Xəbər verdiyimiz kimi, iyulun 25-dən 31-dək Qəbələ şəhərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalın konsertləri Qəbələdəki “Qafqaz Resorte” otelinin kamera musiqisi zalında və açıq havada təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a bildirilib ki, musiqi bayramının ilk günündə – iyulun 25-də kamera zalında Avstriyanın “Vayner Akademiya” kamera orkestrinin konserti keçiriləcək. Həmin gün axşam isə açıq səhnədə festivalın təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik Orkestri çıxış edəcək.
Qeyd edək ki, 2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən Qəbələ musiqi festivalı bu dəfə də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək. Budəfəki festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail və Almaniyadan məşhur musiqiçilər iştirak edəcəklər.