Xanım Ulduz Elçilər çağırış etdi
Bakı-2015 Avropa Oyunlarının xanım Ulduz Elçiləri I Avropa Oyunları barədə təəssüratlarını Teleqraf.com-la bölüşüblər.
Nigar Camal həyəcanla ölkəmizdə keçiriləcək I Avropa oyunlarını gözlədiyini bildirib: “Hər şey çox yüksək səviyyədə hazırlanıb. İnsanlar bu oyunları gülərüzlə qarşılayır. Məncə, hamı bilet almağa tələsməlidir. Çünki oyunlar möhtəşəm keçəcək. Bu işdə hər kəsə uğurlar arzulayıram. İstəyirəm ki, hamı bizə qoşulsun. Hamımız birlikdə bu işin öhdəsindən gələcəyik. Bizim Ulduz Elçilər kimi görəcəyimiz iş təbliğat aparmaqdır. Bu, bizim əsas məqsədimizdir. Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox azərbaycanlı gəncin Bakı-2015 Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün xoşdur. Ulduz Elçi olaraq çox sayda insanı Bakı-2015 Avropa Oyunlarına cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir”.
Badminton idman növü üzrə səfir olan müğənni bu oyunu sevdiyini də bildirib: “Mən məhz badminton idman növü üzrə ulduz elçiyəm. Artıq özüm də badminton oynamağa başlamışam. Uduza-uduza olsa da, bu oyunu oynamağı öyrənirəm”.
“Hər birimiz öz töhfəmizi verməliyik”
Səfir vəzifəsini 2014-cü ildən çiyinlərində daşıyan sənətçi, əməkdar artist Tünzalə Ağayeva bu dəfə də səfir seçiləcəyini təxmin etdiyini deyib: “Bilirsiniz ki, ötən il Milli Olimpiya Komitəsinin Fəal, Sağlam, Ailəm kampaniyası çərçivəsində səfir funksiyasını icra edirdim. Ona görə bəzi söhbətlərdən təxmin edirdim ki, Oyunların Ulduz Elçisi seçilə bilərəm. Mən Ulduz Elçi olmaqla yanaşı, həm də bu oyunlarda könüllülərin səfiriyəm. Bu işi mənə həvalə etdiklərinə görə təşəkkür edirəm və layiqincə onu icra edəcəyimə inanıram. Səbirsizliklə oyunların başlamasını gözləyirəm və inanıram ki, hər şey çox yüksək səviyyədə olacaq. Həqiqətən, bu oyunlar Azərbaycan dövləti üçün mühüm hadisədir və hər birimiz öz töhfəmizi verməliyik. Avropa Oyunları təkcə idmançılara aid tədbir deyil, bu bütün azərbaycanlılara aid möhtəşəm bayramdır. Bu çərçivədə mənim bir təşəbbüsüm yarı italyan, yarı fransız olan populyar bir müğənni ilə beynəlxalq duet oxumaqdır. Xanımın adını açıqlamaq istəmirəm. Amma deyim ki, onunla bir duetimiz olacaq”.
Nərmin