Ülvi Quliyev: “Bizim karate cameəsi cənab Prezidentin etimadını doğrultdu”
“Biz bir çox dünya, Avropa və Olimpiya yarışlarında iştirak etmişik, eləcə də, bu oyunlarda təşkilati işləri müşahidə etmişik. Həqiqətən də, I Avropa Oyunları Yay Olimpiya Oyunlarından geri qalmır. Əksinə, bir çox parametrlərinə görə daha yüksək səviyyədə hazırlanıb. I Avropa Oyunlarının açılış mərasimi fantastik bir şəkildə keçirildi. Bunu yalnız biz demirik. Burada çoxlu xarici qonaqlar, idmançı dostlarımız, federasiya rəhbərləri, idman təşkilatları var. Kimdən soruşursan, yüksək fikirlər söyləyir. Çoxlarına elə gələ bilər ki, bu yarışlar ölkəmizdə keçirildiyi üçün biz təşkilati işləri, Oyunların fantastik açılış mərasimini şişirdirik, Vətənimizin imkanlarını qabardırıq. Ancaq belə deyil. Həqiqətən də, yarışlar yüksək səviyyədə hazırlanıb. İdman qurğuları, böyük arenalar tikilib. İnfrastruktur modern səviyyədə, müasir standartlara cavab verən şəkildədir. Əlbəttə, bütün bunlar ürəkaçandır və buna sevinirik”.
Bunu millət vəkili, Azərbaycan Karate Federasiyası Assosiasiyalarının rəhbəri Ülvi Quliyev deyib.
Millət vəkili bildirib ki, işlərinin çox olmasına baxmayaraq uzun müddətdir ki, Azərbaycan milli karate komandası ilə bir yerdədir: “Düzdür, işlərim çox olur. Ancaq bütün bu müddətdə hər gün milli komanda ilə birlikdə məşq etmişəm. Bu Oyunlara xüsusi hazırlaşmışıq. Hazırlıq prosesindən tutmuş yarışlara qədər bir yerdə olmuşuq. Təvazökarlıqdan uzaq olsa da, bildirim ki, bütün bu işlərdə bizim də xidmətimiz var. İstər mənim, istər Füzuli müəllimin, istər Əhməd müəllimin, istərsə də, Yaşar müəllimin döyüşdüyü karate növü indi bizim yarışlarda iştirak etdiyimiz karate növüdür. Bizim hamımızın gücü bu yarışlarda uğur əldə etməyə yönəlmişdi. Məşqçilərdən tutmuş idmançılarımıza qədər hamısı bizim tələbələrimizdir. Ona görə də, mən bu işlərdən kənarda deyiləm, əksinə prosesin içindəyəm”.
Azərbaycan Karate Federasiyası Assosiasiyalarının rəhbəri deyib ki, I Avropa Oyunlarında karate üzrə Azərbaycan milli komandasının iştirakından razı qalıb: “Biz medal gözləyirdik. Ukraynadan gətirdiyimiz legioner qız neçə müddətdir ki, milli komandada məşq edir. Onun medal qazanmasında millidə məşq etməsinin töhfəsi olub. Son altı ayda milli komandada bizimlə birlikdə məşq edib, yetişib, texnikasını təkmilləşdirib. Digər tərəfdən, biz Firdovsidən medal gözləyirdik. Hər bir idmançının şansı var idi. Biz iki qızıl, iki gümüş və bir bürünc medal gözləyirdik. Amma bu yarışlarda milli komandamız düşündüyümüzdən də, yüksək səviyyədə iştirak etdi. Nəticədə 4 qızıl götürdük. Sağ olsunlar, idmançılarımız etimadı doğrultdular. Ümumiyyətlə, bizim karate cameəsi cənab Prezidentin etimadını doğrultdu. Həqiqətən, hər birimiz çalışdıq ki, əlimizdən gələni edək və bu yarışlarda uğur qazanaq”.
Nemət