24 İyun 2015 13:05
5 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gecənin içində məşhur olmaq bu olsa gərək... Söhbət "Bakı-2015" Birinci Avropa Oyunlarının açılış mərasimində Məcnun rolunu canlandıran, Olimpiya Stadionunda böyük məşəli alovlandıran Aydəmir Aydəmirovdan gedir. Möhtəşəm səhnə tərtibatı ilə yaddaqalan Avropa Oyunlarının açılış mərasimində yaşananlar barədə "Gündəlik Teleqraf"a müsahibə verən Aydəmir Aydəmirovu bu yazıda yaxından tanıyacaqsınız. Odur ki, başlayaq...

- 1987-ci il dekabrın 12-də Bakı şəhərində doğulmuşam. 6 yaşımdan rəqs sənətinə meylim olub. 2000-ci ildə Bakı Xoreqrafiya məktəbinə daxil olmuşam. 2005-ci ildə oranı bitirəndən sonra Afaq xanım Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblına qəbul olunmuşam. Artıq 10 ildir ki, bu kollektivdə çalışıram.

- Məcnun roluna neçə seçildiniz?
- Bu ilin mart ayında bir qrup komanda məşq zalımıza gəldi və fotolarımızı çəkmək istədiklərini dedilər. Çəkdilər və getdilər. Bir müddət keçəndən sonra 70 nəfərin içərisindən 8 nəfərə zəng edib, onlarla tanış olmaq istədiklərini bildirdilər. 8 nəfərin içərisində mən də var idim. Orada bizə tapşırıqlar verildi, onları etdik. Mən Seçimlərə ikinci turda getdim və ən sonuncu insan idim. Heç vaxt təsəvvürümə gətirə bilməzdim ki, məni seçərlər. Çünki orada hamımız eyniydik və heç kim bilməzdi ki, kim seçiləcək. Onlar demişdilər ki, bizə nə gözəllik, nə boy-buxun lazımdır, sadəcə, hər bir şeyi hiss etmək şərtdir. Ona görə biz bilmirdik hansı nüansa daha çox fikir verək. Orada daş atdıq, musiqi dinləmə prosesi oldu, bir neçə fotolar çəkildi və s. Bundan sonra yenidən Dövlət Ansamblına qayıtdıq. On gün sonra bir nəfər zəng etdi ki, sizi təbrik edirik, seçilmisiniz. Həmin an mənim sevincimin həddi-hüdudu yox idi. Çünki belə bir layihədə Məcnun rolunu oynamaq böyük uğur idi və yaxşı anlayırdım ki, qarşıda məni ağır, məsuliyyətli iş rejimi gözləyir. Sevinc, həyəcan, məsuliyyət bir sözlə, bütün hisslər bir-birinə qarışmışdı. Və bunların çox yaxşı fərqindəydim.

- Sizə o zaman dedilər ki, Məcnun obrazında çıxış edəcəksiniz?
- Məcnun olduğunu deyil, amma çətin bir rol olduğunu öncədən demişdilər. Məni seçmişdilərsə, deməli, əlimdən gələni artıqlaması ilə etməliydim.

- Bəs məşqləriniz necə keçdi?
- Məşqlərimiz səhər və axşam olurdu. Səhər 4 saat məşq edirdik, axşam məşqlərimiz isə saat 7-dən sonra başlayıb gecə saatlarına qədər davam edirdi. Çünki alovla işləmək üçün hava qaralmalı idi. Məşqdən əvvəl meydanda böyük çadırlar hazırlanmışdı, orda yerişimizə, baxışımıza görə məşqlər olurdu. Hər bir hərəkətimizi saatlarla məşq edirdik. Mən kiməsə deyəndə ki, məşqdə 3 saat ancaq gəzmişəm, onları gülmək tuturdu.

- Yəqin ən çətini yanar daşı əlinizdə saxlamaq və onu mərkəzə atmağınız olub.
- Bəli, təsəvvür edin ki, bir ay alovla məşq etmişəm, daşı mərkəzə atmaq üçün səy göstərmişəm. Bir balaca səhlənkarlıq etsəydim, hətta özümü də yandıra bilərdim.

- Axı deyəsən, əlinizi yandırmısınız.
- Doğrudur, bu, məşqlərin əvvəllərində olmuşdu. Yanar daşları əlimdə saxlamağı öyrənənə qədər daşlar əlimi yandırıb.

- Açılışda həm stadionda, həm də efir qarşısında olan tamaşaçılar sizin yerinizə həyəcan keçirirdilər. Siz o anları nə hiss edirdiniz, həyəcanınız sözlə ifadə oluna bilirmi?
- Tədbir bitəndən sonra özüm-özlüyümdə düşündüm ki, mən o dağın üstünə çıxandan məşəli yandırana qədər nəfəs almamışam. Mənə minlərlə adam baxırdı, Allahıma şükür edirəm ki, hər bir şey gözəl və rahat şəkildə baş verdi. Tək qorxduğum mexaniki problemlər idi. Üzərimdə o dərəcədə işləmişdim ki, gözüyumulu da olsa, daşı yerdən götürüb məşəli yandıra bilərdim.

- Leyli obrazını canlandıran Nərgizlə tərəf müqabili olmaqda çətinlik çəkmədinizmi?
- Nərgiz iki ildir ki, Dövlət Rəqs Ansamblında çalışır, o baxımdan mən ondan bir az böyüyəm. Çətin insan deyiləm, hər insanla yola getməyi bacarıram. İşimə çox ciddi yanaşan biriyəm. Məni Məcnun obrazında görənlər deyirdilər ki, həyatda başqa, o rolda başqa biriydim.

- Daha öncə hansısa obrazı, baş qəhrəmanı yaratmısınızmı?
- Bəli, Məcnun ilk rolum deyildi. Bundan öncə də yaratdığım baş rollar olub. Məhz rol baxımından mənim bəxtim həmişə gətirib.

- Yatdınız, durdunuz, hamı Sizi tanıdı...Məşhur olmaq necə bir hissdir?
- İnanın, bu qədər məşhur olacağımı, Azərbaycan xalqının məni belə qiymətləndirməsini təsəvvür edə bilməzdim. Mənə öncədən bunu desəydilər, təklifi qəbul etməzdim (gülür).

- Bunun nəyi pisdir ki?
- Sevinirəm ki, zəhmətimi qiymətləndirirlər. Hətta deyərdim ki, xalqdan həddindən çox diqqət, qayğı görürəm. Hərdən özüm-özümə deyirəm ki, mən görəsən neyləmişəm. Amma elə adamlar da var ki, deyirlər eşitmişik sənə filan qədər pul veriblər. Zarafata deyirəm ki, ola bilər onu gizli veriblər, mən də görməmişəm. Mən ora bunun üçün getməmişdim. Seçiləndən sonra işimə məsuliyyətlə yanaşdım. Dünya bir yana, mən Azərbaycan xalqının qarşısında çıxış edəcəkdim. Onun qarşısında çıxış üçün tam və gözəl formada hazırlanmalı idim. Və mən də buna çalışırdım. Buna görə özümü tamamilə rolun içində hiss edirdim. Bilirsiniz, mən hər zaman sakit həyatı sevmişəm və elə də yaşamışam. İndisə bütün Azərbaycan mənə öz fikirlərini, düşündüklərini deyir. Hərə bir formada müraciət edir. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, hamısına diqqət yetirməyə çalışıram. Qardaşımız, tanınmış müğənni Abbas Bağırov keçən dəfə məndən halımı xəbər alır. Deyirəm sosial şəbəkələrdə yazılanları cavablandırıram. Təəccüblə soruşur ki, hamısına cavab verirsən? Deyirəm, hə. Deyir onların hamısına cavab versən, səndə can qalmaz. Bütün günü telefon əlimdə olur.

- Bildiyim qədər ailəlisiniz. Yoldaşınız da stadionda idi?
- Bəli, ailəliyəm. Açılış günü o da stadionda idi.

- Ailəniz, yaxud dostlarınız açılışda Sizin hansı obrazda olacağınızı bilirdilərmi?
- Heç kimə bu barədə bir söz deməmişdim. Hətta qohumlarıma, qardaşıma belə...

- Məşəlini yandırdığınız Avropa Oyunlarında yarışları izləyə bilirsinizmi?
- Hazırlıq prosesində, stadionda çox dostlar qazandım. Tərcüməçilərlə, gözəl insanlarla tanış oldum. Onların bəziləri ilə indiyə kimi danışıram. Çünki onlar mənim hər bir anımda yanımda idilər. Məşqlərə gələndə məni qapının ağzından götürüb evə yola salana qədər yanımda idilər. Hər nazımla oynayırdılar. Onların hamısına böyük təşəkkürümü bildirirəm, yarışlara həm də onları görmək üçün də gedirəm. Ondan başqa mən yarışları izləməyə bilməzdim. Çünki mənə maraqlı idi ki, mənim açılışımdan sonra Azərbaycan xalqı idmançılarımıza necə dəstək olacaq, idmançılarımız necə çıxış edəcək. Oradakı uşaqları tanıyıram, onlarla fəxr etdiyimi həm yazıram, həm də deyirəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər