“Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, millət vəkili Xanlar Fətiyev Bakıda keçirilən Su polosu üzrə beynəlxalq turnirin açılış mərasimindəki çıxışında deyib. O, bu vacib turnirin I Avropa Oyunları üçün yeni inşa olunan, bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Mərkəzində təşkil olunmasının qürurverici olduğunu qeyd edib:
“Biz Azərbaycana belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün dövlət başçısı möhtərəm İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bu gün ölkəmizin rəhbərinin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Bu bizi sevindirir. Biz də öz növbəmizdə söz veririk ki, bütün var gücümüzlə ehtimadı doğrultmağa çalışacağıq”.
X.Fətiyev qeyd edib ki, Üzgüçülük Federasiyasına daxil olan bütün idman növləri üzrə komandalar I Avropa Oyunlarına hazırlıq çərçivəsində dünyanın müxtəlif ölkılərində təlim-məşq toplantılarında və müxtəlif səviyyəli beynəlxal turnirlərdə iştirak ediblər: “Bizim Federasiyadakı komandalar əsasən gənclərdən təşkil olunub. Biz çalışırıq ki, onların beynəlxalq yarışlarda iştirak təcrübəsini artıraq. İnanıram ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar. Bunun üçün biz də Federasiya olaraq onlara hərtərəfli dəstək veririk”.