8 Fevral 2016 13:32
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məmməd Orucun “Vedibasar” qəzetinə müsahibəsini təqdim edir:

- Məmməd müəllim, sizi oxuculara təqdim eləməyə elə bir ciddi ehtiyac yoxdur. Siz ədəbiyyatımızın, nəsrimizin böyük simаlarındansınız. Ancaq yenə də istərdik ki, keçib gəldiyiniz ömür yolu, ədəbi taleyiniz haqqında qəzetimizə məlumat verərdiniz.

- Ədəbi taleyimdən, yəqin ki, hər şeydən daha çox keçib gəldiyim ömür yoluna borclu olmalıyam. Lap uşaqlıq illərindən acılarla dolu bir həyat tərzi yaşamasaydım, bəlkə də yazıçı olmazdım, nə bilim... Vətən itirməyim, məruz qaldığım deportasiya sonralar mənə “Göz dağı” povestini, bir qədər sonra isə “Köçürülmə” romanını yazdırdı. Adlarını çəkdiyim povest və roman, əslində, mənim ömür yolumun salnaməsidir. 1947-ci il martın səkkizində Vedibasarda anadan olmuşam, 1951-ci ildən isə Mil düzündə, Şahsevən kəndində yaşadığımı və elə bu kənddə də orta məktəbi bitirdiyimi yəqin ki, bilirsiniz, daha nə deyim? Hə, bir də ədəbi taleyim üçün kəndimizdəki kitabxanaya, kəndimizə və Qərbi Ukraynaya borcluyam. Onlarla ünsiyyətin, ülfətin nəticəsində mən erkən yaşlarımdan rus dilini öyrəndim.

- Yalnız rus dilinimi?

- Altmışıncı illərdən başlayaraq qəriblərin zaman-zaman Şahsevən kəndindən getməsi bu yerlərin yalnız insan mənzərələrini yox, elə bil güllərini, çiçəklərini də dəyişdi. Amma sonradan bəşəri ideyalara qulluq etdiyimə peşman deyiləm. Çünki insan elə hər yerdə insandı.

- Bədii ədəbiyyatın əsas predmetlərindən biri insan həyatıdır, insan taleyidir. Əsərlərinizdə yaratdığınız bədii obrazların taleyini necə müəyyənləşdirmisiniz?

- Düz buyurursunuz, bədii ədəbiyyatın əsas predmeti insandır və mən insan obrazlarını daha çox görmək istədiyim kimi yaratmağa çalışmışam. Bütün yazılarımda insanda işıq axtarmışam, tapmışamsa, demək bu, mənim uğurlu yazımdır. Bunu tapmaq isə o qədər də asan deyil, çünki işıqlı insanlar azdır. Düzü, heç özüm də bilmirəm ki, mən o işıqlı insanlardanam, yoxsa?..

- 80-ci illərdə çap olunan “Leylək körfəzi” povestiniz ədəbi hadisə kimi qarşılandı və sizə populyarlıq gətirdi, oxucuların, xüsusən, cavan oxucuların sevimlisinə çevrildiniz. Xətrinizə dəyməsin, amma bu populyarlığı saxlaya bilmədiniz, mən fikirlərimdə yanılmıram ki?

- Bilirsiniz, “Leylək körfəzi”nin ardını yazmaqla oxucuların arxasınca gedə bilərdim, amma mən “Tanqo”, “Oyun havası” povestlərini yazmağa çalışdım ki, onları öz arxamca aparım. Mən oxucu kütləsinin zövqünə hesablanmış bədii yazılardan iyrənirəm və belə əsərləri yaza bilmirəm. Oxucu yazını oxuyub başa vurandan sonra ağlamamalıdı, papağını qabağına qoyub fikirləşməlidi.

- Məmməd müəllim nəsrə gəlməmişdən öncə şeirdə qələmini sınayıbmı? Adətən, nasirlərimizin əksəriyyəti qələmini şeirdə sınayandan sonra nəsrə keçirlər. Əgər şeir yaradıcılığınız olubsa, onlardan beş-altı misra deməyiniz yerinə düşərdi.

- Mən də yaradıcılığa bir çox nasir dostlarım kimi nəzmlə başlamışam. Hələ orta məktəbdə oxuyarkən mərkəzi mətbuatda çap olunurdum. Tələbəlik illərində yayımlanan şeirlərim yüzü adladı. Amma uzun get-gəldən sonra – 1969-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində şeirim dərc olunandan sonra qət elədim ki, şeir yazmağı tərgidim. Çünki o zaman şeir yazmaq məndə siqaret çəkmək kimi vərdişə çevrilmişdi. Qafiyə axtarmağın nə qədər mənasız bir vərdiş olduğunu nə yaxşı ki, gec də olsa anladım. Ümumiyyətlə, bu gün bu janra ciddi janr kimi baxmıram. Amma hərdən istedadına inandığım beş-on şairin elə tutumlu misraları ilə qarşılaşıram ki, deyirəm yox, gərək mən öz ədəbi mövqeyimə yenidən baxam. O ki qaldı haçansa yazdığım şeirlər, onları yadıma tələbə yoldaşlarım salır. Amma son illərəcən mahnı mətnləri yazmışam, onların bir qisminə Ruhəngiz xanım Qasımova mahnılar da bəstələyib. Bu sırada silsilə uşaq mahnılarım var, “Oynamaq istəyirəm”, “Mənim adım Firuzə” və s.

- İndiki ədəbi nəsillə sizin dövrü müqayisə edəndə hansı ədəbi kriteriyaları ədəbiyyatımızın mənafeyinə yönəltmək lazımdır?

- Mən realizm tərəfdarıyam. Məncə, ədəbiyyatın ən uğurlu örnəkləri realizmə istinad eləyir. Yerdə qalan ədəbi cərəyanları ilğıma bənzədərdim. Amma müqayisə üçün ədəbi sınaqlar lazımdır. Paulo Kuelyonun eksperimentləri nə qədər xoşuma gəlsə də Markesin yerini vermir.

- Sizcə, bədii ədəbiyyat niyə az oxunur. Sanballı bədii əsər yoxdu, ya oxucuların zamanı dəyişib?

- Bədii ədəbiyyatı oxutmaq üçün həqiqəti yazmaq lazımdır və özü də oxucunu düşündürən həqiqəti. Bu isə o qədər də asan deyil. Oxucu əsəri oxumaqla vaxtını öldürmək istəmir, çıxış yolu axtarır ki, sabah neyləsin. Ədəbiyyatı həmişə xalq sevib, xalq yaşadıb, imkanlı zümrə yox!..

- Ədəbiyyatımızın sabahkı taleyini necə görürsünüz? İndiki nəsrimizdə kimlərin bədii potensialı çoxdur və hansı ədəbi imzalar ədəbiyyatda qalacaq?!

- Ədəbiyyatımızın sabahına inanıram. Çünki ot kökü üstə bitər, kök isə var. O ki qaldı yeni imzalara, onlar da var, amma çoxu hələ ki, özünü şeirdə sınayır.

- Bu il 68 yaşınızı tamamlamısınız. Sizin üçün bu yaş sevinci nə deməkdir?

- Hər şeyə dözmək olar, amma yaşadığım həyat tərzi məni ədəbiyyatdan soyudub, ədəbiyyat isə mənim üçün hava əvəzidir, heç bilmirəm havasız necə yaşayıram?!

- Səhv eləmirəmsə, 1991-ci ildə “Köçürülmə”” romanına görə sizə “Axundov” mükafatı veriblər. 2002-ci ildə isə silsilə hekayələrinizə görə “İsi Məlikzadə” mükafatı almısınız. İndi isə eşitdiyimə görə, “Rəsul Rza” mükafatına təqdim ediblər. Bəs bilmək olarmı, sizi ədəbiyyatdan nə soyudub?

- Bu sual yadıma M.F. Axundovun “Aldanmış kəvakib” ini salır, nə deyim?!


Müəllif: