"Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib və inanıram ki, bu mötəbər tədbir uğurla başa çatdırılacaq. Hazırda mən yarışla bağlı gedən prosesləri yaxından izləyirəm və bacardığım qədər aparılan işlərə öz töhfəmi vermək istəyirəm".
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Rafiq Məmmədhəsənov bu ay Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan I Avropa Oyunlarına qısa zamanda sürətlə hazırlaşa bilib: "Bu yarış Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilir. Bu işlərə rəhbərliyi də cənab prezident və onun xanımı Mehriban Əliyeva edir. Qısa zamanda bu qədər iş görmək böyük zəhmət, fədəkarlıq tələb edir. Təki ölkədə hamı prezident və onun xanımı qədər işinə can yandıraydı. Bizim I Avropa Oyunlarına hazırlığımız dünya ölkələrinin də təəccübünə səbəb olur. Sual verirlər ki, qısa müddət ərzində bu qədər işi necə görə bildiniz. Həqiqətən də, bu, bir möcüzədir".
Deputatın sözlərinə görə, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası bir çox mətləblərdən xəbər verir: "Bu kampaniyanın arxasında erməni barmağı var. Erməni lobbisi bu işlərin aparılması üçün böyük pullar ayırıb. Təəssüf ki, sapı özümüzdən olan baltalar erməni dəyirmanına su tökürlər. Amma bu cəhdlər uğursuz olacaq. Çünki Azərbaycan sürətlə inkişaf edir və arxadan atılan daşlar ona çatmır. Əgər bizim dalımızca danışırlarsa, deməli bizdən arxadadırlar".
R.Məmmədhəsənov I Avropa Oyunlarını yaxından izləyəcəyini bildirdi: "Bir neçə bilet almışam, ailə üzvlərimlə birlikdə açılış mərasimini izləyəcəm. Yarışlardan isə üzgüçülüyə tamaşa edəcəm".
Ayxan