7 May 2015 11:50
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Məmmədov: “Ona bildirdik ki, riyakarlıqdan əl çəksəniz, müharibəyə ehtiyac olmayacaq”

“Biz hər il işğal və digər bu kimi günləri qeyd etməkdən yorulmuşuq. Bunun üçün Azərbaycan Ordusu, əsgərlər, zabitlər sözünü deməlidir. Biz Şuşamızı da, digər işğal olunmuş ərazilərimizi də işğaldan, erməni tapdağından azad etməli, düşməni torpaqlarımızdan zibil kimi süpürüb atmalıyıq. Bu gün qondarma separatçı qurumda seçkilər keçirilir. Hətta onları dəstəkləyən müəyyən qurumlar, qüvvələr də var. Bizə bu qondarma rejimin keçirdiyi seçkilərlə bağlı suallar verirlər. ATƏT-in Minsk qrupu bu qondarma seçkinin keçirilməsinə imkan verməməli idi. Əksinə, onları dəstəkləyir, hər cür yardım göstərirlər. Bu işlərin qarşısını almaq üçün bircə yol var. O da torpaqları işğaldan azad etmək, düşməni o torpaqlardan qovmaq, o ərazilərdə gedib yaşamaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Elman Məmmədov bildirib. Müsahibəni təqdim edirik:

- Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsinin əhəmiyyəti nədən ibarətdir?
- Təbii ki, Avropa dövlətləri içərisində ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi uğurlarımızdan xəbər verir. O cümlədən bu yarışlar Azərbaycanın dünyadakı idman uğurlarının artdığını göstərir. Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və bu idman yarışları bu sahədə əldə etdiyimiz nailiyyətlərin bariz nümunəsidir. Bu illər ərzində Azərbaycan beynəlxalq idman oyunlarında, olimpiadalarda yüksək nəticələr əldə edib. Birinci Avropa Oyunlarının keçirilməsi üçün güclü iqtisadiyyata, maliyyə resurslarına malik olmaq lazımdır. Şükürlər olsun ki, Azərbaycanda da bu qeyd edilən imkanlar var. Buna görə də Azərbaycanın dostlarını bu nailiyyətlər sevindirir. Düşmənlərimiz isə Azərbaycana qara yaxmaqla, şər-böhtan atmaqla məşğuldur. Azərbaycan beynəlxalq aləmdə bütün sahələrdə olduğu kimi idman sahəsində də öz sözünü deyir və biz bu işi uğurla davam etdirəcəyik.

- Oyunlar ərəfəsində hər dəfə olduğu kimi yenə də Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirilməyə başladı. Xüsusilə, ABŞ Dövlət katibi Con Kerri tərəfindən Azərbaycana qarşı kampaniya başladılması haqqında informasiyalar açıqlandı. Bu mənfi addımların atılmasında məqsəd nədir?
- Bu, Con Kerrinin Azərbaycana qarşı birinci hərəkəti deyil, o, daim ölkəmizə qarşı müxtəlif “layihə”lərdə iştirak edib. Hələ ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, o, Azərbaycana qarşı Amerikada və bir çox beynəlxalq təşkilatlarda öz imkanı daxilində hər zaman kampaniyalar aparıb. Çünki Con Kerrinin əli ermənilərin cibindədir. Amerikadakı erməni milyarderləri və lobbilərinin dəstəyi ilə maliyyələşib. Buna görə də Con Kerri daha çox canfəşanlıq edir və ermənipərəst mövqeyi ilə seçilir. Özü də bu kampaniyalar ilk dəfə deyil ki, baş verir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edəndən, xüsusilə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizə qarşı bəd niyyətdə, fikirdə olan beynəlxalq qurumlar və böyük dövlətlər inkişafımızı gördülər. O cümlədən onlar Azərbaycanın müstəqil siyasət yürütdüyünün şahidi oldular və bunu qəbul edə bilmədilər. 90-cı illərin əvvəllərində “Əsrin müqaviləsi” bağlanan vaxta nəzər salın, görün, həmin ərəfədə Azərbaycan üçün hansı tələlər qurulur, hansı problemlər yaradılırdı. Sui-qəsdlərə, dövlət çevrilişlərinə, ölkə daxilində stabilliyi pozmaq hallarına belə əl atırdılar. Təəssüf ki, onlar Azərbaycanın daxilində olan, dövlətçiliyimizin əleyhinə xarici maliyyə mənbələri hesabına çalışan insanlarımızdan da istifadə ediblər. Bu insanlar dərk eləməlidirlər ki, 5-10 manata görə öz millətini, dövlətini ləkələmək, zərbə vurmaq olmaz. Onlara bu işdən geri çəkilmək tövsiyə olunur. Düşmənin mövqeyi məlumdur. Düşmən ermənidir, onların tərəfdarı olan, Azərbaycanı sevməyən qüvvələrdir. Hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan azərbaycanlılar da birləşib bu təhdidlərə, təzyiqlərə, qara yaxmalara qarşı mübarizə aparmalıdır. Neçə dəfələrlə olub ki, Azərbaycanı nüfuzdan salmaq, haqq işinə ədalətsizlik donu geyindirmək, ölkəmizi nələrəsə məcbur eləmək, Qarabağ məsələsində ermənilərin xeyrinə addımlar atmaq istəyiblər. Ancaq bu illər ərzində buna nail ola bilməyiblər. Bundan sonra da bu bəd niyyətlərini həyata keçirə bilməyəcəklər.

- Şuşanın işğal olunmasının 23-cü ildönümü ərəfəsindəyik. İndiyədək dövlət və ictimai institutlar tərəfindən xeyli sayda addımlar atılıb. Bəs, daha hansı addımlar atılmalıdır ki, haqq səsimizi dünyaya çatdıra bilək?
- Bu vaxta qədər dövlət və millət olaraq çox işlər görmüşük. Təbii ki, hələ etməliyik də. Ancaq nə edirsən et, bir məsələ var ki, biz onu həyata keçirməliyik. Biz hər il işğal və digər bu kimi günləri qeyd etməkdən yorulmuşuq. Bunun üçün Azərbaycan Ordusu, əsgərlər, zabitlər sözünü deməlidir. Biz Şuşamızı da, digər işğal olunmuş ərazilərimizi də işğaldan, erməni tapdağından azad etməli, düşməni torpaqlarımızdan zibil kimi süpürüb atmalıyıq. Bu gün qondarma separatçı qurumda seçkilər keçirilir. Hətta onları dəstəkləyən müəyyən qurumlar, qüvvələr də var. Bizdən bu qondarma rejimin keçirdiyi seçkilərlə bağlı suallar verirlər. ATƏT-in Minsk qrupu bu qondarma seçkinin keçirilməsinə imkan verməməli idi. Əksinə, onları dəstəkləyir, hər cür yardım göstərirlər. Bu işlərin qarşısını almaq üçün bircə yol var. O da torpaqları işğaldan azad etmək, düşməni o torpaqlardan qovmaq, o ərazilərdə gedib yaşamaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Başqa yolumuz yoxdur.

- Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantının mümkünsüz olduğunu bildirdi.
- Səfir Herbert Salber Bakıya səfəri zamanı “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə də görüşmüşdü. Biz onunla çox ətraflı söhbət elədik. Ona bildirdik ki, Avropa İttifaqı, Avropa Şurası, BMT üzvü olaraq ermənipərəst mövqeyinizdən əl çəksəniz, riyakarlıqla məşğul olmasanız, qeyri-səmimilikdən uzaqlaşsanız və hərəkətlərinizdə səmimi olsanız, maneçilik törətməsəniz, bəlkə də heç müharibəyə də ehtiyac olmayacaq. Çünki bugünkü Ermənistan çoxdan bilir ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün güclü Azərbaycan, ordumuz var və həmin o cırtdan, terrorçu Ermənistan öz-özünə o torpaqlardan çəkilib gedəsidir, çünki dövlətimizin qarşısında tab gətirə bilməz. Həmin beynəlxalq qurumlar, dünyanın bir sıra dövlətləri imkan vermirlər ki, torpaqlarımız işğaldan azad olunsun. Çünki bunlar həmişə Azərbaycanı asılı vəziyyətdə saxlamaq istəyirlər. Bunun üçün də Azərbaycana hər hansı problem yaradırlar. O problemdən istifadə edərək ölkəmizə qarşı təzyiqlər göstərirlər. Keçən əsrin sonlarında Azərbaycan üçün yaradılmış Dağlıq Qarabağ problemi elə-belə təsadüfi məsələ deyil. Bunu ölkəmiz üçün yaradıblar və həll olunmasına imkan vermirlər. Hesab edirəm ki, bu, məqsədli şəkildə həyata keçirilir.

- Dağlıq Qarabağ probleminin həllində Minsk qrupunun formatı dəyişdirilərsə, bu, məsələnin həllinə köməklik göstərəcəkmi?
- 10 ildən artıqdır, bu məsələdə qəti mövqeyimi sərgiləmişəm. Parlamentin ötən iclasında da bir daha qeyd etdim ki, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda qüvvələr nisbəti 4-ün birədir. Bu danışıqlarda bir tərəf Azərbaycandır, digər 4 tərəf düşmən, təcavüzkar Ermənistan və bu ölkəni bütün istiqamətlərdə, eyni zamanda Dağlıq Qarabağ məsələsində dəstəkləyən, havadarlıq edən Rusiya, Fransa, Amerikadır. Ona görə də bu format qəbulolunmazdır. Bu format ya genişləndirilib Azərbaycanın mövqeyini dəstəkləyən Türkiyəni və bir-iki neytral, ədalətli mövqedə duran dövlətlər əlavə edilməlidir, ya da həmin mandat ATƏT-dən alınıb daha nüfuzlu böyük təşkilata, məsələn Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına verilməlidir. Yəni, biz ATƏT-in Minsk qrupundan heç bir ədalətli mövqe, həll gözləyə bilmərik.

- İndiki məqamda BMT də məsələyə münasibət bildirmir, tamamilə geri çəkilib...
- Çünki BMT deyilən bir qurum, belə deyək, tam müstəqil deyil. O da bir neçə dövlətin, xüsusilə, ABŞ-ın göstərişi, tapşırığı ilə hərəkət edən bir qurumdur. Ancaq hər halda BMT-də və onun Təhlükəsizlik Şurasında bu münaqişənin taleyi 3 ermənipərəst dövlətin mövqeyindən yox, 8, 10, 15 dövlətin mövqeyindən asılı olur. Hər halda nisbətən də olsa, burada hər hansı dövlətdən ədalətli mövqe gözləmək mümkündür. Amma biz bilirik ki, erməni məsələsini gündəmə gətirən, onları son 200 ildə tarixi Azərbaycan torpaqlarına köçürüb dövlət quran bu üç dövlətdir. Eyni zamanda, erməniləri bütün hər cəhətdən müdafiə edib qoruyan da bu üç dövlətdir. Biz bunların hansından ədalət gözləməliyik?

- Mətbuatda bir ara səsləndi ki, məcburi köçkünlər öz dədə-baba torpaqlarını görmək məqsədilə beynəlxalq təşkilatlara müraciət eləsin...
- Hansı beynəlxalq qurumlara müraciət edəcəklər? Üç azərbaycanlı öz dədə-baba yurdunu görmək üçün Kəlbəcərə getmişdi. Birini öldürdülər, ikisinə də işgəncə verib, orada saxlayırlar. Özləri tərəfindən o iki azərbaycanlıya qondarma məhkəmə qururlar. Hansı bir beynəlxalq qurum indiyədək bir iş görüb, onların girovluqdan azad olunması üçün addımlar atıb? Beynəlxalq qurum, beynəlxalq hüquq böyük dövlətlərin əlində oyuncaq bir vasitədir və bunlardan yalnız kiçik dövlətlərə təzyiq altında saxlamaq üçün istifadə edirlər.

- Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı vəziyyət necədir?
- Onlar üçün tanınmayan, separatçı qurum tərəfindən qondarma bir məhkəmə həyata keçirdilər. Orada bir məzhəkə yaratdılar və hökm oxundu, cəza verildi. Biz burada çarəsiz deyilik, Azərbaycanda da erməni əsirlər var. Azərbaycan dövləti öz vətəndaşlarını özü azad edəcək. Heç bir beynəlxalq təşkilatdan, dövlətdən kömək gözləmirik.

- Bu il həm də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Yenidən seçkilərdə iştirak edəcəksinizmi?
- Parlament seçkilərində 2000-ci ildən iştirak edirəm və Yeni Azərbaycan Partiyasının üzvüyəm. Namizədliyim mənsub olduğum partiya tərəfindən verilib və seçkilərdə iştirak etmişəm. Əgər üzvü olduğum partiya məqsədəuyğun hesab edib namizədliyimi irəli sürsə, təbii ki, seçkilərdə iştirak edəcəyəm. Əks təqdirdə iştirak etməyəcəm.

- Birinci Avropa Oyunlarında iştirak edəcəksinizmi və hansı idman növünə azarkeşlik edəcəksiniz?
- Rayonlarımıza səfərim var və mayın 9-da ilk Avropa Oyunlarının məşəli Xocavənd rayonunda alovlandırılacaq. Mayın 10-da isə bu mərasim Ağdam rayonunda olacaq. Bütün bu tədbirlərin hamısında iştirak edəcəyəm. Sualınızın ikinci hissəsinə gəlincə, tələbə vaxtı həvəskar şəkildə güləşlə məşğul olmuşam. Yəqin ki, güləşə, boksa, voleybola və digər idman növlərinə baxacağam.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər