İyunun 14-də Bilgəh çimərliyində birinci Avropa Oyunlarında kişilər arasında triatlon yarışına start verilib.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, kişilər arasında triatlon yarışında birinci Avropa Oyunlarının medallarını qazanmaq uğrunda 58 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil edirlər.
Azərbaycan triatlon komandasının baş məşqçisi Sergey Yatçenko ilk Avropa Oyunlarında Azərbaycanın medal qazanacağına əmindir. Onun rəhbərlik etdiyi komandada Aleksandr Yatçenko və Rostislav Pevtsov kimi güclü idmançılar yer alıb.
Reytinq cədvəlində 9-cu sırada qərarlaşan Azərbaycan idmançısı Rostislav Pevtsovdan yüksək nəticə gözləmək olar. O, ötən il Macarıstanda keçirilmiş dünya kuboku yarışlarında ikinci olub. Ötən il Hollandiyada keçirilmiş Avropa çempionatındakı estafet yarışında isə Azərbaycanın birincilik qazanmasına kömək edib. Bundan başqa, Rostislav Pevtsov velosiped və üzgüçülükdə çox güclüdür və buna görə onun da qalib gəlməsi gözləniləndir.
Yarışda digər komandalardan portuqaliyalı idmançı Joao Silva və Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskin qızıl medala əsas namizəd hesab olunur.
Artıq yarışın birinci mərhələsi başlayıb. İdmançılar hər birinin uzunluğu 750 metr olmaqla iki dövrə vuracaqlar.
Triatlon yarışının qaydalarına görə, atletlər əvvəlcə 1500 metr məsafəyə üzməli, sonra 40 kilometr velosiped sürməli və daha sonra 10 kilometr qaçaraq yarışı başa vurmalıdırlar.
Kişilər arasında qalib idmançı “Rio-2016” Yay Olimpiya Oyunlarında birbaşa iştirak hüququ qazanacaq.