30 Aprel 2015 17:06
6 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tarixi nadir” layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.

Mövzu: Məhəmmədhüseyn Şəhriyar

(əvvəli burda http://teleqraf.com/news/53378 )

– Güntay bəy, “Səhəndiyyə” poeması səviyyəsində farsca bir əsəri yoxdur?
– Yoxdur.

– Niyə?
– Çünki fars dilinin qüsurları belə möhtəşəm əsərin o dildə yazılmasına imkan verməz. Çox təəssüf ki, Şəhriyarın “Səhəndiyyə” əsəri Azərbaycanda tanınmır.

– Tanınmamasının səbəbi nədir?
– Bunun bir səbəbi var. Azərbaycan oxucusu bu növ şeirdən zövq ala bilmir, çünki onun zövqü hələ bu estetik anlayışla tanış deyildir. “Heydər babaya salam” bəlli bir ölçüdə yazılmış və ölçü poemanın sonuna qədər qorunur. Lakin “Səhəndiyyə”də ilk gözə çarpan coşqulu musiqidir. Sonra bütün şeir vəznləri bir-birinə qarışır. Əruz, heca, sərbəst, modern şeir türləri iç-içə girmiş. Nə ərəbcədə, nə farscada, nə ingiliscədə belə bir əsər mövcuddur. “Heydər babaya salam” poemasını otağın bir küncündə balışa arxalanıb oxuyub kədərlənmək olar, lakin “Səhəndiyyə”ni oxurkən yerində rahat otura bilməzsən, durub bir göylərin sonsuzluğuna baxmaq, qaçmaq, rəqs etmək, qarşılaşdığın insanı qucaqlayıb öpmək istərsən.

– Maraqlıdır.
– Doğu ədəbiyyatının ritmik şeir zirvəsini ortaya qoyan Mövlanədir. Mövlananın da şeirlərində musiqi və rəqs iç-içədir. Lakin hətta Mövlanənin də qəzəlləri “Səhəndiyyə” səviyyəsində deyil. Şəhriyarın bu əsəri coşqulu, ritmik, musiqli və təsvirlərlə iç-içədir.

– “Səhəndiyyə”nin belə təsirli olmasının səbəbi nədir? Səhv etmirəmsə Səhənd bir dağ adıdır.
– Doğru, Səhənd bir dağ adıdır, lakin burada iki məna daşır. Əsər “Səhənd” təxəllüsü ilə yazan Bulud Qaraçörlüyə həsr edilmiş. Şəhriyarın böyük sənətçi olmasına təkan verənlərdən biri Səhənd, digəri də Prof. Dr. Cavad Heyət idi.

– Demək, “Səhəndiyyə” əsərini Şəhriyar şair Səhəndə həsr edib?
– Şəhriyar “Heydər babaya salam” poemasını yazdıqdan sonra həm rejim, həm də fars şovinist şairlər tərəfindən sıxışdırılırdı. Onun əməyini dəyərləndirən yox idi. Birdən böyük şair Səhənd “Heydər babaya salam” poemasını oxuduqdan sonra Şəhriyara şeirlə məktublar yazmağa başladı. Səhəndin məktubları çox güclü və milli məzmunla dolu idi. “Özgə çırağına yağ olmaq bəsdir” deyə Şəhriyarı türkcə yazdığı üçün öyürdü. Səhənd çox zəngin bir türk şairi idi. Böyük tekstil şirkətləri də var idi.

– Və Səhənd Şəhriyarla dostluq etməyə başlayır?
– Səhənd Şəhriyara yazdığı məktublarla Şəhriyarın digər gizlin istedadlarını da atəşlədi. “Səhəndiyyə” də bu atəşlənmənin nəticəsidir. Səhəndin ağrılarla dolu məktubuna Şəhriyar ümid dolu bir poema ilə cavab yazdı.

– Dediniz ki, “Səhəndiyyə” musiqili bir əsərdir. Bu əsər üzərinə heç musiqi bəstələnib?
– “Səhəndiyyə” əsəri üzərinə böyük opera və simfonik əsərlər yazıla bilər, lakin hələ yazılmamışdır.

– Əngəl nədir yazılmasında?
– İranda yaşayan türklərdə modern və köklü musiqi bilgisi olan yoxdur. Azərbaycanda da bu növ şeiri anlaya biləcək musiqiçi yox. Azərbaycan bəstəkarlarının klasik əsərlər üzərinə bəstəkarlıq etmələri unudulmuşdur, çünki o şeirin ruh halı ilə tanışlıqları yoxdur. Məncə, qarşımızdakı milli oyanış illərində İrandakı türklərin içindən Üzeyir Hacıbəylilər çıxacaq və onlar “Səhəndiyyə” üzərinə dahiyanə əsərlər yazacaqlar. Musiqişünaslıqla ədəbiyyatşünaslıq iç-içə olmadan “Səhəndiyyə” poeması üzərinə opera yazmaq olmaz.

– Maraqlı yanaşmadır...
– Sənət nədir və bir toplum nə zaman sənətlə dünyanı idrak etməyə, sənətlə estetik zövq almağa başlar? Bu suallar sirli bir şəkildə “Səhəndiyyə” əsərində cavablanmışdır. Bu cavabları idrak etməyən musiqiçi bu əsər üzərinə bir şey yaza bilməz, özəlliklə sənət fəlsəfəsi üzərinə bilgili olmaq bu baxımdan şərtdir.

– Sizcə, Şəhriyarın həyat yolu və uşaqlıq xatirələri onu şairliyə sövq etməkdə nə qədər təsirli olub?
– Şəhriyarın həyat tarixi çox önəmlidir. O, kənddə təbiətlə uşaqlıq vaxtında qarşılaşmış. Elə yaş ki, o yaşlarda insanda hələ xəyalla gerçəkliyin sınırları bəlli edilməmiş. İnsan xəyallarını, yuxularını da gerçəklik kimi anlar. Bəzən də gerçəkliyi xəyal kimi görər. Bu dönəm şüuraltında gizlənərək şairin yaradıcılığıq qaynağına çevrilər. Olqun yaşda hansısa bir hadisə şüuraltındakı bu fırtınaları üzə çıxarar, sənətə daşıyar. Şəhriyara ilham verən də həyatının bu dönəmi, yəni xəyalla gerçəkliyin sərhədlərinin bəlli olmadığı uşaqlıq dönəmi olmuşdur. “Əli mənə yaşıl aşıq verədi” dediyində, görünürdə burada elə də dərinlik yoxdur, lakin bu, kənd həyatının aşıq oynama kimi psixoloji ortamında dəyərləndirdiyində anlaşılar. O yaşlarda bir aşığın kənd uşağı üçün nə qədər dəyərli və hətta mənəvi dəyər daşıdığını ancaq bu hadisəni yaşamış olanlar anlarlar.

– Şəhriyarın eşq həyatı da çox acılı olub.
– Bir çox sənətçinin həyatında üç qadın çox etkili olar. Ana, sevdiyi qadın, uşaqlarının anası olan evləndiyi qadın. Şəhriyarın həyatında hər üçü çox təsirli olmuş və yaradıcılığına yansımışdır. Şəhriyar yaradıcılığının təsirləri baxımından bunları anlatmaq istərdim.

– Buyurun.
– Şəhriyarın həyatında ən böyük təsir buraxan Sürəyya adında bir qız olmuş. Ona “Pəri” adı taxıbmış Şəhriyar. Çox gözəl və kültürlü qız imiş. Bir-birlərini hədsiz dərəcədə sevər və gələcək ailələri haqda planlar qurarmışlar. Lakin Pərini Şahın sarayında çalışan bir dövlət adamı pul gücünə alır. Bunun üzərinə Şəhriyar onunla Tehranın “Behcət abad” məhəlləsində son görüş istəyir. Qızın getməsini əngəlləyirlər. Şəhriyar sabaha qədər orada gözləyir. O günə qədər fars ədəbiyyat ortamında ad çıxaran Şəhriyar sabaha qədər çəkdiyi acını türk dilində bəyan edər. İnsanlar belədirlər. Acı çəkdiklərində, yuxu gördüklərində, yəni ruhun təsirləndiyi zamanlarda ana dilləri yardıma gələr. Şəhriyar o gecəni “Behcət abad xatirəsi” adında bir qəzəldə şeirləşdirər. Bu qəzəl o qədər sadə, o qədər arınmış türkcədə yazılmış ki, oxucunun ruhuna atəş vurub yaxır. Şəhriyarın şah əsərlərindən biri də bu qəzəldir. Hətta başqa heç bir şey yazmasaydı, yenə də sırf bu qəzəli üçün o, türkcənin ən böyük şairi sayıla bilərdi.

– Şəhriyar-Pəri münasibəti başqa şeirlərdə də öz əksini tapıbmı?
– O gecədən sonra Şəhriyarın bütün əsərlərində yanqı, ağrı və kədər var. Türkcə və farsca şeirlərində bu ağır eşq məğlubiyyəti öz təsirini göstərmişdir. Şəhriyar xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına getmiş. Pərinin qucağında artıq süddən kəsilmiş bir uşağı da varmış. Şəhriyar farsca bir qəzəl bu görüş üçün yazaraq “sən öz cigər parəni də sütdən ayırmışsan, ancaq mən hələ də bildiyin səni sevən o dəli qanlıyam, hələ unudulmamışsan. Atan öz gövhərini altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı” yazar. Sonra da zaman keçdikcə Şəhriyarın öz etirafına görə, bu bəşəri eşq yerini Tanrı eşqinə buraxar.

– Bəs ikinci qadın hansı olub, anası, yoxsa evləndiyi xanımmı?
– İkinci qadın anası Kövkəb xanımdır. Təsəvvür edin ki, ölkədə türkcə aşağılanır. Gənc Şəhriyar da bu ölkədə sosial status qazanmaq və maddi həyatını təmin üçün farsca yazmalı, fars dili vasitəsi ilə yüksəlməlidir. Bir gün anası ona “oğlum, o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deyir. Bu bir cümlə Şəhriyarın ruhunda və şüurunda inqilab edir və çox böyük təhlükəli işə girişir.

– Yəqin, üçüncü qadın da evləndiyi xanım olmalıdır...
– Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində də Şəhriyar həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək,

“Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa,
Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!” deyər.

Əzizə Şəhriyarın uşaqlarının anasıdır. Şəhriyarın şansızlığından Əzizə də üç uşaq anası olduqdan sonra gənc yaşda ölür və Şəhriyara bir başqa ruhi zərbə daha vurulur. Şəhriyar Əzizəni xatırlarkən göz yaşlarını tuta bilməzdi.

– Bildiyim qədəri ilə “Şəhriyar” adını O, özünə təxəllüs olaraq seçmişdi. Bu ləqəbi seçməsinin bir səbəbi varmı?
– Şəhriyar özünü məfkurə olaraq Səfəvilər öncəsi ədəbiyyat dünyasına mənsub bilirdi. Bu üzdən Şəhriyar da Səfəvi öncəsi Mövlananın, Əttarın, Xaqaninin,.., özəlliklə də Hafizin təsiri altında idi. Şəhriyar özünü Hafiz Şirazinin məktəbinə mənsub bilirdi. Şəhriyar həyatındakı bədbəxtlikləri yaşadıqdan sonra özünü bütünüylə sənətə həsr edir. Bir təxəllüs tapmaq üçün Hafizin divanından iki dəfə fal açır. Birinci falında “Gedərəm öz Şəhrimə Şəhriyar olaraq” qəzəli gəlir. İkinci fal açdığında da “Şərqin sultanı (günəş) sabah-sabah barağını dağlara sallayaraq “şəhriyar” yazdı” qəzəli gəlir. Beləcə “Şəhriyar” təxəllüsünü Hafizin divanından çıxarır.

– Demək olar, Şəhriyar Hafizdən çox təsirlənib?
– Şəhriyar “nəyim varsa hamısını Hafiz mənə bağışlamışdır” yazar. Hətta qəzəllərinin çoxu Hafizin qəzəllərinin açıqlamasından ibarətdir. Şəhriyarın farsca divanında hər qəzəlin önündə öncə Hafizdən iki misra yazılmış. Hafizdən təsirlənməmək də mümkün deyil. Böyük alman şairi Hötə də almancaya tərcümə edilmiş Hafizin şeirlərindən təsirlənmişdi.

– Güntay bəy, 21 Azər hadisələri zamanı Şəhriyardan heç səs-soraq olmadı, bəs bunun səbəbi nədir?
– 21 Azər olayları zamanında Şəhriyar yaşının ən olqun vaxtında, 40 yaşındadır. Lakin Pişəvəri hərəkatınə əsla simpatiya göstərməmişdi. Bunun da səbəbi var idi. Pişəvərini Stalin dəstəkləyirdi və Təbrizdə çıxan “Azərbaycan” adlı qəzətin hər nömrəsinin ilk səhifəsində “millət atası” deyə Stalinin şəkli yer alırdı. Şəhriyar dühası Stalini necə öz mənəvi atası kimi görə bilərdi? Şəhriyarın o hərəkata qatılmaması Onun böyüklüyünü göstərir. Pişəvəri bir yerdə də “türk” və türk dili”ni ağzına almazkən Şəhriyar “türkcə dedim oxusunlar özləri”, ya da “Türkün dili tək sevgili istəkli dil olmaz” deyə hayqırırdı. 21 Azər məsələsini sovet dəstəkli olduğu üçün sovet Azərbaycanında çoxlu qabardıblar, onun milli dərinliyi yox idi. Sadəcə, Şəhriyar deyil, böyük xanəndə və Şəhriyarın dost Əbulhəsənxan İqbal Azər də Pişəvəri hərəkatınn xoş baxmamışdı.

– Şəhriyarın Süleyman Rüstəm və digər şairlərlə də yazışmaları olub. Bu barədə fikirləriniz maraqlıdır.
– Bunlar “Heydər babaya salam” əsəri yayıldıqdan sonra oldu. Bu əsər demək olar ki, bütün türk ölkələrini öz təsiri altına aldı. Ancaq sovet Azərbaycanının şairləri Şəhriyarı bəlli bir ideologiyanın dar çərçivəsinə soxmağa çalışırdılar. Süleyman Rüstəm də onlardan biri idi. Şəhriyarın onlara yazdığı cavablar daha aydın üfüq açarkən sovet Azərbaycanının şairləri bu üfüqü görəcək dünyagörüşünə sahib deyildilər. Şəhriyar Qurana bağlı mömin bir şair idi. Süleyman Rüstəmin “Şeirimin bir sətrinə Quranı versən, vermərəm” kimi anlamsız söz yığınının ortaya çıxması onun Şəhriyar nəzdindəki sayqınlığına zərər verirdi.

– Türkcə yazıb və türkcə düşünmənin yasaq olduğu bir sistemin içində Şəhriyar öz əsərləri ilə nə kimi mesaj vermək istəmişdi?
– Şəhriyar öz yaradıclığı ilə bu xalqa mədəni şəkildə anlatdı ki, “şaxsey-vaxsey” bağırıb zəncirlərlə özünü döyməsən, yaşadığın kültürün içində ruhunu oxşayacaq gözəllikləri görə bilərsən. “Heydər baba” poemasının əvvəlindən sonuna qədər bir yerdə baş yarıb, zəncir vurmaq, sürülər şəklində mollanın ətəkləri altında ağlayıb sızıldamaq öyülməmişdir.

– Şəhriyarı rejimlərlə əməkdaşlıq etməklə suçlayanlar da var, bu haqda nə deyərsiniz?
– Şəhriyarı tənqid edənlərin heç birində sənət ruhu olmamışdır. Şəhriyarın şaha yazdığı şeirin heç bir ədəbi dəyəri olmamışdır, lakin bu şeirlərin hesabına həyatda qala bildi. “Heydər babaya salam” kimi türkcə bir poemanı yazdığına görə, onun cəzası əslində ölüm idi. Şəhriyar bunu bilirdi. Şəhriyarı tənqid edənlərin çoxu ilə tanış oldum. Şeir nədir, necə yazılar kimi suallar ətrafında düşünə bilməyən, sənət gözü ilə kainatı görmə təcrübəsi olmayanlar Şəhriyarı tənqid və təhqir edirdilər.

– Şəhriyarla bağlı son söz olaraq söyləmək istədiyiniz bir söz varmı?
– Şəhriyar bütün zərrələri ilə, eşqi və kədəri ilə türk mədəniyyətinindir, türk dilinindir.


Müəllif:

Oxşar xəbərlər