Teleqraf.com-un “Portret” rubrikasında mərhum Aşıq Xanlar Məhərrəmovu dostu Aşıq Əli Quliyev xatırlayır:
- Eyni kənddən iki ustad aşıq: biri Aşıq Xanlar, biri də Aşıq Əli. Ustad, sizin Aşıq Xanlarla tanışlığınız bizim üçün çox maraqlıdır.
- İkimiz də Tovuz rayonunun Əlimərdanlı kəndindənik. Xanlarla mənim tanışlığım lap körpəlikdən olub. Həmyaşıdıq, onunla eyni sinifdə oxumuşuq, bir ustada qulluq eləmişik.
- Bir yerdə keçirdiyiniz uşaqlıq illərindən yadınızda ən çox nə qalıb?
- Yadımda o qalıb ki, hər altıncı günü məktəbdən qaçıb xama yeməyə gedirdik. Tovuzda bir çay var. Həmin çayın bir tərəfində ferma vardı, o biri tərəfində də iri bir qaya. Həmin qayanın başından üzü fermaya tərəf “Dastanı” üstündə Səməd Vurğunun “Ceyran”ını oxuyurduq. Fermadan da deyirdilər ki, balaca aşıqlar gəlib, onların xamasını hazırlayın. Gözəl yerlər idi. Yaz vaxtı oralar çox gözəl olurdu.
- Sonralar qoşa qanad kimi parladınız...
- Dərdin alım, Tovuz rayonu yaranmışdan aşıq sənətinin konservatoriyasıdır. Xanlarla mən də tovuzda həmişə aşıqların, ustadların yanında olmuşuq. Bizim dövrümüzdə aşıq sənəti o qədər yüksəklikdə idi, o qədər gözəl idi ki, həmin vaxtlarda bu sənətdə yer tutmaq müşkül iş sayılırdı.
- Niyə?
- Məşhur aşıqların yanında bizim kimi cavanların ad-san qazanması çətin idi. Əsəd-Mirzə, İmran-Əkbər, Əmrah-Kamandar kimi aşıqlarımız olub. Amma Allaha qurban olum, bizə də bir cığır açdı, özümüzün yeni yolumuz oldu. Həm çalğıda, həm havacatda, həm də danışıqda. Deyir elin gözü tərəzidir. Camaat da, el də bizi istəyirdi.
Xanlar səkkizinci sinifdən sonra məktəbə getmədi. Mən on birinci sinifi bitirib ali məktəbə girdim. Elə institutu qurtarana qədər Nəriman Əzizovun xalq çalğıçıları orkestrində oldum. Orada damarımın işlənməyən yerləri də açıldı. Yəni mən orda cilalandım. Ondan sonra da Xanlarla on beş il elin-obanın xeyrinə getdik: qız toyu, oğlan toyu, nə bilim, sünnət toyu, yığıncaqlar. Elə olurdu ki, ad günü eləyirdilər, deyirdilər ki, ikisi də burda olsun.
- Niyə camaat sizdən ayrılmaq, sizi də bir-birinizdən ayırmaq istəmirdi?
- Aşıq sənətində Xanlarla mənim barmağımız bir, havacatımız bir, ağzımız bir, sözümüz bir olub. Bizim ikimiz də təbii sənətkar olmuşuq. O ağzını açanda mən bilirdim ki, nə deyir, mən ağzımı açanda o bilirdi ki, mən nə deyirəm. Camaat da bizdən ayrılmaq istəmirdi. Tutaq ki, mən burda bir “Cəlili” havası oxuyuram.
- Aha...
- Bunun gözəl yerləri var, gözəl yedəkləmələri var. Məsələn, mən deyirdim: “Yeri-yeri ay balabançı”. Onda görürdün, Xanlar da dalını düzəldirdi, ki, sən məni görəndə olma yalançı. Bilirsənmi, bizdə tamlıq var idi. Həm tamlıq var idi, həm də tam, duz var idi. Ona görə də mən də görürdüm ki, toylara ayrı aşıqla getsəm, o tamı, o duzu ala bilməyəcəm.
- Nə yaxşı Aşıq Xanlar Bakıya köçəndə siz də onunla getmədiniz?
- Mən ondan qabaq Bakıda oxumuşdum deyə ora bələddim. Xanlar dedi ki, gəl ikimiz də Bakıya gedək. Sözün düzü, mən də suyun qırağında yekələnmiş, yəni təbiətə bağlı adamam. Ona görə dedim ki, ay Xanlar, mən Bakıya gedib, orda qala bilmərəm.
- Sonra aranız soyumadı?
- Tovuzdan köçüb gedəndən sonra aramız bir az düşdü. Amma yenə də xəbərlərşirdik.
- Aşıq Xanlarla bağlı hansı maraqlı xatirələriniz var?
- Gözəl xatirələrimiz olub. Bizimlə bağlı camaat arasında da çoxlu lətifələr yayılıb, amma bu, mətbuat üçün deyil. Sənə bir başqasını danışım (Gülür).
- Buyurun?
- Bir dəfə mən bir saz alırdım. Saz da baha idi. Bunu biləsən ki, saz da qismətlədir. Yəni ay mən sifariş verim, yaxşı saz çıxsın, elə olmur. Birdən elə bir yerdə sənə elə saz verərlər ki, onun qiyməti də olmaz, özündən də olmaz.
- Qəribədir...
- Təsadüfən də bir yerdən saz əlimə keçdi. Xanlarla mən toydan-şandan gəlmirdik deyə üstümüzdə o qədər də pul yox idi. Balaca bir çayxana vardı, orda oturub sazı çıxardıq. Saz mənə ləzzət elədi. Xanların qulağına dedim ki, bu sazı aradan çıxarmaq lazımdır. Bu saz gərək sahibinin qucağında ola. O da dedi ki, bunun sahibini eşikdə gördüm, üzündən-gözündən yaman bədxasiyyət adama oxşayır. İnanmıram, bu sazı bizə verə. Mən də dedim, yaxşı, nəsə bir şey fikirləşərik. Bir azdan sazın yiyəsi içəri girdi: “Aşıq, mənim sazım nətərdi?”. İndi mən də sazı tərifləyə bilmirəm.
- Əldən veriləsi saz deyil...
- Hə də. Axı, tərifləsəm, bu, sazı mənə verməz. Bir yandan da istəyirəm, sazı tərifləyəm, amma dilim gəlmir. Birdən rəhmətlik Xanlar gördü ki, mən söz tapa bilmirəm, sazın yiyəsinə dedi ki, qardaş, nə fərqi var, sənin sazın haqqında mən deyim də. Bunun materialı-filan yaxşıdır, amma yaxşı ötmür, bir azdan da heç ötməyəcək. Bunu satarsan, gedərik, mənim bir yaxşı ustam var, ona deyərik, sənə yaxşı bir saz düzəldər. Özü də sənin yaxşı səsin var, yaxşı oxuyursan.
- Yumşaltmaq istəyir...
- Hə. Xanlar işi malalamaq istəyir. Amma qəfildən sazın yiyəsi dedi ki, bunu mənə dədəm düzəltdirib, filan-bəhmən, verə bilmərəm. Sonra qayıtdı ki, aşıq, bəs bunu kimə sataq, deyirsiz birtəhər sazdı. Elə onu deyəndə dedim ki, elə materialına görə mən alaram. Amma qolunu-zadını da gərək düzəltdirəm, o da alına-alınmaya. Sən demə, bu sazı bizdən qabaq yoxlayanlar olub. Deyiblər ki, sazın beş yüz manat qiyməti var. Sazın yiyəsi beş yüz manat deyəndə qayıtdım ki, dərdin alım, beş yüz manat nədir? Bunun vur-tut yüz iyirmi manat qiyməti var. Kim alar bunu beş yüz manata. Dedim kimə satsan, qaytarıb üstünə gətirəcəklər, ona kimi sən də pulu xərcləyəcəksən, məcbur olub qapının heyvanını satıb borcunu qaytaracaqsan. Nəsə, axırda dedi ki, yüz əlli manata verərəm.
- Deyəsən, bişirə bildiniz...
- Hələ harasıdı? Baxdım ki, üstümdə səksən manat var. Xanlar dedi məndə də on beşcə manat var. Bəs neyləyək? İki yekə kişinin cibində doxsan beş manat var. Bir də gördük, gəncəli iki dostumuz içəri girdi. Rəhmətlik Xanlar məndən üzlüydü. Dedim ayə, təcili bunlara denən ki, bizə bir yetmiş manat pul lazımdır. Bir də elə elə ki, çox da bilinməsin. Xanlar da açıq-açığına onlara dedi ki, bizə yüz əlli manat pul lazımdır. Dostlar da bizə iki yüz manat verdilər. Elə ordaca yüz əlli manatı saza verdik. Sonra da yaxşı oturub yedik-içdik. Bax, indi də o saz mənim yanımdadır.
- Aşıq Xanlarla sizin, təbii ki, gözəl xatirələriniz, səmimi dostuğulunuz olub. Amma bayaq dediniz ki, aramızda bir az soyuqluq da olmuşdu...
- Aramızda böyük narazılıqlar yox, ancaq sənət haqqında narazılıq ola bilərdi. Məsələn, birdən nəsə ifa eləyəndə deyirdi, sən oxu, mən də dalınca gəlirəm. Onda mən də deyirdim ki, Kərəmin yerinə sözmü qoşacaqsan? Hazır elə sözü öyrən, həm də qoy, beyninə yazılsın də. Amma az bilirdisə, bildiyini yedizdirən sənətkar idi. Yəni onunla aramızda yalnız sənətlə bağlı inciklik olurdu. Birdən lap küsüşürdük də.
- Aşıq Xanlar ən çox nədən narazı qalırdı?
- O istəyirdi dolanışığımız yaxşı olsun. Bəzi adamlar vardı ki, özü bir şey deyildi, görürdün, geymiylə, maşınıyla daqqalıq, ədəbazlıq eləyir. Yanımızda yekə-yekə oturuşları-duruşları olurdu. İkimizin arasında Xanlar deyərdi ki, allah bizə elə var-dövlət, xəzinə verə, onsuz da əl tutan adamıq, amma həm əl tutardıq, həm də maşınımız onların maşınından üstün olardı, geyimimizi də tezcənə elə maşının üstündə dəyişib onların qabağına çıxardıq.
Bundan başqa istəyirdi qonaq-qara üçün gen-bol evimiz olsun.
- Sağlamlığı ilə bağlı problemi olmayıb?
- Sağlamlığı ilə bağlı şikayəti olmayıb. Amma bunu bilirəm ki, İrandan qonaqlar gələndə Bakıda oturub yeyib-içib, çalıb-oxuyardılar. Mənim də bir dostum var: İsa həkim. Xanlara deyərdi ki, sənin ürəyində bir az problem var. Yağlı yeməklərdən, bir az da içkidən-filan uzaq dur.
- Aşıq Xanlar həyatının kamilləşən bir dövründə dünyasını dəyişdi.
- Onda məni Türkiyə göndərmişdilər, orda idim. Gələndə evdə dedilər ki, belə-belə – bəs Xanlar rəhmətə gedib. Füzulinin sözünün qüvvəti, bu bəd xəbəri eşidəndə elə bil bütə döndüm, aya, heykələ döndüm.
- Oğlu Aşıq Azər xəstədir. Danışırsınızmı?
- Qucağımda yekələnməyibmi? Qardaş oğludur, Allah canını sağ eləsin. Gözəl barmağı, gözəl duyğusu var.
- Bu gün onun boşluğunu necə hiss edirsiniz?
- O öləndən sonra mən heç bir aşıqla toylara getməmişəm. Sonralar getsəm də tək getmişəm. Bunun səbəbin heç kəs bilmir. Oğul, o köçəndən sonra elə bilirəm, dünyanın yarısı uçub.
Sərvər Şirin