Böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin vəfatının 72-ci ildönümü ilə əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində onun xatirəsi anılıb.
Bu barədə Teleqraf.com-a muzeydən məlumat verilib. Bildirilib ki, anma mərasimində Ərtoğrol Cavidin ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) və bu irslə bağlı elmi-filoloji görüşləri barədə geniş söhbət açılıb. Qeyd olunub ki, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu materialların içərisində xalq arasından toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, oxşamalar, xalq mahnıları, oyun havaları, toy və yas mərasimlərinin təsviri və s. folklor-etnoqrafiya nümunələri vardır. Həmin nümunələr Ərtoğrol Cavidin bu gün də folklorşünaslıq və sənətşünaslıq araşdırmaları baxımından əhəmiyyətli olan elmi-filoloji və musiqişünaslıq görüşləri ilə birlikdə təqdim edilir.
Xatırladaq ki, Ərtoğrol Cavid 24 yaşının tamamına cəmi bir həftə qalmış, 1943-cü il oktyabrın 14-də dünyasını dəyişib.
Oktyabrın 22-də muzeydə Ərtoğrol Cavidin anadan olmasının 96-cı ildönümü qeyd olunacaq.