5 Mart 2015 10:52
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filmin qarabağlı “artistlər”inin sehri

Xəbər verildiyi kimi, fevral ayının 27-dən Bakı küçələrində “Əli və Nino” filminin çəkilişləri aparılır. Hətta filmin çəkilişlərilə əlaqədar İçərişəhərdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu məhdudiyyət martın 2-dən 14-dək davam edəcək.

Adı dillər əzbəri olan “Əli və Nino” filminin çəkilişlərini izləmək və eyni zamanda da reportaj hazırlamaq üçün ötən gün səhər saatlarında fotoqrafımız Elçin Muradla İçərişəhərə yollandıq.
Sözügedən əraziyə İçərişəhər metrosunun arxa tərəfindəki qala qapısından daxil olub, çəkilişlərin aparıldığı məkanı sorub-soruşduqda məlum oldu ki, bugünkü çəkilişlər Asəf Zeynallı küçəsində aparılır.

Şıltaq atlar

Yolüstü Qoşa Qala meydanının yanında uzun məsafəni əhatə edən hazırlıq işlərinin şahidi olduq. Dekorasiyalarını quran türk işçilərdən əldə etdiyimiz məlumata görə, bir həftə ərzində məkan tam hazır olacaq, ondan sonra burada çəkilişlər aparılacaq. Burada hər kəs gərgin rejimdə çalışırdı. Yolçu yolunda gərək deyib, düzəldik yola...Yol bizi Asəf Zeynallı küçəsinə aparırdı. Qız Qalasının qarşısına çatar-çatmaz film üçün gətirilmiş atları görcək reportaj Elçin Muradın yadından çıxdı. Atlara olan vurğunluğu onu yanımdan alıb götürdü. Məni kökləndiyim reportajın gərginliyi, taleyi düşündürdüyü halda həmkarım atları fotosessiya etməyə başlamışdı. Foto çəkə-çəkə atları ərazidə gəzdirib günortadan sonra baş tutacaq çəkilişə hazırlayan heyətlə söhbət etdik. Söhbət əsnasında məlum oldu ki, bu atlar Qarabağ atlarıdır və sırf tarixi filmlərdə çəkilmək üçün xüsusi olaraq yetişdirilir. Amma atlar da bizi və onlara tuşlanan kameranı görən kimi həqiqətən artistlik etməyə başladılar. Artist Qarabağ atlarının şıltaqlıqları üzümdəki gərginliyin təbəssümlə əvəzlənməsinə səbəb oldu. Elçin atlardan və onların özəlliklərindən nə qədər danışsa da bunun canlı şahidi olmasaydım, inanmazdım.

...Amma deyəsən, atlardan danışa-danışa əsas mətləbdən uzaqlaşdım. Hərçənd ki, əsas mətləbdən də çox yaza bilməyəcəm. Çünki bir neçə dəqiqə sonra nəzarətçilər fotokameranı görəndə və jurnalist olduğumuzu anlayın kimi birmənalı olaraq çəkiliş etməyimizə icazə vermədilər. Biz də sadəcə, Qarabağ atlarını çəkməklə və çəkiliş prosesinə hazırlığa kənardan baxmaqla kifayətlənməli olduq.


Çəkiliş prosesində Qarabağ atlarından başqa iki at da var idi. Tarixi geyimli aktyorlar arasında tanıdıqlarımızı görmədik. Məkanda qara tarixi maşın var idi. Çoxlu sayda yaradıcı heyətin olduğu bu ərazidə çəkiləcək səhnəyə çox ciddi hazırlıqlar gedirdi. Bir sözlə, bu ecazkar məkan və orda baş verənlər diqqətimizi nə qədər çox çəksə də, bir o qədər bu prosesləri kadra ala bilməməyimizin məyusluğunu yaşayırdıq.

Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alıb, filmin süjet xətti, ekran əsərində rol alan aktyorlar, filmin yaradıcı heyəti barədə məlumat verməyi özümüzə borc bildik. Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Bundan başqa Rikkardo Samariko, Fəxrəddin Manafov, Humayon Erşardi, Numan Akar, Halit Ərgənç və digər aktyorlar rol alıb.


Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əlixan Şirvanşir, Nino Kipiani və Melik Nahararyanın iştirakı ilə məhəbbət üçbucağı yaranır. “Əli və Nino” inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı çox yaxşı təsvir edilir. Əsas hadisələr İçərişəhərdə baş verir.

Filmdə kim kim olacaq?

Buro247.az saytı dünya şöhrətli aktyorların Azərbaycan filmində hansı rolları ifa etmələri ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, “Sultan Süleyman” obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ergenç filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq. Xalq artisti Fəxrəddin Manafov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin, Pərviz Qurbanov isə digər Bakı milyonçusu Musa Nağıyevin obrazında görünəcək. Nigar Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın rolunda olacaq. Gənc aktrisalar Dəniz Tacəddin və Xumar Səlimova Nino Kipianinin rəfiqələridirlər. Mehriban Zəki Ninodan “cavan oğlanın yeganə arvadı olmaq yorğun deyilmi?” deyə, soruşan Əli xanın bibisi Sultan xanımın rolunu canlandıracaq. Pərviz Məmmədrzayevi Qoçu obrazında, Cövdət Şükürovu isə rus zabiti obrazında görəcəyik. “Toni” və “Emmi” mükafatı laureatı Mendi Patinkin Ninonun atası Knyaz Kipianini, danimarkalı aktrisa Konni Nilsen isə Knyaginya Kipianini canlandıracaq. Filmdə dini əqidəyə bağlı olan və oğlunun da bir müsəlman kimi yaşamasını istəyən Əli xan Şirvanşirin atası obrazını iranlı aktyor Humayun Ərşadi oynayacaq.

Əli ona edilən təklifdən niyə imtina edir?

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Əlixan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gənci, gürcü qızı Nino isə Qərb - xristian dünyasına məxsus olan gənc qızdır. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalıb. Bununla belə o öz əcdadlarının adət-ənənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc obrazını yaradır.

Əsərdə Əlinin Ninoya məhəbbəti və Əlixan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nikahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.

Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.

Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O, Ninonun özünü İranda necə bədbəxt hiss etdiyini xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.

Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlməsi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda nəql edilənlər, əslində, onun gündəliyidir...

Qeyd edək ki, filmin ssenari müəllifi Kristofer Hempton mətbuat konfransında bildirmişdi ki, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi əsərdə olduğu kimi filmdə də əksini tapacaq. Onun sözlərinə görə, filmi məhz orijinala uyğun çəkmək istəyirlər. O bildirib ki, məhz həmin dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır.

Qeyd edək ki, əsərdəki hadisələrin filmdə necə əks olunmasını film təqdim olunandan sonra biləcəyik. Bütün hallarda belə gözəl bir kollektivlə işə başlayan yaradıcı heyətin birgə əməyinin müsbət nəticələnəcəyinə şübhə etmirik. Və yaradıcı heyətə uğurlar arzulayırıq...

Nərmin Muradova

Qarabağ atlarını lentə aldı: Elçin Murad


Müəllif: