Azərbaycan qılıncoynadanları Bakıda keçiriləcək I Avropa Oyunlarına tam hazırdırlar.
Bu barədə Trend-ə Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları ərəfəsində komanda bir neçə təlim-məşq toplanışı keçirib və yarışlara hazırdır: “Komandanın bir hissəsi – Kənan Əliyev, Azər Tağıyev, Səbinə Mikina, Sevil və Sevinc Bünyadovalar, Fatimə İbrahimova - hazırda İsveçrədə Avropa çempionatında iştirak edirlər.
Y.Məmmədov bildirib ki, I Avropa Oyunlarına güclü idmançıların gəlməsinə baxmayaraq, komandanın yaxşı çıxış edəcəyini gözləyir: “Əsas ümidimiz qızlardır. Çox güclü idmançılar gələcək, lakin öz meydanımızda medalları götürməliyik. Əminəm ki, qızlar ümidlərimizi doğruldacaq”.
O, həmçinin qeyd edib ki, azarkeşlərin dəstəyi də çox vacibdir: “Mayın əvvəlində Kristal Zalda qılıncoynatma üzrə hazırlıq yarışları keçirildi. Bakıya Gürcüstan və Türkiyədən idmançılar gəlmişdi. Türkiyənin güclü komandası var idi. Buna baxmayaraq, azarkeşlərimizin dəstəyi ilə qalib gəldik. Bütün azarkeşləri I Avropa Oyunlarında bizə dəstək olmağa çağırıram”.