Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları başa çatıb. Bu mərhələdə ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 31 idmançı arasında 24-cü olan atıcımız final mərhələsinə yüksələ bilməyərək, mübarizəni dayandırıb. Kişilər arasında 50 metrdən tapança ilə atış üzrə yarışların finalçıları müəyyənləşib. Finala 8 idmançı çıxıb. Onlar Serbiya, Ukrayna, Türkiyə, Almaniya, Slovakiya və İslandiyanı təmsil edirlər.
25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi başa çatıb. 2-ci - sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova da qüvvəsini sınayıb. 576 xal yığan idmançımız 15-ci yeri tutub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə yüksələ bilməyib. Belə ki, yalnız ilk 8 yeri tutan snayperlər mərhələ adlayıb.
10:28
Bakı 2015 I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışlar keçirilir.
Teleqraf.com xəbər verir ki, yarışlar çərçivəsində kişilər arasında 50 metrdən tapança ilə atəş, qadınlar arasında 25 metrdən tapança ilə atəş və qadınlar arasında dairəvi stend üzrə 3 dəst medal oynanılacaq.
Dairəvi stend atıcıları bu gün mübarizəyə start verəcək. Azərbaycan snayperləri də qitənin ən yaxşıları arasına düşməyə çalışacaq.
Saat 09:00-da kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları start götürüb. Bu mərhələdə ölkəmizi Rəsul Məmmədov təmsil edir.
Eyni vaxtda başlayan kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçəcək. Yarımfinala vəsiqə uğrunda Emin Cəfərovla Paşa Əhədpur Xanxan mübarizə aparır.
Qadınların stend yarışı da başlayıb. Bu yarışda Azərbaycan atıcısı Nurlana Cəfərova qüvvəsini sınayır.
25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsinin 2-ci – sürətli atəş hissəsindəki mübarizəsi saat 10:00-da start götürəcək. Sərrast hissədə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinala vəsiqə üçün mübarizə aparacaq.
Qeyd edək ki, qadınlar dairəvi stend və 25 metrdən tapança ilə atəş açmaqda, kişilər isə 50 metrdən tapança ilə atəş açmaqda mükafatçıları da bugünkü finallarda müəyyənləşdirəcək.