24 Fevral 2016 16:55
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı, xanəndə Qoçaq Əsgərov Azərbaycan musiqi tarixində bir ilkə imza atıb. Pyer adlı fransız cazmen bir neçə ay bundan öncə xanəndəyə müraciət edərək ona Azərbaycan muğamlarını öyrətməsini istəyib. Xanəndə fransız tələbəyə iki ay müddətində bəzi muğamları və xalq mahnılarını öyrədib. Qoçaq Əsgərov Moderator.az saytına verdiyi kiçik müsahibədə fevralın 29-da Fransa səfirliyinin təşkil etdiyi konsertdə fransız tələbənin Azərbaycan muğamlarını ifa edəcəyini vurğulayıb, həmçinin avropalı tələbəsi haqqında da danışıb:

- Fransa səfirliyi, fransa universitetlərindən biri və Azərbaycanda fəaliyyət göstərən “Yarat” kampaniyası birgə layihə həyata keçirib. Layihənin sonunda-fevralın 29-da konsert təşkil olunacaq. Fransa səfirliyi konsert təklifini verdi. Mən qəbul etməyə də bilərdim, amma qəbul etdim. Layihənin son akkordu olaraq konsert təşkil olunacaq və həmin tələbə də bəzi Azərbaycan muğamlarını, xalq mahnılarını ifa edəcək.

- Necə oldu ki, fransız musiqiçi sizin tələbəniz oldu?

- Bəri başdan onu deyim ki, mən Azərbaycanın heç bir tədris ocağında musiqini tədris etmirəm. Bu mənim ikinci xarici tələbəmdi. Birinci İngiltərədə yaşayan və çox gözəl səs imkanlarına malik olan qarabağlı balası olub. Biz onunla İngiltərənin çox böyük konsert salonlarının birində də ifa etmişik. Bu tələbə də öz arayıb-araşdırıb və müraciət edib. Fransada nəhəng bir musiqi kitabxanası var. Orada dünyanın bir çox ölkələrindən olan musiqiçilərin diskləri və bukletləri satılır. Həmçinin mənim də disklərim var. Fransız tələbə də onların vasitəsilə ilk dəfə qiyabi olaraq tanış olub, sonra isə müraciət edib. Mən də gördüm ki, iki ay müddətində boş vaxtım var. Tədrisimə mane olacaq heç nə yoxdur. Odur ki, təklifi qəbul etdim.

- Azərbaycan muğamlarını ifa edən fransız tələbəniz haqqında məlumatlı deyilik. Mümkünsə onun barəsində danışardınız...

- Fransada tanınmış caz ifaçısıdır. Adı Pyerdi. Soyadı dolaşıqdı. Nə qədər edirəm yadımda qalmır. Özünün əsas ixtisası da alman tarixi mütəxəssisidi. Alman tarixindən Fransa universitetində dərs deyir. Amma həmçinin peşəkar şəkildə cazla da məşğuldu. Ölkəsində çox tanınır.

- İki ay müddətində sizdən hansı muğamları öyrəndi?

- Ona ilk olaraq “Bayatı Kür” muğamını öyrətmişəm. Çoxları buna “Bayatı kürd “ deyir. Belə deyil. O muğamın kürdə aidiyyatı yoxdu. Kür qırağı məskunlaşan muğan türklərinin muğamıdır. Ondan sonra Pyerə “Rast” muğamını keçdim. Bizdə tələbələr “Rast”ı 3 aya öyrənir. Amma fransız tələbə 10 dərsə öyrənə bildi. Dəstgahı tam olaraq oxuyur. “Üşşaq” və başqa şöbələri də öyrətdim. “Laçın” xalq mahnısını artıq bilir. “Sarı gəlin” və “Qarabağ şikəstəsi”ni də öyrədəcəm.

- Səhnədə onların hamısını oxuyacaq?

- Səhnədə klassik muğam ifaçıları kimi tar-kamança ilə çıxış etməyəcək. O caz ifaçısıdır, öyrəndiyi muğamları cazla sintez edərək oxuyacaq.

- Fransız tələbə haqqında fikirləriniz necədir? Sizi çox yormadı ki?

- Əksinə. Onunla işləmək çox rahat idi. Çox asanlıqla mənimsəyirdi. Yaddan çıxarmayaq ki, peşəkar musiqiçidir. Amma çətinliyi də olub. Onunla gündə 3-4 saat məşğul olurdum. Ona zəngulələri keşmişəm. Bu adam artıq zəngulə vurur. Fransada zəngulə deyilən bir şey yoxdu ki, amma siz təsəvvür edin ki, o, zəngulə vurur. Ona görə öyrətmək həm də çətin olub. Həm də muğamda gərək qəzələ da yer ayırasan. Pyer qəzəlləri də çox çətinliklə öyrəndi. Mən də səbrimi basa-basa öyrədə bildim.

- Dil problemi də yəqin ki, öyrənməyə mane olub...

- Hər ikimiz ingilis dilində anlaşırıq.

Elmin Nuri


Müəllif:

Oxşar xəbərlər