11 İyul 16:30
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun ekran həyatı verdiyi kinolarda hər şey bir başqadır, tam fərqlidir. Hamımızdan bir parça var sanki o filmlərdə. Zaman-zaman “Sən niyə susursan” dediyimiz də oldu, “Ölsəm bağışla” dediyimiz də... Gah Zaur olub elə gözəl Təhminələr sevdik, gah da Təhminə olub öz sevgimizi ürəyimizdə sakitcə gömdük. “Həm ziyarət, həm ticarət”imiz də az olmadı. Biz belə böyüdük. Budur “Rasim Ocaqov kinosu”.

Teleqraf.com xatırladır ki, 11 iyul Azərbaycan kinematoqrafiyasının ən sevilən filmlərinə həyat verən, görkəmli rejissor Rasim Ocaqovun anım günüdür.

Şəkidən Bakıya, paytaxtdan Moskvaya uzanan uğur yolu

Şəkidə dünyaya göz açan Rasim Ocaqov hələ lap erkən yaşalarından fotoya böyük maraq göstərib. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir günün içində möcüzəli kino aləmi onu necə öz sehrinə salırsa, geologiyanı kinomatoqrafiyaya dəyişir. Günlərin birində Şəkidə sənədli film çəkilişlərinə gələn qrupun iş prosesi onu çox uzaqlara, Moskvaya kimi aparıb çıxarır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Operatorluqdan rejissorluğa

Daxilindəki zəngin yaradıcılıq ruhu operatorluqla da kifayətlənmir. Ürəyindəkiləri xəyaldan gerçəyə çevirmək, daha böyük planları reallaşdırmaq üçün 1977-də ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. Və beləcə Azərbycan kinosu bütün dövlərin ən istedadlı rejissorlarından birini qazanır. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmirdi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Onun kinoda kəşf etdiyi aktyor məktəbi böyük xəzinədir.

Milli kinomuzun həmişəyanar ocağı

“Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmləri kino sənətimizin canlı xəzinəsidir desək, yanılmarıq. Çünki bu ekran əsərləri hər dəfəsində eyni sevgi, hiss, heyranlıq və maraqla izlənilir.

Rasim Ocaqov həqiqətən kinomuz üçün yanar bir ocaqdır. Kimisi onun istisinə qızındı, kimisi alovundan özünü qorudu, kimi alovlanan o qığılcımlardan istifadə edərək onun yolu ilə yanmağa başladı.

Rasim Ocaqov “Onun böyük ürəyi” filmində Rəna obrazını canlandıran Sveta Cavadova ilə evlənir və onu sənətdən ömürlük uzaqlaşdırır.

R. Ocaqov “Təhminə” filminin çəkilişləri zamanı infarkt keçirir. Həkim ondan son arzusunu soruşduqda o, siqaret istəyir. Lakin həkim ona reanimasiyada olduğunu və siqaretin onu öldürəcəyini bildirsə də, Ocaqov arzusundan əl çəkmir. O, ömrünün sonuna qədər siqareti atmayıb.

Dünən üçün çəkmişdi o filmlərini. O filmlər ki, bu gün də sevilərək baxılır, baxıldıqca xatirələr yada düşür, bəzən də xəyallar çox uzaqlara aparır adamı. Demək, gələcəkdə də ən azı bugünkü sevigi ilə izlənəcək Rasim Ocaqov filmləri…


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər