Trolların sirri" adlı nağıl kitabının təqdimat keçirilib.

Teleqraf.com xəbər verir ki, sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları Trollara həsr edilib.

Tədbiri giriş sözü ilə N. Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, "Trolların sirri” nağıl kitabının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirib: “Bu nağıl kitabı həm məzmunu, həm də tərtibatı ilə şagirdlərin marağına səbəb olub. Artıq məktəbimizin şagirdləri “Trolların sirri” kitabını Norveç dilinə tərcümə etməyə başlayıblar. Bu kitab həm məktəbimizin, həm də şagirdlərin kitabxanasında xüsusi yer alıb”.

Tədbirdə çıxış edən Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirib. “Trolların sirri" kitabının yaranmasından danışan G. İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirib. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirib və Trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu bildirib.

Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatima Alxas, Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən - Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” kitabı haqqında fikirlərini bildirib və G. İbrahimovaya yaradıcılıq uğurları arzu ediblər.

Təqdimatda Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev, gözəl ifaları ilə iştirakçıları heyran etməyi bacarıblar. Səhər Zərdablının və Tunar Qarayevin həm milli, həm xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdıb.

Tədbirin sonunda Osloda N. Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan "Ana dilim" və "Sağ ol, Ey Vətən! " mahnılarını ifa ediblər.

Tədbirdə iştirakçılara hədiyyə paketi şəklində içərisində müəllifin "Trolların sirri" və "Norveç qoğalı" olan kitabları təqdim edilib.

Onu da qeyd etmək lazımdır ki, "Trolların sirri" kitabının təqdimatı ilk dəfə 25 may 2024-cü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N. Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika “ kitabxanasında keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər