Ötən gün Azərbaycan kinosunun və teatrının gözəl, peşəkar, istedadlı aktrisası Şəfiqə Məmmədovanın doğum günü idi. Hər zaman mediadan qaçan aktrisa ilə görüşmək, ürək dolusu söhbət etmək istəyimiz yenə də baş tutmadı.
O, uzun illərin səssizliyini yalnız Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə təyin ediləndə pozmuş və yalnız İttifaqla bağlı sualları cavablandırmışdı. Ona əlimiz çatmasa da, istedadlı aktrisa ilə bağlı xatirələri, arzuları onunla filmlərdə tərəf - müqabili olan sənətkarlar Teleqraf.com-a danışdılar...
Sənət və ailə yolu
Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa "Hamlet"də Gertruda, "Canlı meyit"də Maşa, "Ana torpağı"nda Cenşengülün arvadı, "Xəyyam"da Sevda, "Dəli yığıncağı"nda Pırpız Sona, "Məkr və məhəbbət"də Ledi Milford, "Məhv olmuş gündəliklər"də Anjel, "Aydın"da Gültəkin və neçə-neçə tamaşalarda cazibədar səhnə obrazları yaradıb. Amma o yaradıcılığının parlaq dövründə - 1980-ci ildə ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Şəfiqə Məmmədova filmlərdə az çəkilməsinə baxmayaraq, son dərəcə yaddaqalan obrazlarda yaradıb. Onun filmoqrafiyasında "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" filmləri yer alır.
Ş.Məmmədova 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə Azərbaycanın xalq artisti, 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib. Bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ömrünün 70-ci çağını qeyd edən aktrisaya Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olan aktrisa 2012-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib. Hazırda da bu vəzifəsini icra edir.
Ailə həyatına gəlincə, aktrisa teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Aralarında 27 yaş fərqi olmasına baxmayaraq, hər ikisini ailəyə ümumi maraqlar, sənət söhbətləri və əlbəttə, sevgiləri bağlayıb.
"Qorxurdum ki, Şəfiqə xanım məni bəyənməz"
Xalq artisti Hacı İsmayılov: "Şəfiqə Məmmədova elə insanlardandır ki, onun sənətdə əvəzi yoxdur. Onun teatrda və filmlərdə yaratdığı hər bir obraz çox güclü psixoloji təsirə malikdir. Fikir versəniz, görəcəksiniz ki, Şəfiqə xanım ona tapşırılan hər bir obrazı özününküləşdirib tamaşaçıya təqdim edir. O, oynadığı obrazlarla, aktyor texnikası ilə Azərbaycan kinosuna yeni bir xarakter, üslub gətirməyi bacardı. Bu baxımdan, onun Azərbaycan kinosunda və teatr səhnəsində öz yer var.
Onunla tərəf müqabili olmaq mənə "Ad günü" filmində qismət olub. Deyim ki, o, tərəf müqabili kimi də əvəzsizdir. Bu baxımdan, ondan çox şeylər öyrənmək olur. Heç yadımdan çıxmaz, "Ad günü" filminə çəkiləndə və Şəfiqə xanımla tərəf müqabili olacağımı biləndə çox həyəcan keçirirdim. Çünki o vaxt Şəfiqə xanım gözəl filmlərə çəkilmişdi, tanınan, sevilən aktrisa idi. İçimdə qorxu var idi ki, birdən Şəfiqə xanım məni bəyənməz, etiraz edər. Amma belə olmadı. Rejissor Rasim Ocaqov bizimlə elə işlədi ki, sanki Şəfiqə xanım da mən də ilk dəfə idi ki, filmə çəkilirdik. Şəfiqə xanıma həm bir sənətkar, həm də bir insan kimi çox böyük hörmətim var".
"Şəfiqə xanımla işləməyə adam tapılmadı"
Əməkdar artist Xalidə Quliyeva: "Şəfiqə xanımı illərdir ki, tanıyıram. Sənətinin pərəstişkarıyam. İnsan sənətdə sözünü demək üçün özü də fərd olmalıdır. Şəfiqə xanım ilk növbədə həyatda insan kimi fərddir. Özünəməxsusdur: həm görünüşü, həm xarakteri, həm istedadı ilə... Sənətə töhfələr, sənət mozaikasına rəngarənglik bəxş edənlərdəndir. Çox təəssüf edirəm ki, hələ ömrünün vüqarlı bir vaxtında teatr səhnəsindən də, kino ekranından da uzaqlaşdı. Bunun da səbəbi var. O vaxtlar Rasim Ocaqov, Həsən Seyidbəyli, Mehdi Məmmədov, Tofiq Kazımov var idi. Hər biri kino, teatr sahəsində sözünü demiş sənətkarlar idilər və onlar da sənətkar, istedad axtarırdılar. Elə sənətkarlar dünyalarını dəyişəndən sonra Şəfiqə xanımla işləməyə bir adam tapılmadı. Çox təəssüflər olsun ki, Şəfiqə xanım kimi sənətkarlar 15-20 il hər şeydən uzaqlaşdılar. Çox istəyirəm ki, məxsusi Şəfiqə xanım üçün ssenari yazılsın, ya monotamaşa hazırlansın. Bu olmadan o nə səhnəyə, nə də ekrana çıxa bilməz".
"Hamı heyrətə gəlmişdi"
"Həsən müəllim "Nəsimi"dən sonra məxsusu bir ssenari yazdı ki, o da məişət mövzusunda yazılan "Xoşbəxtlik qayğıları" idi. Onu da deyim ki, Həsən Seyidbəyli ssenaridəki rolumu məhz mənim üçün yazmışdı. Adını da Xalidə qoymuşdu. Bu, mənim üçün əlamətdar hadisə idi. Həsən Seyidbəyli Azərbaycan kinosunda neorealizmin, həyatabənzər kino estetikasının banisidir. Aktyorları da seçəndə həyata yaxın olanlara üstünlük verirdi. Məhz Şəfiqə Məmmədova kimi... Məhz həmin filmdə mən Şəfiqə xanımla tərəf müqabili oldum. Orada o, mənim anam rolunda çıxış edib. Qürur duyuram ki, Şəfiqə xanım kimi bir aktrisa ilə çəkilmişəm. Filmdə qəbiristanlıq səhnəsi var. Şəfiqə Məmmədova oğlu ilə gəlir qəbistanlığa və orada həyat yoldaşının qəbrini silə-silə demək istədiyi bütün sözlərini deyir. Nə ağlamaq, nə hönkürmək var o səhnədə. Adətən, bizdə qəbirstanlıq səhnəsini çəkəndə aktyorlara deyirlər ki, burada ağlamaq lazımdır. Hamımız ağlayırıq. Amma Şəfiqə xanım o səhnəni elə inandırıcı formada oynamışdı ki, hamı heyrətə gəlmişdi. Bu, dünya kinosu səviyyəsində oynanılan bir aktyor oyunu idi. Ümumiyyətlə, Şəfiqə xanım dünya kinosu səviyyəsində olan bir aktrisadır. Heç bir mentalitetə sığmayan sənətkardır. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, Şəfiqə xanım başda olmaqla bizlərdə ulduzluq xəstəliyi olmayıb".
"O, bizim fəxrimizdir"
"Artıq bir neçə ildir ki, o, mənim də üzvü olduğum Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir. Şəfiqə xanım İttifaqda əlindən gələni edir. Nə bacarırsa və gücü nəyə çatırsa, onu da yerinə yetirir. Hər bir işi görür. Allah ona can sağlığı, güc-qüvvət versin. Həmişə var olsun, heç vaxt gözümüzün qarşısından getməsin. O, bizim fəxrimizdir".
Nərmin Muradova