Niderlandın NOS telekanalı “Bakı-2015” birinci Avropa Oyunlarına geniş diqqət ayırıb.
Telekanalda yayımlanan reportajda bildirilib ki, Bakı şəhərində birinci Avropa Oyunlarının açılış mərasimi keçirilib. Olimpiya Oyunlarının standartlarına uyğun açılış mərasimi Bakı Olimpiya Stadionunda 2 saat davam edib. Mərasimdə tamaşaçılara musiqi, rəqs və milli tarix atributları ilə dolu gözəl şou nümayiş etdirilib, həmçinin idmançıların keçidi olub, Oyunların məşəli stadiona gətirilib.
Qeyd edilib ki, heyrətamiz stadionda 70 minə yaxın tamaşaçı var idi. Möhtəşəm şounu Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər mötəbər qonaqlar izləyiblər.
Mərasimdə dünya şöhrətli müğənni Ledi Qaqa Con Lennonun “Imagine” mahnısını ifa edib. Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində çıxış edərək mədəniyyətlər arasında dialoq, dostluq və tolerantlıq barədə danışıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışından sonra isə Prezident İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.