Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış nasir, kinodramaturq, kinorejissor və teleaparıcı Orxan Fikrətoğlunun 50 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Teleqraf.com xəbər verir ki, tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kino xadimlərindən Ayaz Salayev, Ənvər Həsənov və başqaları iştirak edib.
Qeyd edilib ki, Orxan Fikrətoğlu yüzlərlə hekayə, povest və publisistik yazıların müəllifi olmaqla yanaşı həm də bir sıra telelayihələrin müəllifi və aparıcısı olub.
O həmçinin “Ümid”, “Yalan, “Ərazi”, “Xalça nəğməsi”, “Kəpənək” filmlərinin ssenari müəllifidir.
Orxan Fikrətoğlunun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib. O, “Qızıl qələm”, “Zirvə”, “Çingiz Mustafayev” adına mükafata, “Unisef” in xüsusi mükafatının sahibidir.
Dövlət Kino Komitəsində, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm” də baş redaktor, “Mozalan” satirik kinojurnalında bədii rəhbər və direktor kimi məsul vəzifələrdə çalışarkən də onun bir qayəsi, bir amalı olub – mədəniyyətimizin inkişafı naminə əlindən gələni əsirgəməmək, xalqa ləyaqətlə xidmət etmək.
Nərmin