Vəzifə müddətini yekunlaşdırmaq üzrə olan BMT rəhbəri özündən sonra təşkilatın başında qadın görmək istədiyini bildirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, BMT-nin 70 ildən artıq tarixi ərzində quruma 8 kişinin başçılıq etməsi ardınca qadın rəhbərin vaxtı gəlib çatıb, Pan Ki Mun bildirib.
Vəzifəyə iddia edən 11 namizəddən 5-i qadındır. Təhlükəsizlik Şurasına daxil olan 15 ölkə tərəfindən tövsiyə edilən namizəd 193 ölkədən ibarət Baş Məclis tərəfindən təsdiqlənir.
Yeni baş katibin adının payız aylarında elan olunacağı gözlənilir. Ənənəyə görə baş katib sıra ilə müxtəlif regionlardan seçilir.
Vəzifədə heç vaxt təmsil olunmayan Şərqi Avropa və Rusiya nümayəndələri yeni rəhbəri bu bölgədən seçməyə səsləyiblər.
Rəy sorğularında ən çox dəstək qazanan namizəd Portuqaliyanın keçmiş baş naziri, qaçqınların işi üzrə BMT agenliyinin sabiq rəhbəri Antonio Guterresdir. İkinci və üçüncü yerlərdə isə Bolqarıstan nümayəndəsi İrina Bokova və argentinalı Susana Malcorra qərarlaşıb.
Namizədlərin siyahısı
Irina Bokova, Bolqarıstan
Helen Clark, Yeni Zelandiya
Christina Figueres, Kosta Rika
Natalia Gherman, Moldova
Antonio Guterres, Portuqaliya
Vuk Jeremic, Serbiya
Srgjan Kerim, Makedonia
Miroslav Lajcak, Slovakiya
Igor Luksic, Monteneqro
Susana Malcorra, Argentina
Danilo Turk, Slovenia
BMT 1945-ci ildə yaradılıb. Dövlətlərarası təşkilata 193 ölkə daxildir. Azərbaycan Respublikası quruma 1992-ci ildə üzv olub.