“Arqumentı i faktı v Belarusi” jurnalının 5 iyun nömrəsində “Odlar Yurduna. Avropa Oyunlarına start verilməsinə bir neçə gün qalıb” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə təqdim edir.
İyunun 12-də Avropa Oyunlarının – 2015-ci ildə Avropanın əsas idman hadisəsinin təntənəli açılış mərasimi olacaq. Oyunlarda Belarusun 152 idmançısı iştirak edəcək. “AiF” Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadənin köməyi ilə yarışların loqotipini nəzərdən keçirir və Belarus ilə Azərbaycanın mədəni rəmzləri arasında oxşar cəhətləri müəyyənləşdirir.
Adəm Yunisovun müəllifi olduğu Avropa Oyunlarının embleminin təqdimatı 2013-cü ildə olub. Loqotipə beş element daxildir: od, su, milli ornament elementi, ölkənin milli meyvəsi – nar, habelə Feniks quşu və ya Azərbaycan təfsirində - Simurq.
Od
-Azərbaycanı çox vaxt “Odlar Yurdu” adlandırırlar. Bu, qədim zərdüştlük dininin ölkəmizdə qoyduğu dərin izlə bağlıdır. Belə bir fikir də yayılıb ki, bu ad ölkəmizdə neft və qazın çox olması ilə bağlıdır. Yeri gəlmişkən deyək ki, ikinci Dünya Müharibəsində 100 sovet tankı və təyyarəsindən 97-si Azərbaycan nefti ilə işləyirdi.
Su
-Belarusu çaylar və göllər ölkəsi adlandırırlar. Bunu Azərbaycan haqqında da demək olar. Lakin loqotipdəki simvol hər şeydən əvvəl Xəzər dənizi ilə bağlıdır. Azərbaycanda gözəl turizm mərkəzləri yaradılıb. Bizdə çoxlu çimərliklər və istirahət zonaları vardır.
Ornament
-Azərbaycanın milli ornamentində ən çox yayılmış element – yuxarı ucu ensiz və əyilmiş olan badamvari naxışlı “buta”dır. Xalça və parça rəsmlərində dekor elementi kimi “buta”ya tez-tez rast gəlmək olar.
Mən uzun müddət Belarus yazıçılarının və şairlərinin, xüsusən Yanka Kupalanın və Maksim Boqdanoviçin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuşam. Belə bir cəhətə diqqət yetirmişəm ki, Belarus mədəniyyətində öz növbəsində peyğəmbərçiçəyi şəklində milli naxış yayılıb. M.Boqdanoviç “Slutsk toxucuları” adlı şeirində Slutsk kəmərlərində salınan “gözəl peyğəmbərçiçəyindən” bəhs edir.
Nar
Nar bir çox ölkələrdə bitir. Amma Azərbaycandakı şirin və faydalı nardan heç yerdə yoxdur. Demək olar ki, bu, ölkəmizlə assosiasiya edilən milli meyvədir: Belarus deyəndə istər-istəməz kartof yada düşən kimi.
Azərbaycanda tünd qırmızı rəngli iri dənələri olan “gülöyşə” nar sortu becərilir.
Feniks
-Feniks (Simurq) türkdilli xalqların mifologiyasında fantastik varlıqdır. Bu, Azərbaycan təbiətinin rəmzi olan zəngin mədəni irsimizin mühüm elementidir. Avropa oyunlarının talismanına çevrilmiş digər bir rəmz – Ceyran obrazı da onun kimidir. Ceyran təbii gözəlliyin, zərifliyin və təmizliyin simvoludur.