Moskvada rusiyalı tarixçi-alim, qafqazşünas Rudolf İvanovun "Ölüm mübarizəsi: məxfilikdən çıxarılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizmin pozğunluqları ilə gizlin mübarizəsinin sirlərini açır" adlı kitabının təqdimat mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), M.İ. Rudomino adına Dövlət Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan ÜAK prezidentinin müşaviri Manaf Ağayev bildirib ki, Leninin həyatının son illərində Nəriman Nərimanov Şərqdə inqilabi hərəkatın tanınmış lideri olub. Nərimanovun şəxsiyyətinin miqyasından danışan Manaf Ağayev, Leninin tövsiyəsi ilə Nəriman Nərimanov 1920-ci ilin mayında gələcək Azərbaycan Sovet Sosialist respublikasını təftiş komissiyasının sədri təyin olunduğunu söyləyib: "Sonra isə o, Sovet Azərbaycanının Xalq Komissarları Sovetinin sədri olub. Zaqafqaziya Federasiyasının yaradılmasından və onun sədri kimi Nərimanovun seçilməsindən sonra, 1922-ci ilin sonunda Sovet Sosialist Respublikalar İttifaqının əsası qoyuldu. SSRİ Şurasının I Qurultayında Nəriman Nərimanov 13 dekabr 1922-ci il tarixində Mərkəzi İcra Komitəsinin dörd bərabər hüquqlu sədrindən biri, yəni SSRİ-nin dörd rəhbərindən biri seçilib". M. Ağayev qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində Nəriman Nərimanovun 100 illiyi ilə bağlı tədbirlər keçirilib və Bakıda ona abidə qoyulub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova tarixçi Rudolf İvanovun Azərbaycanın hərb tarixinin araşdırılmasında xüsusi xidmətləri olduğunu söyləyib: "Rudolf İvanovun çətin, ziddiyyətli, faciəvi, eyni anda zamanının parlaq şəxsiyyəti olan Nəriman Nərimanov haqqında yazdığı kitab olduqca önəmlidir: "1925-ci ilin martın 19-da SSRİ Mərkəzi İcra Komitəsinin Rəyasət Heyətinin birinci sədri olan Nəriman Nərimanov öldü. Bu günə kimi Nərimanovun təbii ölümü ilə bağlı şübhələr mövcuddur. Nərimanovun ölümündən sonra onun fəaliyyətinin yekunu uzun illər gizli saxlanılıb. Ancaq Heydər Əliyev Nəriman Nərimanovun xidmətlərinin tanınmasına nail ola bilib. 1972-ci ildə bütün dünya ictimaiyyəti Nəriman Nərimanovun 100 illik yubileyini təntənəli şəkildə qeyd edib. 1990-cı ildə isə Heydər Əliyev Nəriman Nərimanovun şərəfli partiya mövqeyinə görə təqiblərə məruz qalması haqqında acı həqiqəti xalqa çatdırdı".
ÜAK Rəyasət Heyətinin üzvü, Rusiya Hüquqşünaslar Şurasının vitse-prezidenti Ələsgər Tağıyev Rudolf İvanovun kitabının qiymətinin onun arxiv sənədləri və materialları əsasında hazırlanmasından ibarət olduğunu söyləyib. Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Asəf Mehdiyev səfir Polad Bülbüloğlu adından Rudolf İvanovun yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib: "Kitabda yer alan tarixi faktlar Azərbaycan diplomatiyası üçün çox vacibdir. Belə ki, müəllif kitabda erməni saxtakarlığının üstünü açıb".
Daha sonra tədbirdə Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov, yazıçı-publisit Lyudmila Lavrova, tarixçi-alim İsmayıl Ağakişiyev, "Azərbaycan Konqresi" qəzetinin baş redaktoru Rüstəm Arifcanov, Azərbaycanın YUNESKO-dakı keçmiş səfiri Ramiz Abutalıbov və digərləri çıxış edərək kitab və Nəriman Nərimanovun siyasi fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Tarixçi Rudolf İvanov məlum kitabın sayca 17-ci kitabı olduğunu söyləyib: "2004-cü ildən Azərbaycan tarixi ilə ətraflı məşğul olmağa başlamışam". Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunduğunu söyləyən Rudolf İvanov Azərbaycanın tarixi sahəsində ictimaiyyətə bəlli olmayan faktlarının ortaya çıxarılması istiqamətində fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb.