Xəzər dənizi indiyədək istər şeirimizdə, istərsə də musiqimizdə yetərincə təsvir edilib, şəninə nəğmələr qoşulub. Ancaq dənizin sərt üzünə, onun qansızlığına nə ədəbiyyatımızda, nə də musiqimizdə demək olar ki, rast gəlməmişik.
İxtisasca dənizçi olan şair-publisist Faiq Balabəylinin “Yaşıl yuxulu dəniz” kitabında yer alan, az qala, otuz il əvvəl yazılmış şeirlər bizə Xəzərin sərt üzünü göstərir.
Teleqraf.com həmin şeirlərdən bəzilərini təqdim edir:
Bir azdan qağayılar
Bir azdan qağayılar
yuxusundan yarımçıq
oyanan uşaq kimi
hay salıb “qışqıracaq”.
Bu qışqırığa “yatağından”
qalxacaq dəniz də
görəcəksən,
ləpələr şahə qalxıb
at oynadır dənizdə.
Kədəriylə, ahıyla
tər-təmiz günahıyla
dönük taleyi ilə
sahilə qaçan ləpə
itirəcək özünü.
Geriyə qayıdıb
gətirəcək özünü
yaşayacaq dənizdə.
Üzməyi bacarmayan
uşaq kimi ləpələr
əl-qol atıb, axırda
batacaq bu dənizdə.
Sonra da qağayılar
sakit olub bir qədər
ruh kimi uçub gedib
yatacaq bu dənizdə...
1986.
Yelkəni küləklə dolan gəmi
Yelkəni küləklə dolan ağ gəmi,
yapışıb gövdənə yosunlar sənin.
Yosunlar beləcə ovsunlar səni
Ləpələr istəyir qovsunlar səni
doğma sahillərdən yad sahillərə...
Yelkəni küləklə dolan ağ gəmi,
Yelkənin yellənir dor ağacında,
yelkənin asılıb “dar ağacından”
cavan dənizçilər həyəcanından
itirib özünü, demir sözünü...
Yelkəni küləklə dolan ağ gəmi,
başının üstündə bir əlçim bulud,
açar qanadını göyərçin bulud
göyərtə ovcunda bir içim bulud
dönər ağ yağışa isladar səni...
Yelkəni küləklə dolan ağ gəmi
tufanda qadaya-bəlaya gələr
gümanı tənha bir adaya gələr
təkcə qağayılar haraya gələr
yetişə bilmərik hayına sənin...
1985.
Dəniz elə həmənkidir
Dəniz elə həmənkidir
gah mülayim, üzə gülər,
gah da dönüb ölüm olar
bizi güdər.
Dənizçidə dözüm gərək
ölümünə baxa bilsin,
ölümünə qalib gəlsin,
yıxa bilsin.
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün
Yanıb-sönən mayaklarda
“ümid” adlı bir közərti
görər hər gün.
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar –
su dəlisi.
Mavi sular mavi gözlü gözəl olar
naz eləyər dənizçiyə
Mənim üçün əziz olub,
heç bilmirəm, dəniz niyə?!
1985
Daha bəsdir...
Daha bəsdi, bəsdi, Xəzər,
sularının dadı gedib,
duzu qalıb.
İllər ötüb, sularına sinə gərən
Sahillərin çat-çat olub,
quzulayıb.
Yosunların yaşıl-yaşıl, boyu qısa,
Balıqların yem axtarır,
tapa bilmir.
Qağayılar dövrə vurub ağı deyir
Dalğaların qəzəbindən
yata bilmir.
Ulduzların əksi düşür sularına
Dalğaların ulduzlara
əli çatmır.
Dənizçilər nəğmə qoşur sularına
Dalğaların bu nəğməyə
dili yatmır.
Daha bəsdi, bəsdi Xəzər,
Qurtar ölüm yaymağını
heç bilmirəm görəcəyik
Can almaqdan doymağını?
1986
Dənizə nə olub, görəsən, yenə
Qağayılar dövrə vurub qışqırır,
Nə olubdur, söylə sənə, dənizim.
Külək əsir, dalğaların hayqırır
tutqun olur yavaş-yavaş bənizim
Nə olubdur, söylə sənə, dənizim.
Bir-birini qovur müdhiş dalğalar
Dor ağacı sağa, sola yellənir.
Bir gözəl qız sahilində dayanıb
külək əsir ala gözü nəmlənir
Ürək dözmür, yada salır, qəmlənir.
Gücünə bax uğuldayan xəzrinin
Nəhəng buruq ləngər vurur, dayanır.
Radist oğlan tez aparır əlini
“Sos” yazılmış düyməsində saxlayır,
düşünürsən; ölüm səni haqlayır.
Lap uzaqda yanır-sönür bir işıq
bütün gecə yol göstərir o bizə.
Yanıb sönür, dönüb olur yaraşıq
bu dalğalı, sərt küləkli dənizə
bütün gecə yol göstərir o bizə.
Qaçan dalğa, apar-apar sahilə
o gözələ demədiyim sözləri.
Yəqin gəlib yenə qumlu sahilə
yol gözləyir indi ala gözləri
çatdır ona demədiyim sözləri.
Bir qağayı özün çırpır dalğaya
elə bil ki qucaqlayır dənizi.
Qorxur, dəniz ala onu qoynuna
qanad açıb qucaqlayır dənizi
elə bil ki qucaqlayır dənizi.
Bilmirik, nə zaman dönə bilərik
o qumlu sahilə, nəmli sahilə.
Hələ ki uzaqdan, çox-çox uzaqdan
baxırıq kədərlə, qəmlə sahilə
o qumlu sahilə, nəmli sahilə...
1985.
Bu axşam lövbərsiz gəmi kimiyəm
Nə torpaq qoxusu, nə də gül ətri
Hiss edə bilmirəm, hər tərəf sudur
Hədəfə çevrilmiş sahil kimiyəm
rəqibim dalğadır, hədəfim sudur.
Bu nədir, qorxumu bürüyür məni,
gəlir qulağıma dalğa nərəsi.
Ulaya-ulaya əsən küləklər
Yayır hər tərəfə ölüm nəğməsi.
Üzür uzaqlara tənha gəmimiz
Baxmayır bu haya, haraya, küyə.
Dağılır saçlarım, yaşarır gözüm
Nə isə, dözməyir bu sərt küləyə.
Yoxdur uzaqlarda bir mayak da ki,
Bir ümid, bir pənah gətirsin mənə.
Gərək görüşəndə bircə kəlməlik
sözümü deyəydim ala gözlümə.
Hardasa-hardasa lap uzaqlarda
Bir ana yuxsunu yozmaq istəyir.
Fikrimi, hissimi, duyğularımı
Bu ölüm nəğməsi pozmaq istəyir.
Yoxdur yaxınlıqda bir qağayı da
Deyim ki dayanma, tez uç sahilə.
Yəqin əllərində çiçək dəstəsi
Bir gözəl tələsir qumlu sahilə.
O gözəl əlində çiçək dəstəsi
Dikər gözlərini coşqun dənizə.
Dağılar saçları dalğalar kimi
səpər çiçəkləri, səpər dənizə.
Fikirlər gör hara aparır məni
Qaralır gözlərim, dəli kimiyəm.
Çəkib uzaqlara aparır məni,
Bu gecə sahilsiz gəmi kimiyəm.
1985.