Velosiped idmanının BMX (velosiped motokrosu) növü üçün xüsusi stadionun inşası velosiped sürməyi sevənlərin çoxdankı arzusu idi. Məlumdur ki, velosiped bir çox ölkədə ən əlverişli nəqliyyat vasitəsidir. İnsanların rahatlığı üçün bu vasitələr daha da təkmilləşdirilir. Hətta dəfələrlə İsveçdə nazirlər nəqliyyat vasitəsi kimi velosipeddən istifadəni seçib.
Azərbaycanda isə son illər xüsusən Milli Park ərazisində velosiped sürənlərin sayı çoxalıb. Velosiped həvəskarları üçün bulvar ərazisində kiçik park da var.
Ölkəmizdə şosse velosiped idmanı üzrə turnirlər keçirilirsə də, BMX yarışları ilk dəfə olacaq.
Belə ki, “Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində velosiped motokrosu üzrə yeni idman arenası tikilib. ”Şıx" çimərliyinin yaxınlığındakı Veloparkda salınan BMX stadionundakı görülən işlərlə tanışlıq üçün əraziyə üz tutduq.
“Veloparkda bütün işlər yekunlaşıb”
“Bakı-2015" I Avropa Oyunlarına cəmi 36 gün qaldığı bir vaxtda idman komplekslərində aparılan işlər başa çatmaq üzrədir. Veloparkda isə, demək olar ki, əsas işlər görülüb.
Obyektin tikinti meneceri Tural İsgəndərov söylədi ki, Veloparkda bütün işlər yekunlaşıb. Onun sözlərinə görə, BMX kompleksinin yalnız elektrik işləri həll edilməmiş qalır. Həmçinin təmizlik işləri görülməlidir.
Menecer bildirdi ki, Azərbaycanda ilk BMX stadionunun inşasında xarici mütəxxəsislərin gücünə arxalansalar da, yerli materiallardan istifadə olunub. Artıq ətrafda yaşıllaşdırma işləri də aparılıb.
Onu da qeyd edək ki, ötən gün Veloparkda yaşıllaşdırma aksiyası keçirilib. Geniş bir sahəni əhatə edən Veloparkda “Coca-Cola” əməkdaşları, ADA Universitetinin tələbələri, Velosiped İdmanı Federasiyasının üzvləri və “Bakı-2015"in nümayəndələri iştirak ediblər.
“Veloparkın yaradılmasına İlham Əliyev qərar verdi”
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkın yerləşdiyi ərazidə abadlıqdan danışıb: “Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velo marşrut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər”.
Vitse-prezidentin fikrincə, I Avropa Oyunların ölkəmizdə velosiped idmanının BMX növünün də inkişafına böyük kömək olacaq.
Federasiya rəsmisi Azərbaycanda minlərlə gəncin velosiped idmanı ilə aktiv şəkildə məşğul olduğunu deyib: “İdmançılar üçün lazımi infrastrukturun yaradılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir”.
Bakıda 300 velosipedçi yarışacaq
Qeyd edək ki, velosiped idmanında şosse, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var.
“Bakı-2015" İlk Avropa Oyunlarının yarış cədvəlinə isə velosiped idmanının üç növü daxil edilib. Bu idman növlərinin hərəsinin özünəməxsus həyəcanverici özəlliyi var. BMX, dağ və şosse velosipedi yarışlarında 300-dən çox idmançı iştirak edəcək. İdmançılar velosiped idmanının hər üç növündə 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün kvalifikasiya imkanlarına sahib olacaqlar.
Oxucular üçün nisbətən az tanış olan bu velosiped növü haqda bildirək ki, BMX “velosiped motokrosu” ifadəsinin qısaldılmış versiyasıdır. Bu idman növü yarış idmanı olaraq ilk başlanğıcını 1960-cı illərdə Kaliforniyada edib. Bu, BMX idmanının ABŞ-da məşhurlaşdığı vaxta təsadüf edir. Növbəti onilliklərdə də öz inkişafını davam etdirdi və 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunları proqramına daxil edilməklə əsas yarışlarda yer alan idman növlərindən biri olaraq tanınmağa başlandı. Avropa Oyunlarında BMX üzrə keçiriləcək yarışlarda 32 kişi və 16 qadın idmançı yeni BMX veloparkında açıq məkanda yerləşən trekdə mübarizə aparacaq. Trekdə bir sıra maneə, qabarıq və sıldırım enişli künclər var. Yarışlar iyunun 26-da başlayacaq. Kişilər və qadınlar arasında keçiriləcək final mərhələ iyunun 28-də baş tutacaq. Finiş xəttini birinci keçən velosipedçi yarışın qalibi sayılacaq. BMX idmanında əksər velosipedçilər diametri 20 düym (50,8 santimetr) olan təkərlərdən istifadə edirlər. Bu ölçü şosse yarışlarında istifadə olunan velosiped təkərlərinin üçdə ikisi böyüklüyündədir.
Dağ velosipedi üzrə turnir iyunun 13-də Dağ velosipedi parkında keçiriləcək. Yarışlarda 46 kişi və 31 qadın velosipedçi öz gücünü sınayacaq. Son dövrədə finiş xəttini ilk keçən idmançı yarışın qalibi olacaq.
Şosse yarışları kişilər arasında 216 kilometr, qadınlar arasında isə 121,5 kilometr məsafə üzrə keçiriləcək. Zamana qarşı yarışlar isə kişilər arasında 40 kilometr, qadınlar arasında isə 24 kilometr üzrə baş tutacaq. İyunun 18-21-də keçiriləcək şosse velosipedi idmanı yarışlarında ümumilikdə 146 kişi və 175 qadın idmançı iştirak edəcək.
Rəssamın təsvirindən sonra ixtira olunan idman
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başladı. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.Mixail Artamonov tərəfindən 1801-ci ildə düzəldilib. Ona “samokat” (öz-özünə hərəkət edən) adı verilmişdi. Lakin Artamonovun velosipedinin taleyi uğurlu olmadı. O, çarın nadir əşyalar kolleksiyasına daxil edildi və tezliklə yaddan çıxdı.
1801-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər hazırlandı. Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirdi. 1815-ci ildə alman K.Drez sükanlı velosiped, 19-cu əsrin ortalarında isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəltdi. Beləliklə, Artamonovun sxemi yenidən qaytarıldı. O vaxt velosipedin təkərləri metaldan düzəldilirdi. Qabaq təkəri bir isanın boyunda olurdu. Təkərdəki millərin sayı çox olduğundan, o, hörümçək toruna oxşayırdı. Buna görə ona “hörümçək” deyirdilər. 20 ildən sonra onu öz quruluşu və görkəminə görə indiki velosipedlərə oxşayan yeniləri əvəz etdi.
Başqa versiya - vulkan püskürməsi
Digər versiyalara görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehtiyac yaranması ilə ortaya çıxdı. İlk velosipedin görünüşü müasir velosipedlərdən tamamilə fərqlənirdi. Almaniyanın Manhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edildi. Taxtadan düzəldilmiş, lakin pedalları olmayan velosiped idi. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velosipedlərin rekord sürəti 15 s/km-dən çox olmurdu.
Azərbaycanlı veloyürüşçülər
Azərbaycanda velosipeddən istifadə tarixi 1930-cu ilə təsadüf edir. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanıldı. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Ölkəmizdə daha irimiqyaslı velosiped yarışları ötən əsrin 40-cı illərindən başladı. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılmışdı. Spartakiadalar Avropadakı kimi 4 ildən bir təşkil edilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.
Velosiped idmanının ilk nümayəndələrini tanıyaq
Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələridir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdirdilər. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də, müxtəlif ölkələrdən məşqçilər cəlb olundu. Bunlar Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqaları idi. Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başladı. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak edirdilər.
Uğurlu inkişaf yolu
1980-ci ildə mərhum prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verildi. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirildi.
1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq - Gəncə arasında 4 min km məsafədə velosiped yürüşü təşkil olunmuşdu. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak etdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma özünü göstərirdi. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf etdi. O cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradıldı. Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirildi. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olundu, Fazil Əsəd oğlu Məmmədov Federasiyanın prezidenti seçildi. Son zamanlar daha da inkişaf edən velosiped idmanında idmançılarımız beynəlxalq yarışlarda iştirak edir və mükafatlar qazanır. Bundan əlavə, dəfələrlə veloyürüşlər təşkil edilib.
Nərgiz EHLAMQIZI
Fotolar: Rəşad ABBASOV