Nizami Kino Mərkəzində “Qırmızı bağ” filminin premyerası keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyinin kinematoqrafiya şöbəsinin rəhbəri Cahangir Mehdiyev, Respublika Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, millət vəkili Aqil Abbas, eləcə də digər mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Mərasimi açıq elan edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov cəbhə bölgəsində yaşanan olaylardan danışıb. Daha sonra şəhid olmuş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli filmin beş il vaxt apardığını bildirib: “Film çox böyük çətinliklərlə ərsəyə gəldi. Bunu açıq etiraf edirəm, filmin istehsalı bir neçə dəfə dayandı. Yəni film çəkilməyə və biz bu gün burda toplaşmaya bilərdik.
Amma Mədəniyyət və Turizm Nazirliyinin, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə filmin istehsalını başa çatdırdıq.
Sevinirəm ki, Azərbaycanda yaradıcı adamları ətrafımıza toplayıb filmi ərsəyə gətirək.
İstədik ki, bu film bəzəkdən-düzəkdən uzaq insan haqqında səmimi bir film olsun. Film vaxtilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatını əks etdirir. Burda insanın daxili konfilikti, onun eqoizmdən azad olmasını, yəni dəyişdiyini görürük. Biz onun həm xarici, həm də daxili aləminə səyahət edirik”.
Daha sonra film nümayiş olunub.
“Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub.
Baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və digərləri canlandırıblar.
Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Nərmin