Bu gün Torpaq çərşənbəsidir. Teleqraf.com məşhur aparıcılara ilaxır çərşənbəsini necə qeyd edəcəksiniz?” sualı ilə müraciət edib.
Səslənən fikirləri təqdim edirik.
Nərgiz Məmmədova: “Çərşənbədə səhərə qədər yatmayaraq niyyət etdiyim vaxtlarım olub. Eləcə də qulaq falına çıxmışam, ayaqqabı atmışam. Amma heç biri düz olmayıb. O fallara inansaydım, çoxdan ərə getməli və uşağım olmalı idi. Bir fal deyim: qorğanı tavaya atırsan, əgər qorğa tullanırsa sən həmin il ərə gedirsən. Düzdür, o falı özüm yox, yaxın rəfiqəm sınaqdan keçirib. Hər il mənə deyir ki, Nərgiz, bu il ailə quracaqsan. Hələ də gördüyünüz kimi ailə həyatı qurmamışam. Qızlar bir araya yığışanda fala baxırıq. Bir dəfə qulaq falına çıxanda uşağın ağladığını eşitdim. Həmin il mənim üçün yaxşı keçmədi. Bu gün isə qızlarla bir yerə yığışsaq, papaq atacağıq, qulaq falına çıxacağıq”.
Vüsalə Əlizadə: “Heç vaxt çərşənbədə fallara müraciət etməmişəm. Sadəcə, ailə üzvlərimlə qeyd etmişəm. Qulaq falına çıxdığım da yadıma gəlmir. Ancaq papaq atmışam. Bayramı uşaq vaxtı daha yaxşı qeyd edirdik. İndi adi gün kimi keçiririk”.
Kamilə Babayeva: “Novruz bayramı ən çox sevdiyim bayramdır. Amma yaxın illər ərzində çərşənbədə qulaq falına çıxdığım yadıma gəlmir. Çərşənbəni şəhərdən kənarda yaşadığımız üçün maraqlı qeyd edəcəyik. Tonqal qalanacaq, atdanacağıq, yumurta döyüşdürəcəyik. Şəhərdə insanların belə avantajları olmur”.
Afaq Gəncəli: “Çərşənbəni çox sevirəm. Amma hər zaman bayramı keçirdikdən sonra yadıma düşür ki, qulaq falına çıxacaqdım. Bu gün işimlə bağlı Türkiyəyə gedirəm. Dünən isə Xaçmazdan gəlmişəm. Ona görə də bizim üçün istirahət, bayram yoxdur”.
Vüsalə Kərimova: “Novruz bayramını çox sevirəm. Qulaq falına çıxmamışam, amma tonqal üstündən atlanmışam. Bu gün rayona gedirəm, çərşənbəni Qaxda qeyd edəcəm. Məktəb illərində inanclar kitabında olan bütün falları sınaqdan keçirmişəm. Doğrusu, elə şeylərə inanmıram və falların düzgün çıxıb-çıxmayacağını da yoxlamamışam. Mənə elə gəlir ki, bunları insanlar ayin kimi həyata keçirirlər. Fallara inanıb, həyatını qura bilməzsən”.
Aytən Səfərova: “Anamgilə gedəndə çərşənbə axşamı tonqal yandırılır, atlanırıq. Fallara gəlincə, deyim ki, ərə getmək üçün qulaq falına çıxmışam, ayaqqabı atmışam. Amma qulaq falı yox, ayaqqabı falım düz çıxıb”.
Rəqsanə