“Mən tez- tez yuxu görürəm, heyif ki, dərhal da unuduram. Amma elə rəngli yuxular olur ki, o yuxuları görməyə davam edirəm və onlar şeirə çevrilir”.
...Paltarından mavi işıq tökülürdü. Buzlar təbil çalırdı. Səssiz dünyanı dinləyə bilmək üçün gözlərini yumdu. Hardasa çat vardı, orda xəlvəti ölüləri sərhəddən keçirirdilər... O, yuxu və reallıq arasında yaşananları şeirinə gətirirdi.
Şimal dənizi və yer səthini örtmüş buzlaqlar... Əslində qış onun üçün həyatın özünü ifadə edirdi. İnsanları da soyuqqanlı idi o yerlərin. Emosiyalarını göstərməyə xəsislik edirdilər. Nə gülür, nə çığırır, eləcə donuq nəzərlərlə baxırdılar. Anlamaq çətin idi, bu adamlar darıxır, yoxsa əksinə, onlara çox maraqlıdır... Qışın formulu həyatın formulu idi. Şeirlərinin birində həyatın simvolu- yaşlı və gənc sərnişinləri dibsiz dar yolla daşıyan avtobusdur. Amma hardasa iynəyarpaq meşəsindəki bir gəminin mavi işıq saçmasına da bənzəyir. Əgər o, dayansa və işıqları söndürsə, dünya yox olacaqdı.
O, öz şeirlərində məişətin adiliklərində gizlənmiş gözəlliyi və mistikanı açıb göstərirdi:
Binalardan bir az o yandakı açıqlıqda
atılmış bir qəzet parçası aylarla yerdə qaldı,
hadisələrlə dolu.
İndi yıpranır gündən-günə yağışda, günəşdə,
bir bitkiyə, kələmə çevrilmək, torpağa qarışmaq üçün.
Eynən yaddaşın yavaş-yavaş özümüzə çevrilməsi kimi.
Onun şeirində çiçək azdır, rənglər isə solğun və tutqun... Amma əvəzində misralar qaranlığın, işığın və kölgənin oyunuyla zəngindir. Məsələn, qara küknarların və “tüstülənən”günəş şüalarının xaosundan bəhs edən şeirini xatırlayaq... Hər bir şeiri sanki fotoşəkildir, elə bir fotoşəkil ki, reallığın kiçik bir fraqmentini “qeydə alıb”. Onun reallığı isə miflərlə həmsərhəd dünyadır, harda ki, ölülərlə dirilər qovuşur:
Simli alətlər kvarteti çalınır. Və mən nəm ağacların
arasından keçərkən yoxa çıxır ayaqlarımın altındakı
torpaq,
doğulmamış bir uşaq kimi büzülür,
mürgüləyirəm, tük kimi gələyəcə yuvarlanıram
və birdən başa düşürəm bitkilərin də düşündüklərini.
Böyük İsveç şairi, Nobel mükafatçısı Tomas Tranströmer 1931-ci ildə İsveçin Stokholm şəhərində doğulub. İkinci Dünya müharibəsi başlayanda o balaca qayğısız oğlan idi, amma istər-istəməz vaxtından tez böyüməli olmuşdu. İsveç nertral ölkə olsa da, qonşu ölkələr işğal altındaydı. Müharibənin ağırlığı İsveçin də üzərinə çökmüşdü. Ölkə izolyasiyada idi. İnsanlar isə öz aralarında “müharibə” aparırdılar; onlar iki cəbhəyə bölünmüşdülər. Bir qismi almanların, o biri qismi müttəfiqlərinin tərəfində idi. Tomasın valideynləri ayrılmışdı, o, anasıyla qalırdı. Onların qohumları, yaxın ətrafı almanlara qarşı idi, Tomas özü isə bu cəbhənin ən mübariz “əsgəri” idi. Bu balaca oğlan əsl “professorluq” edirdi. Mütəmadi qəzetləri izləyir, səhərdən-axşamadək “mühazirə” oxuyurdu. “Əlbəttə ki, uşaqlar özlərini belə aparmamalıdırlar”- sonralar Tranströmer bu haqda gülümsəyərək danışırdı.
Uşaq vaxtı tədqiqatçı olmaq, insan ayağı dəyməyən ölkələri kəşf etmək istəyirdi. Ən çox da Afrika onu özünə çəkirdi. 11 yaşında o artıq Afrika haqqında deyil, böcəklər haqqında düşünürdü. Əlində tor, gəzib-dolaşar, müxtəlif kəpənək və böcəklərdən kolleksiya toplayardı.
1951-ci ildə o, İslandiyaya gedir və demək olar ki, səfil günündə qayıdır. Xoşbəxtlikdən, 1954-cü ildə şeirlər kitabı nəşr olunur və kitabdan aldığı qonorarı köhnə arzularının gerçəkləşməsinə sərf edir ; Şərq ölkələrinə səyahətə çıxır. “Bax, bu, əsl macəra idi”!- Tranströmer sonralar deyirdi.
Bəzən düşünürdü ki, əgər tutaq ki, 80-ci, ya 90-cı illərdə doğulsaydı, onun həyatı görəsən necə olardı?- Əgər uşaq bağçasına getsəydi, başqa cür tərbiyə alsaydı və Stokholmun latın gimnaziyasının qəzəbli müəllimləri onun həyatında olmasaydı?.. “Yəqin ki, insanlarla bağlı olan hansısa bir sahəni seçərdim. Bəlkə elə yenə də psixoloq olardım”.
Onun əsas peşəsi həkim-psixoloq idi. Bir müddət yeniyetmələrin həbsxanasında işləmişdi. Psixoloqlar müəyyən qədər xəstələrin hissləri ilə yaşayırlar. Bu ağrılar bir növ onları təqib edir. Bəlkə də 90-cı illərdə onun ağır insult keçirməsinə səbəb olan da elə “yerbəyer edə bilmədiyi” hisslərin xaosu idi. Şeirlərindəki mavi işıq da bu xaosla “buxovlanırdı”.
Peşəkar pianoçu idi. “Hər şey do səsinə istiqamətlənir”,- yazırdı şeirlərinin birində. İnsult keçirdikdən sonra sağ tərəfi iflic olan şair yazıb-yaratmağın çarəsini belə tapır: Sol əllə yazmağı və pianoda sol əl üçün yazılan musiqiləri ifa etməyi öyrənir. “Poeziya və musiqi bir-birilə sıx bağlıdır, amma bu əlaqənin nə olduğunu izah etmək çətindir. Mən əvvəl obrazları musiqidə tapıram, sonra isə onlar şeirə keçir”.-deyirdi Tranströmer.
Tomas Tranströmer 40-cı illərdə yazmağa başlayanda 19 fransız şairinin şeirlər toplusu təsadüfən əlinə keçir. O kitab həyatında vacib rol oynayır. Əvvəlcə fransız sürrealizmindən bəhrələnir, sonra isə tamamilə yeni və qeyri-adi poetik üslubda özünü ifadə edir.
12 kitab müəllifi idi. “Məni az yazmaqda qınayırlar”, -deyirdi o. Məhsuldar yazanlar çox idi. Amma onun kimi yalnız sözün deyil, həm də duyğuların ustası ola bilmək-bax bunu hər şair bacarmazdı. Tranströmer ədəbi aləmdə 50-ci illərdə sürrealizmin banisi A. Bretondan etdiyi tərcümələrlə tanınmışdı. Öz şeirlərinin tərcüməçiləri haqda isə belə deyirdi: “Bəxtim gətirib ki, məni bir az İsveç dilini bilən şairlər tərcümə edib. Dil bilməmək o biri çatışmamazlıqarın yanında nədir ki! Bir də görürsən, şeirlərin elə bir dil mütəxəssisinin əlinə düşür ki, ya poeziyadan başı çıxmır, ya da ümumiyyətlə şeirlə maraqlanmır!”
Onun şeirləri söz üzərində çoxillik təcrübədən xəbər verir. Hər yeni kitabında o, öz poetikasında nəyisə dəyişir, kitabdan-kitaba, sözdən-sözə keçdikcə, fərqli və yeni olurdu. Poeziya onun üçün ümumi qəbul olunmuş qaydalara əks olan reallıq idi. O, reallığı başqa cür görürdü.
“Bilirsiz, yazıçının problemi nədir”? – deyirdi Tranströmer – “Sən öz daxilindən nəyi isə üzə çıxarırsan. Və düşünürsən ki, sənin yaratdığın, mətnə gətirdiyin nəsnələr mütləq oxucuya xoş gəlməlidir. Axı sən onu yaradarkən vəcdə gəlmisən, səni hisslər çulğalayıb. Elə bilirsən, oxucunu da eyni hisslər saracaq. O isə soyuq baxışlarla sənə baxır və heç nə hiss etmir. Bax, gənc şair üçün əsl sarsıntı budur”.
Onun hər sətrindən tənhalıq boylanırdı. Amma bu, səthi təsvirlərdən qaçan tənhalıq idi. Bu şeirlərdə insan bəzən tərk edilmiş maşın kimi, bəzən də qarşılıqlı ahəngdə bir-birinin səssizliyini qoruyan iki ağac kimi tənhaydı... Tranströmer ötən günlərin xiffətini edirdi. O artıq köhnə dostlarıyla da görüşmürdü. Halbuki onlar yaradıcılığa bir yerdə başlamışdılar. Amma iş elə gətirmişdi ki, ya onlar yazmağın daşını atmışdı, ya da məşhur ola bilməmişdilər. Onların içində yalnız Tranströmer şöhrət tapmışdı. Görünür, köhnə dostları onunla ünsiyyətdə olarkən müəyyən kompleks keçirirdilər və bu da münasibətlərə təsir edirdi. “Biz adi gündəlik qayğılardan danışanda problemimiz olmur, amma elə ki, söhbət ədəbiyyata gəlib çıxır, həmin o gözəl mühiti diriltmək müşkülə çevrilir. Halbuki o mühitdə biz nə vaxtsa eyni idik, düşüncələrimizi səxavətlə paylaşır və gələcəyə ümid edirdik”.
Amma Tranströmer düşünürdü ki, hətta ən tənha şairin də öz auditoriyası var. Bu, bəlkə də gözlə görülmür, bəlkə hətta o şair də onun varlığından xəbərsizdir. Bu auditoriya- sənin dostların, sənə yaxın adamlardır. O adamlar ki, səni başa düşürlər:
Bir mart günü dənizə gedirəm və qulaq asıram.
Buzlar səma kimi mavi. Günəşdə parçalanırlar.
Günəş də mikrofondan fısıldayır buzun örtüyü
altında.
Çağlayır və köpüklənir. Və elə bil kimsə çarşaf
silkələyir uzaqda.
Hər şey tarix kimidi: bizim İndiki Zamanımız. Örtülüb,
qulas asırıq.
Sözün sözlə, səsin səslə qaynayıb-qarışması…Bu, poetik tərcümələrdir. Tranströmerin şeirləri dilimizə uzaq Skandinaviyanın ovqatını, havasını gətirib, amma heç də yad və ögey səslənmir. Bir çox Qərb şairlərini, eləcə də Tomas Tranströmeri dilimizə çevirmiş şair Qismətin dedikləri: “Mənə onun şeirlərində ən doğma gələn məqam özünün bir müsahibəsində dediyi fikir olmuşdu, təxminən beləydi ki, "mənim şeirlərim görüş yerləridir. " Sonra şeirlərini çevirdikcə gördüm ki, Tranströmer məşhur ayrımı, klişeni dağıdır sanki - təbiət-industriya, kənd-şəhər ayrımını. Onun şeirlərində təbiət - tutalım, kəndin gecəsi, maşının pəncərəsindən (yəni urbanistik məhsulun) təsvir edilir. Tərcümədə çətin olan isə əsasən formanı saxlamaq və bəzi idiomatik ifadələrin qarşılığını tapmaq idi. Düzdür, Tranströmerdə söz oyunu çox deyil, amma bəzi qanadlı ifadələr var ki, onların bizim dildə ekvivalentini tapmaq çətin idi. Əsas isə formanı saxlamaq idi. Çox müxtəlif ölçülü və formalı şeirlər yazıb, fikrini səlis ifadə etməyə çalışanda formanı, ya da ölçünü pozmalı oldum bəzən. Amma maksimum dərəcədə çalışdım anlaşıqlı olsun. Bəzi şeirlərində sürrealizmə xas yuxu ilə ayıqlıq arasında olan ovqat, aura var, çalışdım az da olsa, o havanı da saxlaya bilim”.
Parçalanmaq üzrə olan adalar kimidi iclaslar.
Sonra: sarsılan uzun bir uzlaşma körpüsü.
Bütün gediş-gəliş ordan olacaq, ulduzların altında,
doğulmamış solğun üzlərin altında,
boşluğa sürgün olunmuş, düyü dənələri kimi adsız.
2011-ci ildə Tomas Tranströmer “reallığa yenidən, dəyişmiş nəzərlərlə baxmağa sövq edən yarışəffaf obrazları üçün” Nobel mükafatına layiq görülür. O reallığı Tranströmer həyatın bir fraqmentindən “toplayırdı”. Bu prosesi belə izah edirdi: “Qarışqa yuvasına yığışan kimi, hadisələr də sürünərək orada toplaşırlar, mən o obrazları həyatın bir hissəsindən kəsib götürürəm”.
2015-ci il, martın 26-sı böyük şair yuxu və reallıq arasında son gününü yaşayır. Paltarından mavi işıq tökülürdü. Buzlar təbil çalırdı... Səssiz dünyanı dinləyə bilmək üçün gözlərini yumdu. Yuxu və ayıqlıq arasında yarıq vardı, orda ölüləri xəlvəti sərhəddən keçirirdilər...
Günel Natiq