Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı Teleqraf.com-un suallarını cavablandırıb.
-Nurəddin bəy, hazırda “Həyat sən nə qəribəsən” serialında çəkilirsiniz. Çəkilişlər necə gedir?
-Çəkilişlər yaxşı gedir, mənə xoş olan odur ki, gözəl kollektivlə işləyirəm. Bir-birinə hörmət edən, bir-birinin yanında olan doğma bir kollektiv... Hər kəs öz işini görür. Acığı, teatrda anormal atmosfer olan vaxtlarda mən bura gəlib, çəkiliş meydançasında ruhən dincəlirdim.
Deməli, biz belə də ola bilirik, bir-birimizə diqqətlə, qayğı ilə yanaşa bilirik. Amma qarşıdan ayrılıq vaxtı gəlir. Mən bildiyimə görə, serialımız iyun ayında başa çatacaq. Yeni planlar var. Amma əsas odur ki, mən çox gözəl, istedadlı gənclərlə tanış olub, dostlaşdım. O qənaətə gəldim ki, bizdə doğurdan da istedadlı gənclər var.
-Yeni serial təklifi varmı?
-Yəqin ki, yeni işlər, yeni layihələr olacaq.
-İsrafil İsrafilovun gedişindən sonra indi Azərbaycan Akademik Milli Dram Teatrında vəziyyət necədi? Azər Paşa Nemətov rəhbərliyə gələndən sonra teatrda nələr dəyişdi?
-İstənilən idarədə, təşkilatda, elə evdə də mehribanlıq olanda orda hər şey əla gedir. İnanmıram ki, insanların bir-birini didib-parçaladığı bir mühitdə nəsə ciddi bir iş ortalığa çıxsın. Yaradıcılıq atmosferi qarşılıqlı anlaşma tələb edən bir şeydir. Prosesin içində bütövə çevrilməyi bacarmaq lazımdır.
Mənim heç kimlə düşmənçiliyim olmayıb. Heç İsrafil müəllimlə də şəxsi müstəvidə heç bir problemim yox idi. Özümə də heç nə istəməmişəm. Daha nə istəyə bilərəm ki? Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm, kifayət qədər rollar oynamışam, az-çox hörmətim var. Amma hər şey mənimlə məhdudlaşmır. Bizdən sonra gələn sənət adamları var axı.
Bu teatr güclü olmalıdır ki, cəmiyyət onu qəbul etsin. Bundan ötrü yeni nəsil lazımdır, amma istedadlı nəsil lazımdır. Onları üzə çıxartmaq şərtdir. Daha bu mənim dostumdur, bu mənim tələbəmdir deyib, bu sayaq yeni nəsil yetişdirmək olmaz.
Teatrdakı indiki proseslər məni bir daha əmin elədi ki, yaltaq adamlar üçün başda oturanın kimliyinin heç bir fərqi yoxdur. Əsas odur ki, onlar öz xarakterləri ilə hamıya yarınmağı bacarırlar, gedəni söyürlər, gələnin pişvazında yenə də ayaqqabı təmizləməyə başlayırlar. Yenə də belədir...
Amma başqa məsələ də var. Teatrda hələlik insanlar bir-birinə yaxınlaşmağa başlayıblar, yaradıcılıq atmosferi var, informasiya daşıyanlar işsiz qalıblar. Onlar asanlıqla bu adamı o adama düşmən etməyi bacarırdılar. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, məni bu teatrda işlədiyim vaxtda sənətimdən, işimdən başqa heç kim maraqlandırmayıb.
Yaxşının üzünə demişəm ki, yaxşısan, yaxşı olmayana heç nə deməmişəm. Soruşanda sadəcə “xoşum gəlmədi” ifadəsini işlətmişəm. Ona görə məndən xoşu gəlməyənlər də olub. Qoy olsun... Pisə yaxşı deyirəmsə, deməli, vicdanımla alver edirəm. Ya o adamdan çəkinirəm, ya da qorxuram. Nədən qorxum ki? Bu gün-sabah 60 yaşım olacaq, nədən çəkinməliyəm? Yaxşılara yaxşı deyib, onları ürəkləndirək, yarımçıqlara yarımçıq deyib, məsləhət verək ki, özlərinə iş tapsınlar. İstedadlı tənbəllərə deyək ki, ya istedadından yararlansınlar, ya da bu sənətdən getsinlər.
-Azər Paşa müəllimin rəhbərliyi ilə dörd ayı arxda qoyursunuz. Teatrdakı indiki durum nə vəd edir?
-Biz hələ heç bir iş görməmişik. Nə mənada? Yəni yeni tamaşa təhvil verməmişik. Amma teatrda atmosfer yaxşılaşıb. Artıq aktyorların hamısı teatra gəlirlər, söhbət edirlər. Gündüz tamaşalarımız da, axşam tamaşalarımız da, məşqlərimiz də öz yerindədir. Hazırda iki ciddi əsər üzərində iş gedir. Biri Mikayıl Mikayılovun quruluşunda Qoqolun “Müfəttiş”i, digəri Cəlil Məmmədquluzadənin “Ölülər” əsəridir. “Ölülər”i Azər Paşa Nemət hazırlayır.
Bütün kollektiv işlə məşğuldur və işləməkdən zövq alırlar. Azər Paşa peşəkar rejissordur. Hər aktyorun yükünü bölməyi bacarır. İndi teatrda çox mehriban, maraqlı yaradıcılıq prosesi gedir. Səhər saat 11-də məşqə gedirik. Əgər əvvəllər saat 1-də hamı qaçmaq istəyirdisə, indi saat 3-ə qədər aktyorlar məşq zalından çıxmaq istəmirlər.
-Siz hansı əsərdə rol alırsınız?
-“Ölülər” əsərində Şeyx Nəsrullah rolunu canlandırıram. Cəlil Məmmədquluzadə doğurdan da dahidir. Aktyor bu sayaq əsərlərdə, materiallarda yetişə bilər. Mən arzu edirəm ki, bu gün bizim müasir dramaturguyamız öz boynuna düşən işi yerinə yetirsin. Çox təəssüf ki, müasir dramaturgiyamız axsayır. Ona görə klassik dramaturgiya yenə başdadır.
-Geniş müzakirə olunan “Azdrama” aktyorlarının “bufetimiz canlanır” statuslu fotosu barədə sizin mövqeyinizi bilmək istərdim. Sizin üçün o bufetin anlamı nədir?
-Mən bufet adamı deyiləm, daha çox öz otağımda otururam, çayımı da ora gətirirlər. Çünki orda mənim kitablarım, materiallarım var. Orda yazı yazıram, rol üzərində işləyirəm. Mənə elə gəlir, o məsələni bir az şişirtdilər. Biz bir-birimizin üstünə zəhərimizlə gedib, bundan ləzzət almamalıyıq. Əksinə bir-birimizin yanında olmağı bacarmalıyıq.
“Azdrama”nın bufetində şəkil çəkdilər, nəsə yazıb, paylaşdılar, problem bu deyil. Məsələ ondan ibarətdir ki, teatrın yaxşı tamaşaları səhnəyə çıxsın.
Şmaqanın sözüdür, deyir ki, aktyorun yeri bufetdir. Bu, bilirsiniz, hansı anlamdadır? Hər gün saat 9-10-da teatra gedirik, axşam saat 10-11-də çıxırıq. Teatr aktyorun ikinci evidir. Ona görə deyilir ki, aktyorun yeri bufetdir. Amma əlbəttə, aktyorun əsas yeri səhnədir, məşqdir.
Biz bəzən xırdaçılıq edirik, o qədər də diqqət etməli olmadığımız məsələni daha çox şişirdirik. İsrafil İsrafilovda Azərbaycan vətəndaşıdır, kifayət qədər ölkəsinə xidmət etmiş elm adamıdır. Bu gün elmlə məşğuldur. Amma elm adamı olmaqla idarəçilik məsələləri fərqlidir. İşlədi, çalışdı, bəzi şeylər alınmayanda narazılıqlar əmələ gəldi və məsələ bu yerlərə qədər çatdı.
Hesab etmirəm ki, İsrafil İsrafilovu kimsə özünə düşmən hesab edir. Qətiyyən... Bəlkə yanlış məlumatlar verən, bu gün “işsiz” qalan insanlar sabah İsrafil müəllimi görəndə yollarını dəyişərlər, amma şəxsən mən o fikirdə deyiləm. Onu görəndə salamlaşacam da, görüşəcəm də.
-Teatrdan çıxarılan aktyorların taleyi necə oldu? Onlar yenidən işə bərpa olundularmı?
-Hamı bərpa olundu.
-Telman Əliyev də?
-Bircə Telman Əliyev hələ işə götürülməyib. Hesab edirəm ki, yaxın zamanlarda onunla bağlı qərar verilər. Aktyor teatrda olmalıdır, çalışmalıdır və səhnədə də ölməlidir. Ümumiyyətlə, yaradıcı adamların yaşı olmur. Qonşu ölkələrə baxaq. 70, 75 ,80, 85 yaşlı sənətçilər hələ də səhnədədirlər. Rejissorlar tamaşa qoyur, aktyorlar işləyir, ədəbiyyat adamı yazır.
Yaradıcı adamlara münasibətdə bu qərar doğru deyil. Aktyorun ömrü, həyatı teatra bağlanır, orda yaşayır, orda da həyatını dəyişir. “Sənin yaşın çatıb, səni qırağa qoyaq” prinsipi ilə aktyora yanaşmaq olmaz. Müvəqqəti müqavilələr məsələsi var idi, bilirsiniz onlar nə idi? Sus, danışma, danışarsan, səni işdən çıxararam. İnsanlara bu şəkildə yanaşmaq düz deyil.
Hər kişi axşam ailəsinə çörək aparmalıdır. Əgər bir rəhbər işçi hansısa kişini axşam evinə çörək aparmaqdan məhrum edirsə, bu, kişilik deyil.
Eyni qaydada da “Mənə salam vermədi, onu işdən çıxarmalıyam”, “Bu adam haqqımda filan sözü yazıb, onu işdən atmalıyam” prinsipi ilə hərəkət etmək yalnışdır və gücsüzlükdür. Telman Əliyev kifayət qədər istedadlı aktyordur. Hesab edirəm ki, teatrın rəhbərliyi məntiqli qərar verəcək.
Teatrımız bu ayın 16-da Türkiyədə keçiriləcək festivalda iştirak edəcək. Mənə elə gəlir, bəzi insanları teatrımızdakı durum çox narahat edir. Kollektiv içərisində fitnə salmaq, kimlərisə kimlərəsə qarşı qoymaq istəyirlər, bu, alınmayacaq. Biz bir mərhələni keçdik, bundan sonra imkan verməyəcəyik ki, teatr daxilində narazılıqlar olsun.
Nərmin Muradova