27 May 2015 11:52
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəstun Baxşəliyev: “Bu möhtəşəm idman tədbiri Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılmasında önəmli platformaya çevriləcək”

“İlk Avropa Oyunları və bu qəbildən olan digər tədbirlərin həyata keçirilməsi istənilən ölkənin imicinin dünya miqyasında qaldırılması baxımdan təbii ki, çox mühümdür. Odur ki Azərbaycanda, yəni Bakıda da belə bir oyunların həyata keçirilməsi respublikanın imicinin qaldırılması baxımdan mühüm önəm kəsb edir. İlk növbədə ona görə ki, Azərbaycanla bağlı bilgisi olmayan ən sadə dünya vətəndaşı belə ən azından Azərbaycan adını eşidir, onun yerləşdiyi coğrafi məkanın yerini bilir. Onunla bağlı hər hansı bir problem ortaya çıxdıqda isə yaşamış olduğu ilk təssüratlar baxımdan bu və ya digər bir formada o ölkəyə yönəlik öz mövqeyini sərgiləyir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Ərəstun Baxşəliyev deyib.

O qeyd edib ki, digər tərəfdən ölkə ilə bağlı bilginin olması ona müəyyən mənada da olsa, bəzi iqtisadi və siyasi dividendlər vəd edir: “Yəni ölkə, həm qlobal çərçivəli, həm də regional çərçivəli tribunalarda müsbət imicli bir ölkə kimi tanınır. Və belə olduğu təqdirdə ölkə ilə bağlı müxtəlif tip araşdırmalara geniş imkanlar açılır; iqtisadi, siyasi və mədəni rakurslu araşdırma predmetinə çevrilir”.

Politoloq bildirib ki, bu qəbildən olan tədbirlər sülh və əmin-amanlığa, dostluq və qarşılıqlı tərəfdaşlığa yönəlik bir çox çağırışlarla yanaşı, ölkə iqtisadiyyatının, mədəniyyətinin, tolerantlığının, habelə milli-mənəvi dəyərlərinin tanıdılması kimi tandemlərə də geniş biçimdə yollar açmış olur: “Nəzərə almaq lazımdır ki, keçiriləcək oyunlar zamanı ölkəmizə minlərlə idmançı ilə yanaşı onun təmsil etdiyi ölkənin rəhbəri, tərəfdaşları, habelə jurnalistlərin gələcəyi gözlənilir. Və məhz oyunların keçiriləcəyi günlərdə ölkəmizlə bağlı dünyanın aparıcı telekanallarında rəngarəng verilişlər, o cümlədən xəbərlər sərgilənəcək.

Oyunların keçiriləcəyi dövr ərzində teatr və muzeylərin gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi, silsilə mədəni tədbirlərin, tarixi məkanlarımıza ekskursiyaların təşkili xarici qonaqlarda mədəni irsimiz və qədim tariximiz haqqında bilgiləri daha da zənginləşdirəcək və ölkəmizə olan turist marağını bir qədər də gücləndirəcək. Eyni zamanda, bu möhtəşəm idman tədbiri Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında önəmli platformaya çevriləcək. Bir sözlə, bu oyunlar ölkənin daha geniş spektrdə tanıdılması, onun həyati əhəmiyyətli problemlərinin qabardılması baxımdan çox mühümdür. Odur ki, müstəqilliyimiz tarixində məhz bu qəbildən olan addımların atılması deyərdim ki, xüsusi önəmə sahibdir".

Ə.Baxşəliyev bu baxımdan ilk Avropa oyunlarının həyata keçirilməsi prosesinə bu və ya digər şəkildə qatqısı olan bütün Azərbaycan vətəndaşlarına dərin təşəkkürünü bildirib: “Bu oyunla bağlı qərarlar hansısa çərçivələrdə verilsə də, ancaq unutmamaq lazımdır ki, bu oyunların başa gəlməsində hər bir Azərbaycan vətəndaşının alın təri, zəhməti, gecə-gündüz çalışması faktoru dayanır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər