“Hazırda Azərbaycanda yüzlərlə alim çalışır, dünyanın ən məşhur elmi jurnallarında məqalələri çap edilir. Bu gün yaradılan elmi ixtiranın həmin andaca tətbiq edilməsi o qədər də düz fikir deyil. Yəni bunun üçün hökmən müəyyən zaman lazımdır. Üstəlik sifarişçi olmalı, zavodlar və istehsal müəssisələrində bu tətbiq edilməlidir. Başqa sözlə, müəyyən zaman lazımdır və bunu tətbiq edən insanlar olmalıdır. Yeri gəlmişkən, biz zamanında poladları ixtira edəndə onun yaradılması ilə tətbiqi arasında azı 10 il müddət oldu”.
Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti, akademik Nizami Süleymanov bildirib. Müsahibəni təqdim edirik.
- Nizami müəllim, siz ixtiraçı alimsiniz. İndi daha çox hansı ixtira üzərində çalışırsınız?
- Biz daim fəaliyyətdəyik. Mən metalşünas və materialşünasam. Metalların, xüsusilə, alət poladlarının sərtləşdirilməsi, onların uzunömürlüyünün artırılması problemi ilə məşğulam. Bu yaxınlarda bizə bəlli olub ki, artıq Ukraynada kəşflərimizdən istifadə edilir. Məsələn, onların bir hesabatı əlimizə keçib. Söhbət metalla bağlı yazıdan gedir. Xarkovda Metal Nəşriyyatında sorğu kitabı nəşr edilib. Bizim EKA-42 poladımız var. Bu məhsul artıq onların standartına düşüb. Özləri qeyd ediblər ki, EKA-42 polad ən çətin emal edilən metallarda, kəsici alətlərdə istifadə olunur. Bizim vaxtilə yaratdığımız poladlar artıq 2007-ci ildən Ukraynanın dövlət standartına daxil olub. Ukraynada metal sənayesi çox güclüdür. Əlbəttə, bu, bizim üçün sevindiricidir.
- Hazırki işiniz nədən ibarətdir?
- Hazırda yeni texnologiya üzərində çalışırıq və çox mühüm nəticələr əldə olunur. Xüsusi tərkibli mühitdə standart kəsici alətlər, qurğu alətləri, başqa bu tipli alətlər emal olunduqdan sonra onların ömrü ən azı 2 dəfə artır. Məsələn, çətin emal edilən metaldan hazırlanan bir kəsici alət 20 deşik aça bilirdisə, hazırda 30-40 deşik aça bilir. Bunun metal emalı sənayesi üçün əslində çox böyük əhəmiyyəti var. İnanın ki, yaxın gələcəkdə respublikamızda da bu tətbiq ediləcək. Bu texnologiya üzərində mənim keçmiş tələbələrim də işləyir və biz birlikdə bu işi aparırıq. Hələlik təcrübələr keçiririk. Həmçinin ekologiya ilə əlaqədar olaraq nanokatalizatorlarla bağlı təcrübəni Texniki Universitetlə birlikdə aparırıq. Buradakı təcrübəmizdə avtomobillərdə nanokatalizator vasitəsilə atmosferə atılan çirkli havanın miqdarı azalır. Onun bir vasitəsi avtomobilə bağlanır, digər ötürmə vasitəsi isə avtomobillərin dövlət nömrə nişanına ötürülür. Bu haqda mətbuatda məlumatlar gedib. Ancaq onun daha da təkmilləşdirilməsi, gücləndirilməsi ilə əlaqədar hazırda tədqiqatlarımızı davam etdiririk. Hazırda əlimizdə bu işlər var və onları başa çatdırmaq üçün aktiv fəaliyyət aparırıq. Hesab edirik ki, bu işləri başa çatdırmaqla elmə böyük töhfələr vermiş olacağıq. Həm də bütün bu yeniliklərdən respublikamızda istifadə ediləcək.
- Bir zamanlar siz Bulaq-1, Bulaq-2 ixtira etmişdiniz. O zaman əhalinin çoxu bu qurğulardan istifadə edirdi. Ancaq indi ölkəmizdə çoxlu sayda su təmizləyici nasoslar satılır. Bu nasoslardamı sizin ixtiralarınızdır?
- Siz dediyiniz bu ixtira 20-25 il əvvəl olmuşdu və hələ də bir çox insanların yadındadır. Hazırda mən özüm də evdə həmin qurğulardan istifadə edirəm. İndi satılan qurğular bizə aid deyil, tamam fərqli sistem işlənib. Düzdür, sistemlər fərqli olsa da, məqsəd eynidir. Amma indi də insanlardan eşidirəm ki, bizim “Bulaq”lardan istifadə edirlər. Amma dizayn, həcm, sistemlərə qoşulmaq nöqteyi-nəzərdən müasir Avropa standartlarına uyğun qurğuları ölkəmizə gətirib satırlar. Bu da normaldır. Ancaq bizim müasir tipli zavodumuz və istehsal sahəmiz olmadığından həmin dövrdən sonra bu qurğuların istehsalı ilə məşğul olmadıq.
- Siz alimsiniz, müxtəlif ixtiralarınız olur. Bəs bu ixtiralar hansısa gəlir gətirirmi, şəxsi büdcəniz bundan xeyir görürmü?
- Hazırda Azərbaycanda yüzlərlə alim çalışır, dünyanın ən məşhur elmi jurnallarında məqalələri çap edilir. Bu gün yaradılan elmi ixtiranın həmin andaca tətbiq edilməsi o qədər də düz fikir deyil. Yəni bunun üçün hökmən müəyyən zaman lazımdır. Üstəlik sifarişçi olmalı, zavodlar və istehsal müəssisələrində bu tətbiq edilməlidir. Başqa sözlə, müəyyən zaman lazımdır və bunu tətbiq edən insanlar olmalıdır. Yeri gəlmişkən, biz zamanında poladları ixtira edəndə onun yaradılması ilə tətbiqi arasında azı 10 il müddət oldu. Bir dəfə Ukraynada akademik Patonun qəbul otağında əyləşmişdik. Bizimlə yanaşı Ukraynanın yaşlı bir alimi də əyləşmişdi. Deyirdi ki, 20 ildir bir iş var, amma onu tətbiq edə bilmir. Axırda nazirə deyib ki, hələ sən də həyatdasan, mən də, gəlin, bu işi tətbiq edib başa çatdıraq. Nəzərə alın ki, alimlərin borcu ixtiralar üzərində işləmək və yaratmaqdır. Mümkündür ki, həmin ixtira onun sağlığında deyil, ölümündən sonra tətbiq edilsin. Bu velosiped deyil ki, düzəldəsən və deyəsən ki, apar bunu sür, istifadə elə. Burada söhbət fundamental elmdən gedir. Elmin nəzəri əsasları, praktiki nəticələri ilə uzlaşan və sənayeyə gedə bilən işlərin sonluğu illər çəkə bilər. Yəni tətbiq məsələsi tez də ola bilər, gec də. Biz zamanında poladla bağlı bir kəşfi SSRİ məkanında Vladivostokdan tutmuş Daşkəndə qədər zavod qalmadı ki, orada tətbiq etməyək. Bunun nəticəsində həmin dövrdə büdcəyə milyonlarla pul daxil oldu. Bu da insanların maaşının artırılmasına səbəb oldu. Həmin vaxt Nazirlər Kabinetinin müvafiq qərarı var idi və bu pullar büdcəyə keçirilirdi. Alim olaraq da biz konkret əmək haqqı, 13-cü maaş, mükafatlar alırdıq. Həmin dövrdə biz büdcəyə çoxlu pullar keçirə bildik. SSRİ-də bu sahədə praktiki olaraq monopolist idik. SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətində ilk dəfə azərbaycanlı olaraq məruzə etmişdim və sonra qərar çıxarıldı. Həmin qərarda 22 maşınqayırma zavoduna tapşırılırdı ki, bu işlər tətbiq edilsin. Həmçinin dövlət elm və texnika komitəsi tərəfindən dövlət proqramı tətbiq olunmuşdu. Bu proqramların surətləri hazırda məndə var və tarixə də düşüb. Yuxarıda qeyd etdiyim kimi, indi Ukrayna götürüb bu işi tətbiq edir. Bizim də əlimiz Rusiyaya çatmır. Bilmirik ki, Rusiyada bizimlə bağlı nələr tətbiq edilir. Bu ölkədə minlərlə zavod fəaliyyət göstərir.
- Nizami müəllim, tanınmış ziyalısınız, bir zamanlar siyasətə qatılmışdınız. Amma sonradan kənarlaşdınız. Səbəb nədir?
- Bəli, bir zamanlar siyasətlə məşğul olduq. Ancaq indi bu məsələ bitib. Artıq yaş əvvəlki yaş deyil. Siyasətlə çoxdan qurtarmışıq.
- Qarşıdan parlament seçkiləri gəlir, siz də ictimai çəkisi olan şəxssiniz. Seçkilərdə namizəd qismində iştirakınız mümkündürmü?
- Gəlin, bu məsələni saxlayaq. Bu barədə seçkiqabağı lazım gələrsə, müsahibə verərik. İndidən bu haqda danışmaq doğru deyil.
- Bir neçə gündən sonra Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bu Oyunlar haqqında nə düşünürsünüz?
- I Avropa Oyunları Azərbaycanın dünyada geniş formada tanınmasına səbəb olacaq. İndiyədək Azərbaycan öz tarixi və mədəniyyəti ilə dünyada tanınıb. İlk Avropa Oyunlarından sonra Azərbaycan dünyada idmanı ilə də geniş tanınacaq. Artıq dünya dəyişib. Mən ötən il Avstriyada səfərdə olanda bir daha şahidi oldum ki, Bakıda təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanı dünyada tanıdır. Orada mənə dedilər ki, biz Azərbaycanı “Eurovision” yarışmasından sonra daha çox tanımağa başlamışıq. İndi də beynəlxalq idman tədbiri ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Əminəm ki, Avropa Oyunlarını seyr edəcək milyonlarla insan Azərbaycanı tanıyacaq. Azərbaycan idman ölkəsi kimi dünyada özünü nümayiş etdirəcək. Bilirsiniz ki, Azərbaycan son 15 ildə idman sahəsində böyük uğurlar əldə edib. Avropa Oyunları dünya tarixində ilk dəfə təşkil olunur. Bu ilk tədbirin məhz Azərbaycana salınması, əlbəttə ki, bizim üçün qürurvericidir. İnanıram ki, Avropa Oyunlarından sonra dünyada olan Azərbaycan diasporunun mövqeyi daha da güclənəcək. Eyni zamanda Azərbaycana gələn idmançılar, turistlər ölkəmizlə maraqlanacaq, onun tarixinə maraq göstərəcəklər. I Avropa Oyunları Azərbaycanın hərtərəfli tanınmasına səbəb olacaq, imicinə müsbət təsir göstərəcək. Azərbaycanın dünyada daha çox tanınması çox vacibdir. Bu mənada Bakıda belə bir möhtəşəm idman tədbirinin təşkilinə ancaq sevinmək olar.
Nemət