Azərbaycan Dövlət Musiqili Teatrında "2015-ci kvartal" adlı yeni tamaşa hazırlanır.
Bu barədə "Report"a rejissor Əlif Cahangirli məlumat verib.
Tamaşaya gənc rejissor Əlif Cahangirli və Anar Sadıqov quruluş verir. Səhnə əsəri yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin Bakının köhnə məhəllərlərindən birinin gündəlik həyat tərzindən, insanlarından bəhs edən əsəri əsasında hazırlanır. Tamaşanın bədii rəhbəri xalq artisti Azərpaşa Nemətdir.
Ə.Cahangirli deyib ki, həmkarı Anar Sadıqovla birlikdə tamaşanın məşqlərinə başlayıblar: "Musiqili Teatrın aktyorlarının rol aldığı tamaşada, əsas rollardan birini, - Konservativ oğlan olan Əbdül surətini Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov ifa edəcək. Digər rolları, xalq artisti Ramiz Məmmədov, gənc aktrisa Gültac Əlili və digərləri canlandıracaq".
Rejisor deyib ki, tamaşanın mövzusu Bakının köhnə məhəllərindən birinin sökülməsi ilə başlayan prosesi əks etdirir: "Məhəllə sökülür, insanların münasibətləri də özləri bilmədən sökülən məhəllə ilə birlikdə dağılır. Əsərdə hər kəs zamanin axarında baş verən hadisələr nəticəsində öz ideologiyasını təbliğ edir. Tamaşanın əsas süjet xətti xəyanətdir. Bütün bu baş vermiş hadisələrə gənc rejissorlar olaraq, öz yanaşmamız var. Əsəri dekabrın sonu, yanvarın əvvəlində təhvil vermək istəyirik".
Qeyd edək ki, hər iki gənc rejissor bu yaxınlarda Moskvada keçirilən A.P.Çexov teatr festivalından qayıdıb. Onlar festival çərçivəsində Mossovet Teatrında təşkil edilən ustad dərslərdə iştirak ediblər.
Festivalda İngiltərə, Fransa, Tayvan və Afrikadan gəlmiş teatr truppalarının tamaşalarını seyr edən Əlif Cahangirli və Anar Sadıqov Mədəniyyət və İncəsənət Universitetində, xalq artisti, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdən dərs alıblar.