Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Sənət adamları Ulu Öndərimiz Heydər Əliyevlə bağlı təəssüratlarını Teleqraf.com-a bölüşüblər.
Xalq artisti Xuraman Qasımova:
“Ulu Öndərimiz Heydər Əliyevlə bağlı xatirələrimiz çoxdur. Heydər Əliyev ömrümüzün axırına qədər bizimlə yaşayacaq. Ümummilli lider ölkə başçısı olduqdan sonra sənətə gəlmişik. O, sənətdə hər addımımızı izləyib, yüksək qiymətləndirib. Hər zaman çalışmışıq ki, xarici ölkələrdə prezidentimizin başını uca tutaq, Azərbaycanın mədəniyyətini təbliğ edək. Biz heç vaxt dahi şəxsiyyəti unutmayacağıq. Çünki, o, bizə böyük qayğı göstərib, qiymət verib. Ondan əsl ata qayğısı görmüşük. Çünki valideynlərimizi tez itirmişik. Heydər Əliyevlə dəfələrlə xarici ölkələrdə olmuşuq. Hər zaman nümayəndə heyətinin tərkibində Azərbaycan mədəniyyət işçilərini də aparırdı. Azərbaycanın gözəl mədəniyyəti, incəsənəti ilə fəxr edirdi. İfaçıları vaxtında dəyərləndirirdi. Deyərdi ki, sənətçilərə qiymət vermək, insanlarla hesablaşmaq lazımdır. Onun bütün sözləri qulağımdadır. Bizim evimizdə ən gözəl xatirələr onunla bağlıdır. Biz fəxri adlar, diplomlar alanda əlini uzadır, öpür, təbrik edirdi. Çox yaxşı, hərtərəfli insan idi. Allah ulu öndərimizə qəni-qəni rəhmət etsin”.
Xalq artisti İlhamə Quliyeva:
“Bu gün Heydər Əliyevin vəfatı günüdür. Hər kəs bu gün onun ruhu qarşısında baş əyir. Bütün Azərbaycan vətəndaşları Heydər Əliyev məzarını ziyarət edir. Azərbaycan xalqı, dövlətimiz, eləcə də mənim üçün Ulu Öndərimiz sağdır, yaşayır, dünyasını dəyişməyib.
Onun əsasını qoyduğu siyasəti Ulu öndərin davamçısı, Heydər Əliyevin şah əsəri olan İlham Əliyev layiqincə davam etdirir. Onun simasında Heydər Əliyevin ideyalarının yaşadığını görürük. Ulu Öndərimiz özü üçün deyil, xalqımız, vətənimiz, bayrağımız üçün yaşayıb”.
Əməkdar artist Murad Dadaşov:
“Heydər Əliyev dahi insan idi. O, Azərbaycan və dünya üçün böyüksiyasətçi olub. Ulu öndərimiz mənim və “Parni iz Baku” komandasının üzvlərinin həyatında böyük rol oynayıb. Hamı ondan çəkinən vaxt mən onu parodiya etmişdim. Dahi insan parodiyamı çox gözəl qarşıladı. Heydər Əliyev ilk lider idi ki, “KVN”nin konsertlərini izləməyə gəlmişdi. Bizi izləməyə gələrək ölkə gənclərini necə dəstəklədiyini göstərmişdi. Hər zaman uşaqlarıma deyirəm ki, fəxr edirəm ki, elə böyük dahi ilə görüşmüşəm. Allah rəhmət etsin”.
Rəqsanə Həsənova