12 Fevral 2016 17:06
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Fərda Aminlə müsahibəni təqdim edir:

- Hazırda “Qardaşlar” serialına çəkilirsiniz. Çəkilişlər necə gedir? Qonorar sizi qane edirmi?

- Şükür Allaha, çəkilişlərimiz yaxşı gedir. Bizim serialı ərsəyə gətirən Elməddin Cəfərovdur . O, həm də “Eks Bacanaqlar”,”Qız atası” və “Qardaşlar” seriallarını çəkir. O, yaradıcı heyətə əlindən gələn qədər maddi köməklik göstərir. Bu aralar hamı anlayışlı olmalıdır. Belə bir məsəl var: “Ellə gələn dərd toy-bayramdır”. Ona görə də gərək insanlar bir az həssas olsunlar. Sizin saytınız vasitəsi ilə demək istəyirəm ki, yaxşı gündə hamı bir-birinin yanında olur. Bir az vəziyyət dəyişən kimi dostlarınızı qoyub qaçmayın, dəstək olun.

- Bir müddət əvvəl “Top kimi şou” yayımlandı, amma sonra fasilə verdiniz. Fasiləyə səbəb nə idi?

- Fasilə mövsümlə bağlı idi, yay tətilinə çıxmışdıq. Belə bilsəydim, çıxmazdım. Düzdür, yeni mövsümə qayıdışım gecikdi. Problem sponsorla bağlı oldu. Çünki efirimizdə həddindən artıq işıq effektlərindən istifadə edirik. Onları həyata keçirmək üçün pul lazımdır. Layihələrə yaxşı pul, yaxşı pulu da tapmaq üçün yaxşı sponsor lazımdır. Pulu tapa bilmədiyimiz və hazır olmadığımız üçün dekabrda efirə çıxdıq. Allaha şükür, efirdəyik.

- Hazırda verilişinizin büdcəsi sizi qane edirmi?

- Əvvəlki qədər qane etməyə bilər. Ancaq yenə də həvəsdən düşmürük, işləyirik.

- Sizin verilişinizi daha çox “Bəyaz şou” ilə müqayisə edirlər. Buna münasibətiniz necədir? Özünüz o tip veriliş aparmaq qərarına gəldiniz?

- Maqazin verilişlərində demişdim ki, «Bəyaz şou» nə qədər sevilirsə, mənim də verilişim effekt, görüntü, zarafatlar baxımından ondan geri qalmayacaq. Dediyimizi də etdik. Amma o müsahibəmi eşitməyənlər yeni bir şey tapmış kimi – guya onlar oturdular, fikirləşdilər və tapdılar ki, Fərda, verilişi müqayisə edirsə, Bəyazdan götürüb. O adamlara deyirəm ki, bunu özüm demişəm, əziyyət çəkməyin. İnformasiyanı bilə-bilə ötürmüşəm. Bilə-bilə o formatı götürmüşəm ki, işlənmiş formatdır. Amma Bəyazın qonaqları, zarafatı başqa, mənim qonaqlarım və zarafatlarım başqadır.

- Verilişin formatını “ Bəyaz şou” verilişindən götürdüyünüzü vurğuladınız. Bəs sizin Bəyazdan götürdüyünüz nə isə varmı?

- Mənim Bəyazdan nə isə götürməyə ehtiyacım da yoxdur. Mən səhnəyə dünən çıxmamışam. Tamaşaçılarımla necə davranmağı, sevənlərimin məndən nə gözlədiyini bilirəm. Bəyazdan nə götürüb tətbiq edə bilərəm ki? Bir çox layihələri türklərdən götürmüşdük amma alındıra bilmədik, verilişlər bərbad günə düşüb bağlandı.

- Bir müddət əvvəl “Qardaşlar” serialına Naibə Allahverdiyeva da çəkilirdi. Serialdan ayrıldıqdan sonra bildirdi ki, obrazının Azərbaycan mentalitetinə uyğun olmadığını deyiblər. Doğrudurmu?

- Bu sual mənə deyil, layihənin rəhbəri Elməddin Cəfərova ünvanlanmalıdır. Eləcə də bizim ssenaristlərimiz var. Ənvər Abbasov baş ssenaristdir. Bunu onlar bilirlər. Səbəbini mən deyə bilmərəm və buna haqqım çatmır.

- Hazırda çox seriallar çəkilir. Ümumiyyətlə, öz çəkildiyiniz serialları izləyirsinizmi və Azərbaycan efir məkanındakı serialları necə dəyərləndirərsiniz?

- Dəyərləndirmək mənim üzərimə düşmür. Amma bir tamaşaçı kimi deyə bilərəm ki, hər kəsin zövqünə uyğun serial var. Bir kanalda serial yayımlanırsa, o seriala baxılırsa, reytinq verirsə, deməli, bu kanal rəhbərliyinə lazımdır və tamaşaçısı da var. Sən-mən bəyənməməklə deyil. Aydındır ki, hər malın öz alıcısı var. Öz gördüyüm işlərdən danışa bilərəm ki, bacardığım qədər keyfiyyətli işlər görməyə çalışıram; istər serial, istər filmlər, istərsə də veriliş olsun. Təki keyfiyyətli olsun. İndi əvvəlki kimi deyil. Çəkdiyim bir video, görüntü hansısa bir televiziyanın arxivində yatmır. Axşam çəkilir, səhər “Youtube”dadır. Kiminsə keçmişindən bir video qoyub, məsxərəyə qoyurlar. Biri deyir əla idi, digəri isə deyir ki, pis idi. Bu gün görülən işlərimiz sabah tariximizdir. 10-20 il keçsə də müzakirə olunacaq. Bütün dostlarımıza keyfiyyətli iş görməyi məsləhət görürəm.

- Öz serialınızı izləyirsinizmi?

- Sözsüz ki, vaxt olduqca izləyirəm.


- Ümummiyyətlə, Azərbaycan məkanında özünüzə rəqib bildiyiniz yumor aktyoru varmı?

- Rəqib demək olmaz. Mən Azərbaycanda “Stand up”da özümə rəqib görmürəm. Amma aktyor olaraq bir-birindən gözəl, istedadlı dostlarımız var, serialımızda və başqa seriallarda çəkilənlər olsun. Necə mənə rəqib ola bilər ki? Bir insan bir insana o vaxt paxıllıq edə bilər ki, onun bacardığını edə bilməsin. Mənim işim yumordu və yumorda da özümə çox güvənirəm, vəssalam.

- Sizi Türküyəli məşhur aktyor Cem Yılmazla müqayisə edirlər. Buna münasibətiniz necədir?

- “Stand up” formatını Cem Yılmazda da görmüşəm. Cem Yılmazı iki il əvvəl tanıyan insanlar deyirlər ki, onu Cem Yılmazdan götürdü. Mən monoloqu 2003-cü ildə danışırdım, onda Azərbaycanda cəmi 2-3 kanal vardı və Cem Yılmazı nəinki onlar, heç mənim özüm də tanımırdım. Monoloq Rusiya kanallarından götürüldü, «Tək səbir»lə sevildi. Ondan sonra bir müddət ara verildi. Mənim bir nömrəli kriteriyam budur ki, həmişə inkişaf etmək lazımdır. Bir şey oldusa, bitdi, qurtardı. Eyni şeyi yenidən etmək olmaz, davamlı şəkildə dəyişiklik lazımdır. Fərda “Stand up”da ağzına gələni danışmır. Buna 3-4 ay hazırlaşıram. İki ay yazı müddəti və məşq prosesi var. Cem Yılmazın mənimlə müqayisə edilməsi mənim üçün bir qürurdür. O, bütün ömrünü “Stand up”la quran insandır və Türkiyədə beş-altı pullu adam varsa, onlardan biri odur. Dövlət səviyyəsində qəbul edilmiş bir nömrəli yumoristdir. Bunu mənim qəbul etməyin düzgün olmaz, təkəbbürlülük olar. Yumorlarından da çox xoşum gəlir. Amma mən Azərbaycanımın Fərdasıyam. Və gün gələcək təzə “Stand up” danışanların 90 faizi deyəcək ki, bunu Fərdadan götürüb.

- Sizi bir müddət əvvəl dramatik obrazda “Gecə qonağı”nda
gördük. Həqiqətən də maraqlı idi. Amma sonra davamı gəlmədi…

- Davamı gələcək, filmlərdən təkliflər var. Ssenarilər təklif edilib və bəyəndiklərim var. Çox güman ki, bu ilin sonlarına yaxın başqa bir dramatik obrazda çəkiləcəm.

- Tanınmış insansınız. Nə vaxtsa yol-hərəkət qaydalarını pozmusunuzmu və buna görə sizə güzəştə gediblərmi?

- Tədbirlərə tələsəndə yol-hərəkət qaydalarını pozmuşam. Artıq əvvəlki kimi deyil. Kameraya düşmüsənsə, deməli, cərimə sistemə oturdu, gedib ödəməlisən.

Qaydanı bilərəkdən pozmamışam. Tutalım ki, mənim iki dostum var və o dostlarıma güvənərək də elə şeylər etməmişəm. Etmərəm də. Həyatım boyu edən adamları da qınamışam. Bir insanla dostluq edirsənsə, bu, o demək deyil ki, bir iş olmamış ona zəng edəsən ki, məni saxladılar, qardaş! Qayda hamı üçün qaydadır, qanun hamı üçün qanundur. Pozmamaq lazımdır, amma əlacsızlıqdan tələsib qaydanı pozmusansa, get, cəriməsini ödə.


- Sizin aktyorluq istedadınız övladlarınıza da keçibmi? Gələcəkdə aktyor olmaqlarını istərdinizmi?

- Oğlumun birinin beş, birinin isə üç yaşı var. Allah hamının övladlarını saxlasın. Kiçik oğlumda aktyorluq istedadı hiss edirəm. Amma onları heç bir sahəyə yönəltmək istəmirəm. Özləri təyin etməldir. O vaxt valideynlərim məni iqtisadçı görmək istəyirdilər. Övlada məsləhətlər vermək olar, amma öz istədikləri haradırsa, o sahəyə getsinlər. Amma futbolçu, güləşçi olmaqlarını istəyirəm.

- Mütaliə etməyi sevirsinizmi, sonuncu oxuduğunuz kitab hansıdır?

- Mütaliə yox, daha çox aforizmlər oxuyuram. Deyim ki, oturub saatlarla kitab oxuyuram... Buna vaxtım da yoxdur. Verilişimi belə izləyə bilmirəm.

- Son olaraq nə demək istərdiniz?

- Sizə uğurlar arzu edirəm və “Stand up” sevənlərə demək istəyirəm ki, tezliklə super bir “Stand up” hazırlayıram və o indiyə qədər eşitdiklərinizdən olmayacaq, tamamilə fərqli olacaq.

Rəqsanə Həsənova

Fotolar: Elçin Murad


Müəllif: