Heç də hər ölkə Birinci Avropa oyunları kimi bu cür miqyasda tədbiri keçirmək hüququnu əldə edə bilmir və Oyunların Azərbaycanda keçirilməsi qərarı ölkənin böyük potensialının təsdiqidir. Bu barədə Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində "Objektleiter" alman media qrupunun rəhbəri Ayxan Günəş Trend-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Birinci Avropa Oyunları avropalılara, digər iştirakçı və tamaşaçılara Azərbaycan mədəniyyəti, görməli yerləri və turizm imkanları ilə tanış olmağa kömək edəcək.
A.Günəş qeyd edib ki, Azərbaycanda iri miqyaslı idman tədbirlərinin keçirilməsi üçün lazımi infrastruktur yaradılır: “Mənə məlumdur ki, Azərbaycanda iki ildən sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək”.
Onun sözlərinə görə, yay və qış olimpiya oyunlarında yaxşı nəticə göstərən Almaniya Avropa Oyunlarına bütün növlər üzrə atletlərini göndərmək niyyətindədir: "Xüsusilə, alman idmançıları üzgüçülük, futbol, basketbol, yüngül atletika kimi idman növlərində mübarizə aparacaqlar".