21 May 2015 20:24
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” I Avropa Oyunlarına artıq 22 gün qalıb. Milli Məclisin deputatları idman yarışlarının əhəmiyyəti barədə danışıblar.

“Oyunlar qurtarandan sonra da qurulmuş arenalar xalqa xidmət edəcək”

Millət vəkili Azər Badamovun sözlərinə görə, ölkəmizdə bu möhtəşəm idman bayramına yüksək səviyyədə hazırlıqlar gedir. Deputat söyləyib ki, qısa müddətdə bütün infrastruktur hazırlanaraq Avropa Oyunlarının açılış gününü gözləyir: “Azərbaycan ictimaiyyəti, bütün vətəndaşlar Oyunlarına başlanmasına həyəcanlanırlar. Bu idman yarışları hər bir vətəndaş üçün qürurdur. Avropa Oyunlara qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib. Bu da onu göstərir ki, Oyunlar qurtarandan sonra da qurulmuş arenalar, təhlükəsizlik və nəqliyyat sistemləri Azərbaycan xalqına xidmət edəcək”.

“Hər bir turist 1 həftə ərzində min dollar xərcləyəcək”

Deputatın fikrincə, Avropa Oyunları Azərbaycanda turizm potensialının artmasına da xidmət edəcək: “Bir növ Azərbaycanı dünyada tanıtmaq istiqamətində böyük rolu olacaq. Bu tədbir bizim milli adət-ənənələrimizi tanıtmaq zəminində xüsusi əhəmiyyətə malik hadisə olacaq. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm iqtisadi, həm siyasi və idman həyatında mühüm önəm daşıyacaq. Ölkəmizə gələn çoxlu sayda turistlər özləri ilə valyutalar gətirəcək. Proqnoza görə, hər bir turist 1 həftə ərzində min dollar xərcləyəcək. Bunu ölkə iqtisadiyyatına yönəlmiş resurs kimi başa düşmək olar. Bunun manatın məzənnəsinin sabitləşməsində də böyük rolu olacaq. Hər bir turist özü ilə bərabər potensial turist də gətirəcək. Ölkəmizi tanıyacaqlar və turizm sektoru daha da inkişaf edəcək. Bildiyimiz kimi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir. Qeyri-neft sektorunda əsas yeri turizm tutur. Avropa Oyunlarından sonra da xırda və orta sahibkarlıq mühitinin formalaşması üçün geniş imkan yaranacaq”.

“Azərbaycanın sıçrayışını və inkişafını bəzi qüvvələrin gözü götürmür”

A.Badamov bildirib ki, Azərbaycan ərazicə balaca olsa da, iqtisadi uğurlarına görə dünyada ən güclü dövlətlərin arasındadır: “Azərbaycanın sıçrayışını və inkişafını ölkəmizi istəməyən bəzi qüvvələrin gözü götürmür. Beynəlxalq tədbirlər keçirilməzdən öncə həmin qüvvələr hərəkətə keçir və bu fəaliyyətə xələl gətirmək istiqamətində qarayaxma kampaniyalarına başlayırlar. “Avroviziya” mahnı müsabiqəsi zamanı bu hərəkətlərin şahidi olsaq da, onlar heç bir təsir edə bilmədilər. Azərbaycan demokratik ölkədir. Hər hansı bir qüvvə bizimlə təhdid dilində danışa bilməz. Bizim müstəqil siyasətimiz var”.

“Azərbaycan dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir”

Milli Məclisin deputatı Yevda Abramov isə deyib ki, ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir. Deputat bildirib ki, Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, bu qara qüvvələr öz çirkin əməllərinə başlayırlar: “Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. I Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu “fəaliyyət”ini heçə uğratdı və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir”.

Y.Abramov Azərbaycanda olan anti-milli qüvvələrin də bu kampaniyaya dəstək verməsindən təəssüfləndiyini bildirib: “Ölkəmizin dünyada nüfuzunu xeyli artıracaq bu Oyunların keçirilməsinə hər bir Azərbaycan vətəndaşı sevinir, amma əfsuslar olsun ki, aramızda öz şəxsi maraqlarını hər şeydən üstün tutan insanlar da var”.

“Ölkəmizə turist axını, investisiya qoyuluşu artıracaq”

Onun fikrincə, Oyunlar Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir: “Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını, investisiya qoyuluşunu artıracaq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər