9 Aprel 2015 13:05
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Şamaxı rayonuna səfər edəcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, kollektiv Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının əməkdaşları ilə görüşəcəklər.

Yaradıcı heyət səfər çərçivəsində teatrın cari repertuarında olan maraqlı, günümüzün aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcəklər.

Məlumat üçün bildirək ki, tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər