Teleqraf.com Aysel Əlizadə ilə müsahibəni təqdim edir.
– Aysel xanım, kitablar, imza günləri, müsahibələr, sərt açıqlamalar, köşələr... Bu şeylər sizi bezdirmir ki? Şəxsən mən çox yorulmuşam.
– Mən də yorulmuşam...
– Niyə?
– Bütün bunlar nə qədər maraqlıdı? Və həqiqət bunların hansındadı?
– Sizcə, hansında?
– Cavabım yoxdu.
– Bəs yazmaqda məqsədiniz, marağınız nədir? Tarixdə qalmaq istəyirsiniz, yoxsa içinizi kağıza köçürmək sizi rahatlaşdırır, yoxsa oxucu sevgisi stimul verir, yoxsa bunun bir maddi qarşılığı var...
– İnsanın nəsə yaratmalı olduğunu düşünürəm. Yaza bilməsəydim otağımı gül bağçasına döndərərdim, dibçək gülləri bəsləyərdim, onların çiçəklənməsini gözləyərdim. Yaza bilməsəydim, rəsm çəkməyi öyrənərdim, saatlarla əlimdə fırça bir baxış üzərində dayanardım. Ya da Nazim Hikmətin sualına cavab tapmağa çalışardım...
– Hansı sualına?
– Sən mutluluğun rəsmini çəkə bilərsənmi, Abidin? Mutluluğun rəsmini çəkməyə çalışardım, bəlkə sirrini də tapardım onda...
– Yazmasaydınız başqa nə eləyərdiniz?
– Çox şey etmək istəyirəm. Mahnı oxumaq, film çəkmək, səsli şeirlər işləmək və s. Sənət gözə dəymir heç yerdə. Evlərdə rəsm əsərləri, kitabxana, piano, dibçəklər yoxdu. Çox çətindi belə bir ortamda yaşamaq. Başqa cür evdə böyümüşəm. Anamın gülləri, pianosu, valları və kitabxanası vardı...
– Sizin ananız da şairdir. Bəs niyə bir dəfə sizə şair qızı demirlər?
– Çox adam bunu bilmir. Üstəlik, biz iki ayrı, bir-birindən qopmuş yaradıcı insan kimi tanınırıq. Nə mən anamın adına sığınmışam, nə o, hardasa Ayselin anasıyam deyib. Çox nadir...
– Yeri gəlmişkən, ananızın yaradıcılığına münasibətiniz necədir, Kəmalə xanımın şeirləri xoşunuza gəlirmi?
– Əlbəttə. Kəmalə xanım öz nəslindən olan qadın şairələrdən seçilir. Bütünlükdə bizim qadın poeziyamızda seçilir.
– Məsələn, hansı misralarına yada sala bilərsiniz?
– Saat - insanın böyük kəşfi
bəlkə də ən böyük səhvi.
– Sonra...
– Damla-damla yığdığım bir ürək səadəti
adam-adam itirməkdən qorxuram.
Azərbaycana yazdığı “ Torpağını geyinərəm əynimə” misrası, ya da “ Özün günahkarsan” da yazdığı:
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən,
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisən.
Bu həm də dövrünə görə bizim poeziyada cəsarətli şeirlərdi...
– Aysel xanım, ədəbiyyatda iddianız nədir? Yəni təxminən hara qədər ucalmaq istəyirsiniz?
– Nobel almaq istəyirəm, bunu dəfələrlə demişəm. İlahi, biz poeziyanı - ədəbiyyatı bu kiçik ölkəyə necə yerləşdiririk...
– Sizdə qəribə bir iddia hiss edirəm. Hərdən sənətin sirlərinə dərindən yiyələnmiş, artıq ədəbiyyatından öz möhürünü vurmuş sənətkarlar kimi çıxışlar edirsiniz. Xətrinizə dəyməsin, belə çıxşlarınızın adamlarda qıcıq yaratdığını hiss edirsinizmi? Bəlkə də qəsdən belə eləyirsiniz...
– Dəhşətlidi...
– Nə?
– Adamlara xidmət edirəm. Onlar üçün kitablar çap edirəm, köşələr işləyirəm, adamlar üçün ədalətsizliyə nifrət edirəm. Xoşbəxt, rahat yaşamalarını arzulayıram. Axı niyə onları qıcılandırmalıdı hansısa iddialı cümləm? Çox dəhşətlidi.
– Niyə hər şeyi adamlar üçün eləyirsiniz, heç özünüzü düşünmürsünüz?
– Yaradıcı adam gördüyü işdən həm də özü zövq alır. Özün üçün olan hissəsi budu. Qalanı başqaları üçündü. Cəmiyyətsə məsələyə bu cür yanaşmır. Bütün bunların onun üçün olduğunu düşünmür. Yoxsa ölümündən sonra dünyanın 22-dən çox dilinə tərcümə olunan Xəlil Cibran acından ölməzdi.
– Bir müğəni var, onun da adı Aysel Əlizadədir. Məncə, görünüşcə də bir-birinizə oxşayırsınız. Maraqlıdır, sizi dəyişik salımırlar ki?
– Gəlin, Silvia Platdan danışaq...
– Sizi müğənniyə oxşatmağım xətrinizə dəydi ki?
– Yox, mahnı oxumaq xoşuma gəlir.
– Hansı mahnılar xoşunuza gəlir?
– Məsələn, Sezainin “ Üsyan” ı, Sezenin “İstanbul” u, Mirzə Babayevin “ Liman” ı...
– Bəs özünüzü hansı qadın kimi görmək istərdiniz, elə bir qadın varmı?
– Sezen Aksunu sevirəm. Böyük şair, bəstəçi və ifaçıdı. Böyük də qadındı.
– Azərbaycanda böyük qadın yoxdurmu?
– Var...
– Varsa hardadı onlar?
– Flora Kərimova, İradə Tuncay, Lalə Şövkət... Sadəcə, onlar böyüdükcə cəmiyyət onların yararsız hesab etdiyi şaxələrini budamaqla məşğul olub.
– Hərdən xanım yazarları məhz xanım olduqlarına görə süni, yalançı tərif eləyirlər. Siz bu şeyləri hiss edirsinizmi? Yoxsa sizə qarşı yalançı təriflər olmur...
– Bilirsiz, mən təriflərə dərindən yanaşa bilmirəm.
– Siz Yazıçılar Birliyindən çıxmağınız haqqında mətbuata xəbər vermişiniz, amma hardasa oxudum ki, gedib ərizə yazıb rəsmi şəkildə qurumdan xaric olunmursunuz...
– Nə danışırsız, ərizəni çoxdan yazmışam.
– Aysel xanım, özünüzü ən çox şair kimi hiss edirsiniz, yoxsa publisist, yoxsa yazıçı, hansında daha rahatsınız?
– Mən şair kimi narahat oluram, yazıçı kimi yaşayıram, publisist kimi etiraz edirəm.
– Bəs qadın kimi nə eləyirsiniz?
– Sevirəm.
– Gözəl görünmək üçün çoxmu əziyyət çəkirsiniz, yoxsa özünüzə diqqət ayırmaq sizə xüsusi zövq verir?
– Yox, əziyyət çəkmirəm. Xüsusi nəsə etmirəm. Özümü çox istəyirəm.
– Ən çox hansı cəhətinizi bəyənirsiniz?
– Xırdaçı deyiləm.
– Aysel xanım, deyirlər, gözəlliyin cəzası ağır olur... Siz heç gözəlliyinizin cəzasını çəkmisinizmi?
– Bu suala cavab verməkdən yorulmuşam.
– Yaşlanmaqdan qorxmursunuz ki?
– Çirkinləşmək istəmirəm, Ancaq yaşlanmaq bəlkə də elədiklərimə daha çox diqqət çəkilməsinə səbəb olar. Çünki əvvəlki sualınıza cavab kimi də deyim...
– Onda qoy sualımı təzədən verim. Siz heç gözəlliyinizin cəzasını çəkmisinizmi?
– Uzun illər yalnızca gözəl qadın olmadığımı isbatlamağa vaxt sərf etmişəm. Haqqımı daha tez və daha ədalətli ala bilərdim. İmzamı qoyduğum hər yazıya həm də ürəyimi, beynimi qoymuşam. Ancaq çoxluq görünüşümdən danışıb. Devid Yum “ Mənim həyatım” essesində “İnsan psioxologiyası haqqında traktat” ın nə qədər uğursuz taleyi olduğundan yazır. Təsəvvür edirsiz, birinci çapdan sonra satılmayan, diqqət çəkməyən kitabın günahını özündə görür, ruhdan düşmür və yenidən işləyib təkrar çapa verir. İkinci nəşr də uğursuz olur.
– Uğursuzluq nədi ki?
– Uğursuzluq tənqidçilərin diqqətini çəkməmək, satılmamaq, müzakirələrə yol açmamaq, diskurs yaratmamaqdı. Bir müəllif üçün bu faciədi. İndi Yum yoxdu, “traktat” ı isə dünyanın ən məşhur elmi, fəlsəfi, psixoloji əsəri kimi yaşayır. İş ondadı ki, söhbətin əvvəlində dediyiniz o təqdimatlar, imza günləri heç bir elmi, ədəbi deyişmələrə səbəb olmur. İstehsalat var, istismar yox. Nəticədə hamı özü üçün dahiyə çevrilib oturur və yeni nəsə yaratmaq haqda düşünmür. Dovlatovun “Çamadan” kitabında bir yer var. Qadın deyir, eşitmişəm yazıçı olmusan. Dovlatov özünü itirir. Yazır ki, sözün ağırlığı məni tutdu. Çünki biz heç birimiz özümüzə yazıçı demirdik, dahi bilirdik özümüzü. İlk dəfə yazıçı olmağın yükünü onda hiss edir. Yazdıqlarımız böyük müzakirələrə səbəb olmadığı üçün narahat olmalıyıq və nələrsə etməliyik. Çox da ki, Devid Yum “ traktat” a görə ruhdan düşmədiyini yazıb. Ancaq narahat olub axı. Yenidən işləyib əsəri, yenidən çap edib.
– Heç özünüzü qaynana kimi təsəvvür eləmisiniz?
– Qızımın üç yaşı vardı. Bağçaya gedirdik. Yolda mənə qəfildən qayıtdı ki, ana, bilirsən, bağçada İsmayıl var, mənə sevinir. Quruyub qaldım. Necə sevinir, qızım? – soruşdum. Məni görəndə gülür, bax belə... edib dişlərini göstərdi. Ondan sonra İsmayılı görmək istədim. Maraqdan ölürdüm...
– Nə idi o maraq?
– Görən qızım necə bir oğlandan danışır. Qrupun ən qəşəng uşağı idi. Qızımın maraqlarına, dünyasına çox həssasam.
– Qaynana...
– Qaynana kimi təsəvvür etməmişəm özümü heç vaxt.
– Mən bir qadın tanıyıram, hamilədir, qızı olacaq. İndidən qızının cehizi üçün pul yığır. Sizdə belə hisslər olubmu?
– Heç olmayıb. Qızımı rəssamlığa, kino məktəbinə aparıram. Çalışıram mümkün qədər maraqlı mühitdə olsun, nəsə öyrənsin. Ancaq cehiz məsələsi heç vaxt ağlıma gəlməyib.
– Tez-tez deyirlər ki, qadın azad olmalıdır, amma... Və “amma”nın sağ tərəfinə o qədər sərhədlər qoyurlar, baxırsan ki, əslində, bu adam tamamilə qadın azadlığına qarşıdır. Bəs siz “amma”dan sonra hansı sərhədləri qoyardınız? Qadın azad olmalıdır, amma...
– Ammasız. Xəlil Cibran yazıb ki, siz azadlığın qarşısında elə səcdə edirsiz, sanki o tirandı, siz qul. Nə qədər ki, azadlığa “amma”lı bir anlayış kimi baxacağıq o qədər ona həsəd aparacağıq və heç vaxt əsl azadlığımız olmayacaq. Azadlığın amması yoxdu, tərifi var mənə görə.
– Nədi?
– Azadlıq insanın təbii halıdı.
– Hiss edirsiniz ki, cəmiyyətdə qadının rolu gücləndikcə boşanmaların sayı artır?
– Hiss edirəm ki, qadın adam olduğunu anlamağa başlayır.
– İkinci dəfə dünyaya gəlsəydiniz yenə Ramin Hacılı ilə ailə qurardınızmı?
– Gülməli sualdı.
– Yəqin bir cavabınız var...
– Bilmirəm yenidən dünyaya gəlsəm necə olar. Ramin yaxşı həyat yoldaşıdı.
– Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın...
Mən də bir aslanam düşənsən bir az,
Aslanın erkəyi, dişisi olmaz...
Belə qadınlara münasibətiniz necədir?
– Müti olmaqdan qat-qat yaxşıdı.
– Aysel xanım, sizcə, qadının gücü nədədir, qadın hansı üsuallarla yaşasa, hansı yollarla getsə güclü olar?
– Heç nədən qorxmasa.
– Qorxunun özü də bir hiss deyilmi? Hərdən qorxmaq adama ləzzət də eləyir.
– Mənə etməyib.
– Deyirlər, göz yaşı qadına gözəl yaraşır...
– Göz yaşı kişiyə də yaraşır.
– Ağlamaqla aranız necədir?
– Ağlamağı sanki tərgitmişəm-nədi. Gecə idi. Evdə tək oturmuşdum. Ruhumu darmadağın hiss edirdim. Uçuq-sökük bir şey. Səhərədək yatmadım, viskim də vardı. İçdim, doyunca ağladım və özümə söz verdim ki, bir də heç nə səni bu qədər ağrıtmayacaq. O gündən elə ruh halında olmuram.
– Oxucular fikirləşəcək ki, görəsən, Aysel Əlizadəni sonuncu dəfə ağladan nə olub...
– Fikirləşməzlər. Bu müsahibəni məni sevənlər oxuyacaq, onlar da məni yaxşı tanıyır yazılarımdan. Mən də onları tanıyıram. Ürək qurdalayan deyillər.
– Heç güzgüyə baxıb ağlamısınızmı?
– Hə, ağlayardım əvvəllər. Yəqin güzgülüsü də, güzgüsüzü də olub. İndi özüm öz çiynimə söykənib yaşayıram – ağlamadan.
– Aysel xanım, müsahibə boyu sizin bir neçə halınızı müşahidə elədim. Sanki ağlamaqdan danışanda ağlayırdınız, gülməkdən danışanda gülürdünüz. Elə bil bir az da aqressivsiniz. Hər şey gözəldirmi?
– Hə, gülüşə də, göz yaşına da sadiq olmaq çox önəmlidi. Hətta aqressiyaya da. Heç bir təbii duyğunu boğmağa gərək yoxdu. Sadəcə, özümüzü tərbiyə edə bilərik, insanları incitməmək üçün. Günəşi hər gün hiss etmək gözəldi...
Kəramət Böyükçöl