23 Dekabr 2015 22:24
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri,görkəmli aktyor Cahangir Zeynalovun 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Teleqraf.com xəbər verir ki, yubiley tədbirində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY Türk mədəniyyətləri beynəlxalq təşkilatının baş katibi Düsen Kaseinov, Akademik Milli Dram Teatrının baş rejissoru Azərpaşa Nemət və sənət adamları iştirak edib. Nazir Əbülfəs Qarayev Cahangir Zeynalovun Azərbaycan teatrının yaranmasındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Cahangir Zeynalov və onun kimi teatr fədailərinin hesabına Azərbaycan teatrı bu günlərə qədər yaşayıb və durmadan inkişaf edib: "Cahangir Zeynalov kamil, müdrik və nəcib şəxsiyyət idi. Ona görə cəmiyyət, xalq ona çox böyük hörmət göstərir, sevirdi. Bugünki nəsil də onu bu cür anır və sevir".

Azərpaşa Nemət Cahangir Zeynalovun teatr səhnəsində fəaliyyətindən danışıb. O bildirib ki, aktyorun oynadığı cəsarətli rollar tamaşaçılar tərəfindən sevilib, teatrın inkişafı naminə gördüyü işlər isə heç vaxt unudulmayıb: "Cahangir Zeynalovun xidmətləri əvəzolunmazdır. Bu gün bu səhnədə onu xatırlamaq, gördüyü işlərdən danışmaq məni çox sevindirir. Cahangir Zeynalovun ən böyük əsəri Nəsibə Zeynalova, Nəsibə Zeynalovanın isə ən böyük sənət əsəri oğlu Cahangir Zeynalov olub".

Çıxışlardan sonra "Cahangirdən Cahangirə" adlı bədii layihə çərçivəsində Anton Çexovun "Qu quşunun nəğməsi" ("Kalxas") əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın rejissoru Cahangir Zeynalovun nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovdur. Səhnə əsərində rolları Cahangir Novruzov və Hikmət Rəhimov oynayıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər